Səddamın tapançası İsraildə tapıldı

İsrail polisi tam təsadüf nəticəsində yeniyetmə yaşlı şəxsin avtomobilindən Səddam Hüseynə məxsus tapançanı götürərək müsadirə ediblər

İraqın devrilmiş prezidenti Səddam Hüseynin tapançası tapılıb. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, sabiq prezidentin silahı tam təsadüf nəticəsində aşkar edilib.

Belə ki, İsraildə polislər Kafr-Qasım şəhərində adi yoxlama zamanı yeniyetmə yaşlı şəxsin avtomobilindən Səddam Hüseynə məxsus tapançanı götürüb, müsadirə ediblər. İsrail televiziyasının məlumatına görə, tapançanın üzərində Səddam Hüseynin adı və “Vətən müdafiəçisinə” sözləri olub. 

Adı açıqlanmayan həmin yeniyetmə qanunsuz silah saxladığına görə, saxlanılıb. İsrail polisi Səddam Hüseynin silahının ölkəyə necə gəlib çıxdığını araşdırır. 

Qeyd edək ki, 2003-cü ildə koalisiya qüvvələri İraqa girən zaman Səddam Hüseynin bütün mülkləri əsgərlər və mülki iraqlılar tərəfindən tar-mar edilib. İraq prezidentinə məxsus əşyaların bir hissəsi hərbçilərə hədiyyə kimi verilib.