Terror, yoxsa təsadüf?

İlham İsmayıl: «Bu cür partlayışlar nə təzyiq səviyyəsindədi, nə də xəbərdarlıq»

 

Fevralın 13-də Bakıda və ölkənin regionlarında dörd partlayışın baş verməsi əhali arasında narahatçılığa və müxtəlif fikirlərin yaranmasına səbəb oldu. Hüquq mühafizə orqanları partlayışların səbəblərini açıqladı və ortada demək olar qaranlıq məqam yoxdur. Yalnız paytaxtda səhər saatlarında baş verən partlayışla bağlı bəzi müəmmalar qala bilər. Əhalinin narahatçılığına səbəb olan bu partlayışların təsadüfi olmadığı ilə bağlı iddialar da eşidilirdi. Belə fikirlərin yaranmasına əsas varmı?

Məsələyə münasibət bildirən keçmiş təhlükəsizlik zabiti Ilham Ismayıl terror versiyasını inkar edib.

Ekspert partlayışın səhlənkarlığın nəticəsi olduğunu deyib: “Baş verən partlayışlar eyni gündə olsa da, hesab edirəm ki, terror deyil, ehtiyatsızlığın, səhlənkarlığın nəticəsidir. Diqqəti cəlb edən odur ki, illərlə problem içində yaşayan, idarəetmədən narazı olan, bu cür yaşamaqdan bezən cəmiyyət baş verən hadisələri mövcud vəziyyətin kənar qüvvələr tərəfindən dəyişiriləcəyinin siqnalı kimi qəbul etmək istəyir. Bu dövlət üçün təhlükəli tendensiyadı”.

Ekspertin sözlərinə görə, terror dövlətə, hər hansı mövcud siyasətə təzyiq vasitəsidi. Bu cür partlayışlar isə nə təzyiq səviyyəsindədi, nə də xəbərdarlıq: “Belə partlayışların əvəzinə bir kiçik siyasi obyektin və ya subyektin hədəfə alınması daha güclü təsir və təzyiq vasitəsi hesab oluna bilər. Dünənki hadisələrdə təsadüf ehtimalı çoxdu, axı terror həvəskar işi deyil, burda isə heç bir professional yanaşma yoxdu”.

Fizzə