PA-nın şöbə müdiri «Bloomberg»in Asim Mollazadəyə istinadən yaydığı xəbəri təkzib etdi
Bir neçə gün əvvəl ABŞ-ın tanınmış “Bloomberg” agentliyi Avropa Birliyinin Ukraynaya maliyyə yardımı ayıracağı barədə məlumat vermişdi. Məlumatda o da vurğulanırdı ki, Azərbaycan da bu prosesdə iştirak edəcək. “Bloomberg” agentliyinin fevralın 10-da yaydığı xəbərdə bildirilirdi ki, Azərbaycan Beynəlxalq Valyuta Fondunun xətti ilə Ukraynaya təxminən 1 milyard dollar məbləğində vəsait ayırmağa hazırdır. Agentlik bu məlumatı Milli Məclisin xarici əlaqələr komitəsinin üzvü Asim Mollazadəyə istinad edərək yaymışdı.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov dünən virtualaz.org saytına açıqlamasında məsələyə münasibət bildirərək, informasiyanı təkzib edib: “Azərbaycanın Avropa Birliyinin Ukraynaya maliyyə yardımı planına dəstək verdiyi və bu məqsədlə 1 milyard dollar ayırmağa hazır olduğu barədə deyilənlər spekulyasiya xarakteri daşıyır”.
N.Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti Ukraynaya birbaşa və ya dolayısı maliyyə yardımına dair heç bir qərar qəbul etməyib. Onun sözlərinə görə, bu cür xəbərlərin əsası yoxdur.
Mövzu ilə bağlı dəqiqləşdirmə aparmaq üçün A.Mollazadə ilə əlaqə saxlamağa çalışdıq. Amma A.Mollazadə ölkədə olmadığından onun fikirlərini öyrənə bilmədik.
Xəyal