Tanınmış vəkil hədələnir

Müzəffər Baxışov onu hədələyənlərə cavab verdi

Bir sıra internet sayatları vəkil Müzəffər Baxışovun həmkəndlilərinin qınağına tuş gəldiyi barədə məlumat yayıb. «Veteninfo.az» saytında dərc olunan məlumatda bildirilir ki, Bədalan kənd ağsaqqalları Abdullayev Yavər Eynulla oğlu, Nuriyev Malik Nuru oğlu, İbrahimov Nadir Sələng oğlu,Yusifov Bəylər Höccət oğlu, Əliyev Fərhad Səfərəli oğlu, Cavadov Mürsəl Qulam oğlu, Nuriyev Mərdan Nuru oğlu, Nuriyev Cahil Nuru oğlu, Babayev Sudef Məmmədəli oğlu onlara müraciət edərək M.Baxışovun mətbuatda gedən fikirlərinə etiraz ediblər. Müraciət müəlliflərinin qənaətincə, M.Baxışov açıqlamalarında ölkə reallıqlarını təhrif edir, xüsusilədə Masallıdakı inkişafı danır. Hətta məlumatda o da vurğulanıb ki, M.Baxışov kənd sakinlərinin müraciətinə məhəl qoymasa o, Masallı rayonuna gələndə Bədalan kəndinə buraxılmayacaq.

Məsələ ilə bağlı M.Baxışovun mövqeyini öyrəndik. M.Baxışov qəzetimizə açıqlamasında bildirdi ki, müraciət müəlliflərindən olan Nuriyev Malikin oğlu Nuriyev Seymur Masallı rayon icra hakimiyyətinin başçısının müavinidir. Adları çəkilən şəxslərdən dördünün – Nuriyev Malik, Nuriyev Mərdan, Nuriyev Cahil , Abdullayev Yavərin fevralın 12-də onun işlədiyi yerə gələrək görüşdüklərini deyən M.Baxışov vurğuladı ki, həmsöhbətləri ona Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun adından danışdıqlarını deyiblər: «Onlar bildirdilər ki, Rafil Hüseynovun adından danışırlar və məndən mətbuata açıqlamalar verməməyi istəyirlər. Mən də onlara bildirdim ki, onlar kimdir ki, onların göstərişinə əsasən əqidəmdən, fəaliyytimdən əl götürüm. Dedim ki, mən sırf qanunların şərhi ilə məşğulam və bu fəaliyyətimi də davam etdirəcəm. Bu gün isə eşidirəm ki, həmin şəxslər mənimlə bağlı bəzi saytlara müraciət ünvanlayıblar. Onların müraciətlərində əks olunanlar həqiqətdən uzaqdır. Müraciətdə o da vurğulanır ki, guya, Bədalandan olanlar mənə deyiblər ki, dediklərinə əməl etməsəm, məni kəndə buraxmayacaqlar. Birincisi mənim yanıma gələn şəxslərin cəsarətləri çatmaz ki, məni öz doğma kəndimə gəlməyə maneçilik törətsinlər. İkincisi onların mənə elə sözü deməyə də cəsarətləri yetməz. O kənddə məni də, onları da yaxşı tanıyırlar».

M.Baxışov onu da bildirdi ki, müraciət müəllifləri fevralın 12-də ondan rədd cavabı aldıqdan sonra mətbuata üz tutublar. M.Baxışov son olaraq vurğuladı ki, baş verən hadisə ilə bağlı mətbuat vasitəsilə dövlət başçısı İlham Əliyevə müraciət edir: «İlham Əliyev dövlət başçısı kimi hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinə görə cavabdehdir. Konstitusiyanın 28-ci maddəsinə görə, Azərbaycan vətəndaşı istənilən yerə gedə, respublika ərazisində hərəkət edə bilər. Buna görə ona heç kim söz deyə bilməz. Mən dövlət başçısından tələb edirəm ki, bu insanlar barəsində tədbir görülsün. Əks təqdirdə mən qanunun verdiyi imkanlardan istifadə edərək, barəmdə yalan, böhtan yayılmasına görə qanun qarşısında cavab vermələrinə nail olacam».

Xəyal