«Mənim üçün rüşvət alan, rüşvət hesabına dəbdəbəli həyat keçirəndən alçaq adam yoxdur»
Aslan İsmayılov: «Onlar ya qanun qarşısında cavab verməli, ya da mən intiqamımı bildiyim kimi alacam»
Azərbaycanda əhalinin böyük əksəriyyətinin məhkəmə sistemindən narazı olduğu bir zamanda dövlət başçısı “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncam imzalayıb. Amma ekspertlərin fikrincə, çətin ki, bu addım ədalətli mühakimə, sifarişli hökmlərlə bağlı neqativ məqamların aradan qaldırılmasına kömək etsin. Ali Məhkəmənin sədri Ramiz Rzayev bu yeniliyi məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi kimi qiymətləndirib. Müsahibimiz hüquqşünas Aslan Ismayılovla müsahibəyə mövzu ilə bağlı yaranan suallara cavab almaqla başlasaq da, gündəmdə olan digər aktual məsələlərə də münasibət öyrəndik.
– Elektron xidmətin, əlbəttə, səmərəliliyi var. Amma məsələ ərizənin gec və ya tez götürülməsində, qərarın gec və ya tez verilməsində deyil. Vətəndaşı maraqlandıran onun işinə ədalətli baxılmasıdır. Işin ədalətli baxılmasını isə heç bir elektron vasitələr həyata keçirə bilməz. Onu insanlar reallaşdırır, yəni hakimlər. Əgər Ramiz Rzayev inqilabi dəyişiklikdən danışırsa, o bunu istənilən vaxtı edə bilər. Amma qanunsuzluqların başında duran elə əsas Ramiz Rzayevdir. Ona görə elektron məhkəməni tətbiq etmək, dəbdəbəli məhkəmə salonları tikdirməklə işin mahiyyətini dəyişmək olmaz. Hakimlərin çıxardıqları qərarlar ədalətli olmalıdır. Ali Məhkəmənin möhtəşəm binasında heç bir əndazəyə sığmayan qanunsuz qərarların çıxarılmasının şahidi olmuşam. Tək Zülfüqarlı qardaşlarının işləri ilə bağlı demək olar ki, Azərbaycanda məhkəmə yoxdur. Sadəcə məmurlara qulluq edən bir qurum var. Belə olmasaydı, Ramiz Rzayevin başçılıq etdiyi məhkəmə sistemi o işlərlə bağlı qərar qəbul edərdi. Məhz Ramiz Rzayevin başçılığı ilə “Kooplahiyə AHB”yə məxsus mülkiyyət saxta sənədlər əsasında sahibinin əlindən alındı. Əminəm ki, bu qanunsuzluq yaxın vaxtlarda daha ağır cinayətlərin baş verməsinə səbəb olacaq.
Biabıqçılıq ondadır ki, biz heç də ədalətli qərar yox, sadəcə qərar qəbul olunmasını istəyirik ki, Strasburq məhkəməsinə müraciət edək. Metal sahəsinin sahibləri isə göstəriş verib ki, qərar verilməsin. Sizin qəzet vasitəsilə elə həmin Ramiz Rzayevə dəfələrlə bu barədə müraciət etmişəm. Indi onun hansısa inqilabdan danışması sadəcə ayıbdır.
– Azərbaycanda daha bir Qarabağ əlili – Sumqayıt sakini, 1-ci qrup Qarabağ əlili Məcidov Malik özünü yandırıb. O, özünə Sumqayıt şəhər Icra Hakimiyyətinin qarşısında qəsd edib. Son zamanlar gündəmin əsas mövzusu olan intiharları doğuran səbəblər nədir? Nəyə görə vətəndaşlar bu yolu tutur?
– Intihar insanın özünə qəsdin ən əzablı formasıdır. Bu gün Azərbaycanda baş verən intiharlarla, Avropa və Amerikada baş verən intiharlar müqayisə edilə bilməz. Bəzən hakimiyyət təmsilçiləri Azərbaycanda baş verən intiharları malalamaq üçün Avropa və Amerikada da intiharların olduğunu deyirlər. Amma oradakı intiharlar gənclərin həyatlarında hər şeyə nail olmasının, maddi bolluğun fonunda baş verir. Azərbaycanda olan intiharlar isə cəmiyyətdə baş verən ədalətsizliyə etirazdır. Bunun bariz nümunəsi Qarabağ əlillərinin özlərinə qəsd etməsidir. Qarabağ əlillərinin özünə qəsd etməsinin səbəbi onların yaşamasının mümkünsüz olmasından irəli gəlir. Onlar ağrıkəsici dərman belə ala bilmirlər. SSRI dönəmində də insanların maddi durumu yaxşı olmayıb. Amma bu hamıda olub. Ayrı-seçkilik olmayıb. Bu gün Qarabağ əlili görəndə ki, Vətən uğrunda döyüşüb şikəst olmasına baxmayaraq ailəsinə çörək tapa bilmir, digər tərəfdə isə sosial şəbəkələrdə dəyəri milyonlarla manat olan avtomobil və saatlarını nümayiş etdirən harınlamış məmurun övladları kef edir, o bu ədalətsizliyi qəbul edə bilmir. Intiharlar bu ədalətsizliyə olan etirazdır. Mən intiharın qətiyyən əleyhinəyəm. Birincisi, bu bizim dinimizə ziddir. Bu intiharlar sadəcə olaraq məmurlara qarşı bir etirazdır. Amma bu etirazların cəmiyyətə böyük ziyanı var. Etiraz aktiv formada olmalıdır. Insanlar etirazlarını özlərini yandıraraq deyil, həmin o ədalətsizliyi törədənlərə qarşı mübarizəsi ilə həyata keçirməlidir.
“Ədalətli məhkəmə mühakiməsinə ehtiyac var”
– İntiharları doğuran səbəblərdən biri də insanların müraciət etdikləri dövlət strukturlarında, məhkəmələrdə ədaləti tapmamaları deyilmi? Bu neqativlər aradan qaldırılarsa, cəmiyyəti bürüyən intiharlar dalğasının qarşısını almaq olarmı?
– Tam əminəm ki, Azərbaycanda ədalətli məhkəmə olsaydı, heç zaman biz ədalətsizliklə üzləşməzdik. Ona görə ki, Qərb ölkələrində insana qarşı ədalətsizlik olan zaman o, məhkəməyə müraciət edir. Və həmin o haqsızlığı, ədalətsizliyi edən məmuru cəzalandırır. Amma həmin ədalətli məhkəmə olmayanda, haqsızlıq, ədalətsizlik məmurların əlində bir alətə çevrilir. Qarabağ qazisi Zaur Həsənovla bağlı baş verənlərdə bütün cəmiyyət Səttar Mehbalıyevin üstünə getdi. Hərçənd ki, Səttar Mehbalıyev həmin şəxsə özü bilavasitə pislik etməmişdi. Zaur Həsənova qarşı əsas haqsızılığı S.Mehbalıyevin sifarişi əsasında öz maddi maraqları naminə o məhkəmələr etmişdi. Məhkəmələr sifariş yerinə yetirmiş, həmin o əlilin haqqını yemişdilər. Bu intiharda Səttar Mehbalıyevdən daha çox suçu olan o ədalətsiz qərarları qəbul edən məhkəmələrdir. Bu gün də həmin məhkəmələr var. Bu gün mən xəbərdarlıq edirəm. Eyni addımı Zülfüqarlı qardaşları atacaqlar.
Məhkəmələrdən başqa məmurlar vətəndaşlara qarşı hörmətsizlik edirlər. Məmurlara müraciət edən vətəndaşların problemlərinə baxılmır, onlar dinlənilmir. Mən öz şəxsimdəki məsələmə toxunmaq istəyirəm. Mənim üzümə hakim qoyaraq, saxta rəy yazdılar və vəkillikdən kənarlaşdırdılar. Mən məhkəməyə müraciət etdim və məhkəmədə mənim günahsız olduğum tam sübuta yetirildi. Mənim barəmdə yazılanların hamısının şər-böhtan olduğu, sadəcə olaraq ictimai fəaliyyətimə, hakimiyyəti tənqid etdiyimə görə qisas aldıqları bilindi. Bütün bunlara baxmayaraq məhkəmələr qanunsuz qərar qəbul etdilər. Bundan başqa, Azərbaycanda kifayət qədər tanınan bir hüquqşünası şərəfsiz gədanın biri aldadaraq, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə dəvət etdi. Orada mən təhqir olundum, mənə qarşı zor tətbiq olundu. Mənim müraciət etmədiyim dövlət strukturu yoxdur. Dəfələrlə bu barədə mətbuatda da çıxışım olub. Amma heç bir tədbir görülməyib. Ramil Usubov və Zakir Qaralovdan tələb edirəm ki, onlara yazdığım ərizələrə cavab versinlər. Mənim müraciətlərimə cavab verilmir. Onlar cavab verməkdən də qorxurlar. Digər tərəfdən, onların verəcəkləri cavab da yoxdur. Gözəl bilirlər ki, tapşırıqla, qudurmuş oliqarxların sifarişi ilə mənə qarşı o haqsızlığı etdilər. Mən özüm ədalətsizliyin qurbanıyam. Mən nə məni təhqir etmiş şəxslərdən, nə də müraciət ünvanladığım Zakir Qaralov və Ramil Usubovdan əl çəkən, onları bağışlayan deyiləm. Amma mən intihar etmək fikrində də deyiləm. Onlar ya qanun qarşısında cavab verməli, ya da mən intiqamımı bildiyim kimi alacam.
“Azərbaycanda məmur vətəndaşa ağa nökərə baxan kimi baxır”
– Dövlət başçısı Ilham Əliyev son müşavirədə çıxışı zamanı maraqlı fikirlər söyləyib. O bildirib ki, məmurlar xalqın xidmətçisidir. I.Əliyev çıxışında onu da əlavə edib ki, özü də xalqın xidmətçisidir. Bu xidmətçilik görünürmü?
– Bütün dünyada məmurlar sinifi xalqa qulluq edir. Çünki həmin məmur bizim ödədiyimiz vergi hesabına xidməti maşında gəzir, yüksək maaş alır və digər imtiyazlara sahibdir. Məmur Azərbaycanın sıravi vergi ödəyicisinə xidmət etməlidir. Azərbaycanda isə bu yanaşma tərsinədir. Azərbaycanda məmur vətəndaşa ağa nökərə baxan kimi baxır. Dövlət başçısı bəyan etdi. Çox şad olaram ki, o dediyi kimi olsun. Amma reallıqda hər şey tam əksinədir. Mən vəkil olaraq kifayət qədər təcrübəsi olan şəxs kimi haqqımı müdafiə edə bilmirəmsə, sıradan bir vətəndaş bunu edə bilərmi? Digər tərəfdən, Azərbaycanın əyalətlərində sosial-iqtisadi vəziyyətin yaxşı olduğu barədə çox deyilir. Mən inkar etmirəm ki, Qəbələ, Qusar rayonunda sosial-iqtisadi vəziyyət yaxşıdır. Amma bu nəyin hesabına baş verir? Qalan bütün rayonlar bir neçə rayonun cənnətə döndərilməsi hesabına çökür. Məsələn, Sulutəpə qəsəbəsinin içərilərinə doğru gedən zaman palçıq insanların xirtdəyinə qədər çıxır. Amma mərkəzi yola çıxan zaman mənzərə dəyişir. Milyonlarla pul xərcləyib avtovoğzaldan Sulutəpəyə qədər yol ətrafında bir cənnət düzəldiblər. Qəsəbənin içi, insanlar yaşadığı sahə isə cəhənnəmdir. Üstü bəzək, altı təzək kimə lazımdır? Axı bu da vətəndaşın pulunun hesabına edilib. Beş adımlığında səfalət olan yerdə dəbdəbə kimə lazımdır? Bunlar hamısı bizim pullardır. Kimsə bizə minnət qoymasın ki, görün biz sizə nə gözəl yollar çəkirik. Bu hər bir məmurun vəzifə borcudur. Minnət qoymasınlar, əgər onlar üçün çətindirsə çıxsınlar, başqası gəlib o işi məmnuniyyətlə görəcəkdir. Heydər Əliyev prospektində bir il qabaq binaların fasadının bərpasına milyonları xərcləyib daha sonra onları sökmək hansı məntiqdən irəli gəlir. Bu pulları kim ödəyəcək? Axı bu kiminsə şəxsi vəsaiti deyil. Bu xalqa məxsus vəsaitlər idi. Bu gün Azərbaycan üstü bəzək, altı təzək bir ölkədir. Mənə bu bəzəklər lazım deyil. Hava limanından Prezident Administrasiyasına qədər düzülmüş çıl-çıraqlar, mərmərlər mənə lazım deyil. Bütün bunlar gözə kül üfürmək üçündür. Təki xaricdən gələn qonaqlar Azərbaycanın işıqlı küçələrinin olduğunu görsünlər. Amma həmin yolda çəkilmiş hasarın arxasına baxsınlar və görsünlər ki, orada nə var. Girsinlər Maştağanın, Zabratın, Sabunçunun, Balaxanının və digər Bakı kəndlərinin içinə oradakı rəzaləti görsünlər, axı orada yaşayanlar da insandır, onlar da bir dəfə yaşayırlar. Niyə bir ovuc məmur var dövlətdən, əksər insanlar isə aclıqdan boğulmalıdırlar.
“Korrupsiyaya qarşı mübarizə aparılmır”
– Həmin müşavirədə dövlət başçısının səsləndirdiyi bir maraqlı fikir də bundan ibarət oldu ki, dövlət başçısı korrupsiyaya qarşı mübarizənin aparıldığını bildirdi. I.Əliyev vurğuladı ki, bu mübarizədə heç kimə güzəşt edilməyəcək. Amma nədənsə korrupsiyaya qarşı mübarizə yalnız xırda və orta məmurlardan o yana getmir?
– Azərbaycanda korrupsiyaya qarşı mübarizədən danışılması məndə ikrah hissi doğurur. Çünki bu, doqquz milyonu insan yerinə qoymamaqdır. Çünki hamı gözəl bilir ki, korrupsiyaya qarşı mübarizə yoxdur. Müəllimi, həkimi, sahə rəisini, tikinti şirkətlərində çalışanları tutmaqla korrupsiyaya qarşı mübarizə aparmaq olar? Bütün Azərbaycan bilirdi ki, keçmiş nazir Füzuli Ələkbərovun otağına ayın əvvəlində insanlar bütün rayonlardan pul daşıyırdılar. Əlillərdən yığılmış pulları belə ona aparırdılar. Füzuli Ələkbərovun qardaşı Ismayıllı rayonuna divan tuturdu və nəticədə Ismayıllı caamatı üsyan qaldırdı. Korrupsiya bax burdaydı. Amma bu şəxslərdən heç biri tutulmadı. Əksinə, onların özbaşnalığına etiraz edən şəxslər həbs olunub. Kimlər ədalətsizliyə, qanunsuzluğa qarşı etiraz edib, onlar hamısı müttəhimlər kürsüsündədir. Amma insanları intihar dərəcəsinə çatdıranların biri də o kürsüdə yoxdur. Belə olan halda korrupsiyaya qarşı hansı mübarizədən danışmaq olar. Bu korrupsiyanın başında duranlar icra başçıları, hakimlər, prokurorlar, polis rəisləri, vergidə çalışanlardır. Bunlardan bu günə qədər kim tutulub? Problem məhz bundadır. Mən ölkədə nə baş verdiyini bilirəm. Bu bəyanatı verənlərə də deyirəm ki, ölkədə korrupsiyaya qarşı mübarizə getmir. Bu sadəcə olaraq gözə kül üfürməkdir. Əgər doğrudan da mübarizə varsa, 9 milyonun gözü qarşısında Zülfüqarlı qardaşlarını həbs etdirib 5 zavodlarını əllərindən alan Ramiz Mehdiyevi və Bəylər Əyyubovu cəzalandırın, mən qarşınızda yalan dediyimi etiraf edib üzr istəyim.
– Dövlət strukturlarının görməli olduğu bir çox işləri hazırda “ASAN xidmət” görür. Əslində bu xidmətin təşkili dövlət strukturlarındakı korrupsiya ilə bacarmamağın bir etirafı deyilmi?
– “ASAN xidmət”inə gəlincə, bu qurumun fəaliyyətin təqdir etmək lazımdır. Hazırda “ASAN xidmət”ə müraciət edənlərdən narazı olan yoxdur. Deməli, bu hakimiyyət istəyən zaman bunu edə bilir. Amma nə üçün hakimiyyət bunu etmir? Axı “ASAN xidmət”in fəaliyyətini bu günə qədər yerinə yetirənlər də elə bu hakimiyyətin orqanları olub. Deməli, Azərbaycanda rüşvətxorluq və korrupsiya o qədər kök salıb ki, onun qarşısını ala bilmirlər. Bir də axı rüşvət alıb vəzifəyə təyin etdiyin adamdan necə dürüstlük tələb etmək olar. Bundan başqa, Azərbaycanda yuxarıda olanlar bir-birilə o qədər sıx birləşib, qudalaşıb ki, kiçicik bir məmuru işdən çıxaranda ölkənin yarısı silkələnir. Əgər bu gün “ASAN xidmət” fəaliyyət göstərirsə, o zaman nəyə görə həmin əvvəlki orqanlar ləğv olunmur, niyə onlar bizlərin hesabına maaş alırlar. Bu günə qədər MIS-lər fəaliyyət göstərir. Bilən varmı MIS-lər nə fəaliyyət göstərir? Axı bələdiyyələr var. Bütün bunlar yeyinti, mənimsəmə mənbəyidir. SSRI dönəmində də rüşvət var idi. Amma həmin dövrdə pul mənimsəyənlər onu elə xərcləyirdilər ki, qonşu, tanış bunu bilməsin. Bu gün bizim haqqımızı yeyənlər o qədər qudurublar ki, əlillərin pullarına aldıqları avtomobilləri, bahalı əşyaları bizim gözümüzə soxurlar. Bu isə həyasızlıqdır. Burada cəmiyyətin də böyük məsuliyyəti var. Çünki cəmiyyət bu həyasızlığa dözməməlidir. Digər tərəfdən, bu həm də əxlaq problemidir. Çünki mənəviyyatı, əxlaqı olan adam o cür addım atmaz. Mənim üçün əlillərdən belə rüşvət alan, rüşvət hesabına dəbdəbəli həyat keçirənlərdən alçaq, şərəfsiz adam yoxdur. Oğru rüşvət alandan yaxşı adamdır, çünki o etdiyi hərəkətin qanunsuz olduğunu anlayır və bunu gizlin edir. Rüşvətxor da hərəkətinin qanunsuz olduğunu bilir, ancaq bunu həyasızcasına açıq-aşkar edir.
Xəyal