Bir nömrəli korrupsioner

Leksikonumuzda olan elə ifadələr var ki, onları hansısa xəbərin başlığında görməyin özü belə ürək bulandırır, marağına qalib gəlib oxumamağa çalışırsan. Xüsusən də xəbər ölkəmizə aid olanda.

Şəxsən mən “qeyri-ənənəvi yolla” ifadəsi ilə başlayan iyrənc kriminal xəbərlərdən, mentalitetimizə zidd olan seksual xarakterli cinayət materiallardan, eləcə də ürək ağrıdan digər xəbərlərdən mümkün qədər uzaq durmağa çalışıram. Mətbuatda da tükürpədici, insanı dəhşətə gətirən materialların ardı-arası kəsilmir, özü də oxşar başlıqla verilən xəbərləri yalnız oxuyandan sonra bilirsən ki, bu, ölkəmizdə baş verməyib, sadə oxucunun diqqətini cəlb etmək üçün belə ediblər. Məsələn, atanın qızına etdiyi vəhşlikdən bəhs edən xəbərin yalnız sonunda məlum olur ki, hadisə uzaq Hondurasda olub. 

Yazını bura qədər oxuyan aqil oxucu yəqin ki, öz-özünə “bunun korrupsiyaya nə dəxli var” sualını verməyəcək. Düz də edəcək. 

Bəli, korrupsiya və rüşvətxorluq, daha dəqiq, ona qarşı mübarizə başlıqları ilə gedən rəsmi xəbərlər də artıq bizi bezdirməyə, iyrəndirməyə başlayıb. Təsəvvür edin, ölkə xirtdəyəcən korrupsiya və rüşvətin içində batır, yenə də ona qarşı mübarizədən dəm qılırlar. Hər ilin yanvar və dekabr aylarında Ilham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çağırışları edir. Bu sahə üzrə dövlət kommisiyyasının sədri Ramiz Mehdiyev də ildə iki dəfə iri məmurları toplayaraq iclas keçirir. 

Təsəvvür edirsinizmi, aylıq maaşı maksimium 2 min manat olan nazirlər, komitə sədrləri, baş nazirin müavinləri əllərindəki 3 min dollarlıq qələmlə nəsə qeyd edirlər, arabir də başları ilə deyilənləri təsdiqləyirlər. 

Az qala demək istəyirlər ki, möhtərəm prezident, narahat olmayın, iclas qurtaran kimi, axşama qədər ölkədəki bütün korrupsionerləri tutub ifşa edəcəyik, onların kökünü kəsəcəyik. 

Iclasın keçirildyi müddətdə bayırda həqiqətən də… korrupsioner olmur.

…Keçən il korrupsiya ilə mübarizə işçiləri üçün olduqca dəbdəbəli bir saray tikdilər, açılışını da əlbəttə ki, Ilham Əliyev etdi. Nəticəsi nə oldu?

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatı (OCCRP) Ilham Əliyevi ilin korrupsioneri elan etdi. Ölkə başçısı rusiyalı və özbəkistanlı həmkarı həmin siyahıda sərvəti milyardlarla ölçülən narkobaronları belə gölgədə qoydu. Bu təşkilatı ölkə rəsmiləri nə qədər lənətləsə də, dünya onun hesabatlarını qəbul edir. Dünyada müxtəlif kriteriyalar üzrə birinciləri adətən həmin sahə üzrə nüfuzlu və dürüst təşkilatlar müəyyən edir, beynəlxalq ictimiaiyyət isə etiraz etmir. Məsələn, Avropanın ən yaxşı futbolçusunu həftəlik “Frans futbol”, ən yaxşı filmi Amerika Kino Akadmiyası müəyyən edir və s. 

Fikir verirsinizsə, korrupsiya və rüşvətxorluğa qarşı çağırışlarda konkret sahə adı çəkilmir, yalnız “bəzi məmurlar” ifadəsi işlədilir. Daha bir düşündürücü məqam isə Ilham Əliyevin çağırışlarındadır. Son bir neçə ilin çağırışlarında ölkə başçısı təxminən belə bir ifadə işlədir: “Keçən ildə olduğu kimi, bu il də korrupsiya və rüşvətxorluğa qarşı amansız olacağıq”…

Sual olunur, keçən il nə oldu ki… Rüşvət aldığı 400 manatı udmağa çalışan “lənkəranlı prorektor dramı”ndan başqa heç nə olmadı. 

Ölkədə rüşvət əsasən hüquq mühafizə, gömrük və vergi orqanları tərəfindən toplanır. Onlar da toxunulmazdır. Siz bu günə qədər onlardan birinin iş otağında külli miqdarda rüşvət aldığı yerdə tutulan gördünüzmü? Əlbəttə ki, yox. Əksinə, onların döşü dövlət başçısının sərəncamı ilə verilən orden-medallarla doludur. Peşə bayramları vaxtı çəkilmiş kadrlar, Sovet dövrünün faşizm üzərində qələbəyə həsr olunmuş “Qoluboy oqonyok”larını xatırladır. 

…Bu yaxınlarda Müəllimlər Institutunun Salyan filialının işdən çıxarılmış xanım direktoru üsyan edərək, vəzifə üçün verdiyi 200 min manat rüşvəti geri istədi. Fikir verdinizsə, bu xəbər mətbu orqanlarında adi xəbər kimi getdi və hamı bildi ki, filial direktoru olmaq neçəyədir. Hüquq mühafizə orqanları, başda rüşvətlə mübarizə idarəsi olmaqla hamı Institutun rektoru, deputat Aqiyə Naxçıvanlının cavabı ilə “kifayətləndilər”. Cavab, arxayın və  konkret idi:

“Bir filial direktorunun, özü də həyat yoldaşı olmayan qadının pulu hardandır?”.

…Bəli, əziz oxucu, “bu ölkədə rüşvət almaq cinayət deyil, cinayət onu təkbaşına mənimsəməkdir”.