Naxçıvanda baş verən dəhşətli olayla bağlı təfərrüatlar
“Neçə vaxtdır iş tapa bilmirdi, məcbur olub şəxsi avtomobilindən taksi kimi istifadə etmək istəyirdi, buna da polislər imkan vermirdi…”
Naxçıvan şəhər sakini, 41 yaşlı Hüseyn Məmmədovun muxtar respublika Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırdığı deyilir. Bu haqda “Azadlıq” radiosuna yerli sakinlər məlumat verib.
Hüseyn Məmmədovun qardaşı Ramiq Məmmədov da deyilənləri təsdiq edib. Bununla belə o, hadisənin baş vermə səbəbinin ona məlum olmadığını deyib. Ramiq Məmmədov bildirib ki, qardaşı DİN-in qarşısında özünü yandırdıqdan sonra xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta ağır dəyərləndirilir:
«Sifət təmiz yanıb, pis gündədir. Deyilənə görə, 4-cü dərəcəli yanıqdır. Ayaqları da yanıb. Özünü nazirliyin qarşısında yandırıb. Səbəbini bilmirik. Danışmır da ki, özündən soruşaq niyə yandırıb? Sağ olsun nazir Əhməd müəllim, özü bütün xərcləri çəkir. Deyib ki, əlimdən gələni edəcəyəm. Biz kasıb adamlarıq. Pulumuz çatmazdı. Biz də bilmək istəyirik ki, buna səbəb kim olub? İşsiz adam idi. Bizə lazımdı ki, bilək günahkar kimdir, gedək lazımi yerlərə şikayət edək. Maraqlı məsələdir ki, niyə DİN-in qarşısında baş verib?».
Qardaşının dediyinə görə, Hüseyn Məmmədov hazırda Naxçıvan Dəri Zöhrəvi Xəstəxanasında müalicə olunur.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şahidlərdən birinin bildirdiyinə görə, Hüseyn Məmmədov DİN-də mübahisə etdikdən sonra özünü yandırıb: «Hüseyn neçə vaxtdır iş tapa bilmirdi. Məcbur olub şəxsi avtomobilindən taksi kimi istifadə etmək istəyirdi, buna da polislər imkan vermirdi. Deyirdilər ki, get «Lifan» al, DYP-də göy nömrə al sonra. Onun da pulu yox idi. Bir neçə dəfə nazirin qəbulunda olmuşdu. Fevralın 11-də bir də getdi nazirliyə. Çıxdı, üzərinə benzin tökdü, özünü yandırdı».
Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyindən isə Hüseyn Məmmədovun özünü yandırması və onlara yönəlik iddiaları rədd ediblər. Nazirliyin Məmmədov soyadlı əməkdaşı belə bir hadisənin baş vermədiyini bildirib.
Hüquq müdafiəçisi Məlahət Nəsibova isə “Azadlıq” qəzetinə açıqlamasında faktı təsdiq edərək, yol polisinin incitməsi barədə DIN-ə şikayətə gələn Məmmədovun şikayətinə baxılmadığını bildirb. Nəticədə də bu şəxs özünü yandırıb:
“Naxçıvanda taksilərə qarşı kəskin qadağalar tətbiq olunur. Sürücülərdən tələb olunur ki, maşın çirkli, köhnə olmasın, təmirli görünsün. Həmçinin taksi sürücüləri xüsusi forma olmadan fəaliyyət göstərə bilməzlər. Bu mənada qoyulan qadağalar insanların səbrini daşdırır və belə hadisələr baş verir”.
Nigar