ITV-nin bir xanım aparıcısı geyiminə görə telekanaldan uzaqlaşdırılıb, indi xeyli adam oturub sosial şəbəkələrdə bunu müzakirə edir, deyirlər ki, hansı zamanda yaşayırıq, açıq-saçıq geyindiyinə görə kimisə işdən uzaqlaşdırmaq gerizəkalılıqdır, filan-bəsməkan.
Əlbəttə, yazılanlar doğrudursa, qınanmalıdır. Amma daha bunu gündəmin baş mövzusuna çevirmək nəyə lazımdır? Siz ITV-dən başqa nə gözləyirsiniz? Siz niyə onu müzakirə etmir, onu qınamırsınız ki, adı “Ictimai” olan bir TV, necə Roma papasından artıq katolik, yəni AzTV-dən artıq AzTV ola bilər?
“Ictimai televiziya” anlayışına karikaturadan başqa bir şey olmayan bu telekanalın hər cür fərqli fikirə, azad düşüncəyə qapalı olmasını dartışmaq və lənətləmək lazımdır.
Rejimə mədhiyyələr oxumasını, ölkəni güllük-gülüstanlıq kimi göstərməsinə üsyan etmək lazımdır.
Adı “Ictimai” olmasına rəğmən cəmiyyətin qayğı və dərdlərindən uzaq düşməsini, həqiqətlərin deyil, yalanın tribunasına çevrilməsinə təpki göstərmək lazımdır.
Irticanın əlində oyuncağa çevrilmiş bu televiziyada sərbəstliyi, özgürlüyü niyə sevsinlər, niyə hörmətlə yanaşsınlar ki? Istəyir sərbəst fikir olsun, istərsə də sərbəst geyim – fərq etməz, ITV-dən bütün bunlara sayğı gözləməyin özü artıq sadəlövhlüyün son həddidir.
Ümumiyyətlə, çox qəribə camaatıq. Bunların telekanallarında (oxucu dodaq büzə bilər ki, guya ölkədə bunların olmayan telekanal var? Haqlı sözə nə deyəsən?) fərqli fikirlərə imkan verilmir, vecimizə də deyil, amma hansısa filmin dublyajına irad tuturuq, futbol spikerlərini ələ salırıq. Gücümüz Fikrət Adıgözəlliyə, Ilham Mirzəyevə-zada çatır.
Bu telekanallar hər gün evimizə yalan, böhtan, yaltaqlıq püskürür, eynimizə deyil, amma “Real”-“Barselona” oyununun şərhindən iyrənirik.
Mən nə qədər tanıyıram, hansısa futbol matçı zamanı sosial şəbəkədə müraciət edir ki, “zəhmət olmasa, filan oyuna link verin, baxaq”. Kimsə də yazır ki, linkə nə hacət, AzTV-ni aç bax. O saat başlayır ki, yox, mən prinsipial olaraq bizim telekanallarda futbola baxmıram. Amma yalana baxır, yaltaqlığa qulaq asır.
Bizim camaatın xeyli məsələlərdə gülməli prinsipiallıqları başqa bir dərddir, ayrıca yazının mövzusudur.
Hələlik birini də yazım, söhbəti bağlayaq. Xeyli adam tanıyıram ki, tez-tez deyirlər mən heç vaxt uşaqlarıma xaricdən gətirilən meyvələr almıram, çünki sağlamlığa zərərlidir. Demirəm ki, haqsızdırlar. Əlbəttə, yox. Hətta haqlıdırlar da deyə bilərik.
Amma qəribədir ki, bunu deyənlərin çoxunun uşaqlarının gələcəyi ilə bağlı narahatlığı, təəssübü elə xarici meyvələrlə də tamamlanır. Bunlara desən ki, axı korrupsiya da uşaqlarınızın gələcəyi üçün təhlükəlidir, saxta seçki, ədalətsiz məhkəmə, xəstəhal səhiyyə, can üstə olan təhsil də uşaqlarınızın gələcəyi üçün qorxulu, dəhşətvericidir, o saat başlayacaqlar ki, “mən siyasətə qarışmıram”, “imkan ver, bir qarın çörəyimizi qazanaq”, nə bilim daha nə.
Ölkədə yalan və talan bu sürətlə davam edərsə, uşaqlarımız “importnı” meyvə nədi, yeməyə heç eşşək qanqalı da tapa bilməyəcəklər, siz bir bunların prinsipiallığının motivinə-zada baxın. Ayıbdır, vallah, ayıbdır.
Sonda: gəlin ölkədə hər şeyi qara rəngdə görməyək, problemləri tənqid etdiyimiz kimi uğurları da göstərək.
Budur, dünən ölkəmizdə bir neçə ballıq zəlzələ baş verdi, amma bir nəfər də müxalifətçini xaricdən maliyyələşərək zəlzələ törətməkdə ittiham edib həbsə atmadılar. Çox təqdirəlayiq haldır, əminliklə demək olar ki, ölkəmizdən demokratiyadan avtoritarizmə keçid başlamışdır, biz bunu hətta “demokratik açılım” da adlandıra bilərik.