“Fazil Mustafa” kababı

Mənim üçün Azərbaycanın ən məsum, ən gözəl mənzərəsi təmas xəttindən o yanda görünən guşələrdir. Yamyaşıl meşə, çəmənlik, dağlar, olduğu kimi qalıb, diqqətlə qulaq assanız, atəşkəsin pozulmasından danışan diktorun səsi ilə yanaşı bülbül səsi də eşidə bilərsiniz. Burada nə oliqarx-nazirlərin villalarını görmək mümkündür, nə də ermənilərin yaşayış məntəqələrini. Arabir atışmaları çıxsaq, sakitlikdir, vəhşi heyvanlar, quşlar, eləcə də flora aləmi təbitəin qanunları ilə yaşayır, inkişaf edir. Orda heyvanların elə bir nəsli yetişir ki, insan övladınının movcudluğundan belə xəbərsizdir. Əgər təsadüfən onunla qarşılaşsa, yəqin ki, heyi kəsilənədək qaçıb oradan uzalaşmağa çalışacaq. Bəli, əziz oxucu, balaca ölkəmizin on kilometrlərlə əraziləri var ki, ildə ən azı bir neçə dəfə insan ayağı dəyən Afrikanın cəngəllikləri belə oralarla müqayisə edilə bilməz. Afrikadan söz düşmüşkən…

…Azərbaycan sovet şairi Səməd Vurğunun “Zəncinin arzuları” poeması ilə yəqin ki, çoxlarınız tanışsınız. Poemadakı hadisələr ABŞ-da cərəyan edir, mövzusu isə təxminən belədir: – ABŞ vətəndaşı olan Afrika kökənli insan irqi ayrı-seçkiliyə qarşı üsyan edir. Deyir ki, elə restoranlar var ki, bizi ora buraxmırlar. Hotellər var ki, girişində “qaralar üçün giriş qadağandır yazılıb” və s…

Mən burda oxuculara Səməd Vurğunun o vaxt deyə bilmədiyi, yaxud deməyə cəsarət etmədiyi bir məqama aydınlıq gətirmək istəyirəm. Fikir verirsinizsə, zəncinin arzusu, davası heç də yaşamaq, həyatda qalmaq deyil. Onun istəyi yankilərin yeyib-içdiyi restoranlarda oturmaq, onların gecələdiyi hotellərdə qalmaqdır. Bəli, düz fikirləşdiniz, zəncinin pulu var idi, o çalışırdı, ağlar qədər maaş alırdı, lakin bəzi iaşə müəssisələrində, hotellərdə, gecə klublarında onlara qarşı soyuq münasibət bəslənirdi. 

Daha aydın olsun deyə müqayisə aparaq. Təsəvvür edin ki, sadə Azərbaycan vətəndaşı ayda iki min manat maaş alır və onların, nazir və iri məmurların çörək yedikləri restoranlara girişi qadağan edilir. Deyirlər ki, lütfən gedin başqa yerdə yeyin, nə çoxdur Bakıda restoran, yeməkxana. Onlar getmirlər, iki ayaqlarını bir başmağa dirəyib deyirlər ki, yox e, mən Ziya Məmmədovla qonşu stolda oturacam, mənim cibimdəki pul konfet kağızıdır bəyəm?.. ABŞ-da təxminən belə bir mübahisə var idi, 60 il əvvəl…

Artıq bu hallar tarixdə qalıb, hazırda ABŞ-ın prezidenti belə Afrika mənşəli, müsəlman kökənli Barak Hüseyn Obamadır. Artıq zəncinin arzuları deyə bir şey qaldısa, onu Afrikanın cəngəlliklərində axtarmaq lazımdır. Təkcə ordamı?

Milli Məsclisin deputatı Fazil Müstafa növbəti Afrika səfəri ərəfəsində “Adamyeyənlər” adlı bir məqalə yazıb. Əslən müxalifət düşərgəsindən olan(!), hazırda mandatyeyənlərlə bir məclisdə oturan deputata ilk Afrika səfəri ərəfəsində həmkarları yarızarafat, yarıciddi bir ricada bulunublar. Deyiblər ki, gələndə bizə “adamyeyən” zulusdan, tuareqdən-zaddan tut gətir. Afrikadan əliboş dönən Fazil bəy də yazır ki, mən orada adamyeyən görmədim. Və əlavə edir ki, onu axtaramq üçün zəhmət çəkib Afrikaya getmək lazım deyil, əsl “adamyeyən”lər Azərbaycandadır. Əlbəttə, məcazi mənada, çünki hazırda bizim məmurlara bildirçin kababı belə ağır gəlir. Vaxtilə sərgilədikləri görməmişlik mədəni elə bir hala salıb ki, hazırda ağır yeməkləri həzmə getmir. 

Fazil Mustafa ilk dəfə parlamentə gedəndə, təxminən belə fikri hey təkrarlayırdı, “siyasət təkcə ağ-qara rəngdən ibarət deyil, elə ümummilli maraqlar var ki, onların həllində iqtidarla uzlaşma nöqtələri tapmaq mümkündür…”

Tapa bildimi? Əlbəttə, yox. Onun parlamentdə qaldırdığı məsələlərin əhəmiyyətini kiçiltmək fikrində deyiləm. Faydalı məqamlar var idi, o təkliflərdə. Amma nə olsun, onlar elə təklif olaraq, qaldı. Çarəsiz qalan Fazil bəy hədəfləri get-gedə kiçiltməyə başladı. Ton dəyişdi, yavaş-yavaş xahişə keçdi. Irana müalicəyə gedən vətəndaşların gömrükdə incidilməsi haqda etdiyi çıxış doğrudan da təsirli idi. Deputat az qala yalvarırdı, ki, buraxın bu insanları, qoyun gedib başlarına bir çarə qılsınlar, insafınız olsun.

Əslində biz hər gün yazdığımız həqiqətləri yumşaq formada qələmə alan Fazil Mustafa fövqəladə bir şey yazmayıb. O yazını oxudum, orada Azərbaycan xalqını təhqir edə biləcək kəlmə belə yoxdur, əksinə, xalqın potensialından istifadə olunmaması haqda yazıb. Və dərhal(!) hakim partiyanın menyüsünə “daxil olub”. Qismət olsa, 2015-də “yeyəcəklər”. 

Görünür, belə müxalifət də onlara lazım deyil…