Suriyada haqq, Rusiyada çörək axtaran xalq

Ilham Əliyev və komandası üçün bir gün iqtidarda olmayacaqlarını təsəvvür etməkdən dəhşətli heç nə yoxdur. Daha qorxulusu isə, bundan sonra Azərbaycanda qalıb yaşamaqdır. Bu həyəcan bir dəqiqə də olsun onları tərk etmir, atdıqları bütün addımlar məhz bu həyəcanın mümkün qədər azaldılmasına yönəlib. Oxşar rejimlərin isə, tarix boyu bir problemi olub – insan amili… 

Müxtəlif diktatorlar ayrı-ayrı zamanlarda bu məsələni özünəməxsus qaydada, dövrün imkan verdiyi çərçivələrdə həll edib. Kimisi “təhlükəli” kəsimləri beşikdəki körpəsinə qədər qırıb, kimisi onları ölkədən qovub çıxarıb və s. 

Stalini, onun repressiya maşınını, eləcə də tətbiq etdiyi deportasiya siyasətini xatırlayaq. 1937 ildə ürəyi soyumayan diktator, ən çox çəkindiyi müsəlman kəsiminin böyük bir qismini ölkənin ən ucqar nöqtələrinə səpələdi. Milyonlarla müsəlman vətəndaşını potensial müxalifət kimi görən Stalin onların ziyalılarını, təhsil görmüşlərini aradan götürməklə  kifayətlənmədi, ardınca bütöv xalqları, aktiv bölgələri köçürməyə başladı.

Iraq diktatoru Səddam Hüseyn bu problemi hətta Stalinin ürək eləmədiyi bir şəkildə etmişdi. O, narazı bölgə əhalisini kütləvi surətdə güllələtdirirdi. Digər ərəb diktatorlarının da qorxulu bioqrafiyasında oxşar məqamlara rast gəlmək olar…

Stalin ilk dəfə 1944-cü ildə Tiflisi azərbaycanlılardan təmizlədi, 4 minə yaxın azərbaycan və kürd köçürüldü, son beş ildə bu rəqəm 25 minə çatdı. Ardınca ermənilər hərəkətə keçdilər, 100 minə yaxın azərbaycanlı əzəli torpaqlarımız olan Zəngəzurdan qovuldu. Ümumiyyətlə, Stalin dövründə 250 minə qədər azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı. O dövr üçün bu böyük rəqəm olsa da, tək təsəlli onların böyük əksəriyyətinin Azərbaycanda məskunlaşması idi. Sibirə, Qazaxıstan çöllərinə sürgün edilən azərbayanlıların çoxu Gürcüstan, Ermənistan, Şimali Qafqazda yaşayan soydaşlarımız idi. Ədalət naminə deyək ki, Stalin dövründə deportasiya edilənlər heç də taleyin ümidinə buraxılmırdı. Dövlət onları yeni yaşayış yerində məskunlaşana qədər himayəyə götürür, hətta ev-eşik qurmaq üçün o zaman böyük məbləğ olan 3 min manat da verirdi…

Etiraf edim ki, buraya qədər Stalin-Əliyevlər müqayisəsi aparmaq niyyətində deyildim. O fikirdə olsaydım, yazının başlığı da mövzuya uyğun olardı. Iş ki belə gətirdi, müqayisəni özünüz aparın… 

Sadəcə oxucuların diqqətinə onu çatdırmaq yerinə düşərdi ki, son iyirmi ildə 3 milyona yaxın soydaşımız başda Rusiya və keçmiş postsovet məkanı olmaqla bütün dünyaya səpələnib. Rusiyada əhalinin son siyahıya alınması zamanı təkcə 16 milyonluq Moskva vilayətində ruslardan sonra ikinci yerdə soydaşlarımız qərarlaşıb – 14,3 faizlə…

Bu rəqəm Qarabağdan didərgin düşən soydaşlarımızın sayından az qala iki dəfə çoxdur… 

Buraya ölkəni tərk edən minlərlə ziyalını, mədəniyyət və elm xadimlərini, tibb işçilərini əlavə etsək, dəhşətli mənzərə ilə qarşı-qarşıya qalırıq. Stalinə qarşı nifrətimiz də azalır, “37″-yə sıradan bir ədəd münasibəti sərgiləməyə başlayırıq… 

Niyə bu insanlar öz doğma yurd-yuvalarından didərgin düşürlər, niyə zəngin Azərbaycan dövlətində işləyib ailələrini dolandıra bilmirlər?..

Artıq Moskva bizi soymur, 40% gəlir də özümüzə qalır, niyə kvadratmetri 70-80 manata başa gələn mənzilin qiyməti bu qədər bahadır?

Niyə meşələr, yaşıllıqlar, Xəzər sahili sadə insanların üzünə bağlanıb?

Nəhayət, bu günlər gündəmi zəbt edən “niyə gənclərimiz Qarabağ dura-dura (sanki orda qızğın döyüşlər gedir – X.Ə.)  Suriyaya döyüşməyə gedirlər” sualı haqda…

Üç milyona yaxın vətəndaşın ölkəni tərk etməsinə münasibət bildirməyi şəninə sığışdırmayanlar bu gün az qala onları şarlatan elan edir, hətta onlara qarşı cinayət işi qaldırmağı tələb edirlər.

Bu kampaniyaya din xadimlərimiz və mollalar da qoşulublar…

Cibində “preyskurant”la gəzən, cənazə namazından tutmuş adi fatihəyə qədər hər mərasim və ayindən bir qəpik belə güzəştə getməyən (məzar yerini əlavə etmirəm – X.Ə.) din adamlarınin arqumentləri isə, daha maraqlıdır. Deyirlər ki, Allah yolunda təmənna ummaq… günahdır. Onlar bütün vücudları ilə inanırlar ki, Suriyada pul paylayırlar…

…Azərbaycandan gedən, yaxud bu haqda düşünən tək sadə vətəndaşlar deyil. Rejimin məmurları da gül balalarının mal-mülk yerləşdirdikləri ölkələrə gedəcəyinə inanırlar. 

Özü də ora nə Suriyadır, nə də ki, Rusiya.., bu sadə xalqa “xoxan” kimi təqdim edilən Avropadır.