Vəziyyət çox pisdir. Baş verənlər faciəvidir. Mənzərə ürək ağrıdır.
Son vaxtlar insanların arzularına diqqət etmisinizmi?
Biz illərdir bu ölkənin sərvətlərinin talanmasından, ləyaqətli insanların şərlənərək həbs olunmasından, yalanın ayaq tutub yeriməsindən danışırıq.
Ancaq bunlardan da pis olan bir reallıq qapımızı döyməkdədir. Və bu pis reallıq fərdlərin arzularında ifadə olunur.
Bəli, bu ölkədə xeyli insan var ki, çirkli, ləyaqətsiz arzularla doludur. Evdar bir qadının əxlaqsız müğənniyə həsəd aparması, fəhlə kişinin yaltaq deputat kimi yaşamaq istəməsi qorxulu reallıqdır.
Bu gün həmin müğənni də, həmin deputat da komfort həyat yaşayır, pulu, villası, maşını var. Bu adamlar həm də cəmiyyət üçün “nümunə”dilər.
Bütün həyatı boyu çətinliklə yaşayan, ehtiyaclar bataqlığında çırpınan vətəndaş düşünür ki, yaxşı yaşamaq üçün onlar kimi olmalısan.
Mən dəfələrlə əxlaqsız bir sənət adamına “bəxtəvər başına”, şərəfsiz bir məmura “dünyanın xoşbəxti sənsən” deyib həsəd aparan adamlar görmüşəm.
Düzdür, hər bir insanın yaxşı yaşamaq, bahalı maşında gəzmək, dəbdəbəli evə sahib olmaq haqqı var. Ancaq bütün bunlar pis nümunələr fonunda gerçəkləşməməlidir.
Düşünürəm ki, istənilən adamın mənəvi kimliyini onun arzuları ilə müəyyən etmək olar.
Arzu insanı yaşamağa, yaratmağa, mübarizə aparmağa səsləyir. Ancaq çirklənmiş arzular mənəvi kasıblıqdan doğur.
Pis nümunələri arzuya çevirmiş adamlar ölkə, millət üçün yararlı ola bilməz.
Ən böyük dərd budur ki, bizim arzularımızı da oğurlayıblar.
Bu ölkədə yaltaq sənətçi ilə şəkil çəkdirməyi arzulayanlar demokratiya arzulayanlardan çoxdur.
Bu ölkədə bəşəri arzularla yaşamaq qıtlığı yaranıb.
Valideynlər arzulayır ki, övladları yaltaqlıq edib qabağa getsin. Övladının meydana çıxıb haqqa dəstək olmasını arzulayanlar nə qədərdir?
Bəli, bizim məğlubiyyətimiz arzularımızdan başlayır. Biz, içimizdəki mənfur arzulara da etiraz edə bilmirik.
20 ildir arzularımız da “arzu qatilləri”nin monopoliyasındadır.
Bəlkə də insanların bu ölkədəki ədalətsizliyə etiraz etməməsi içində gəzdirdiyi arzu ilə bağlıdır.
Tarixin və Tanrının lənətlədiyi insanlara oxşamaq istəyi arzuların intiharıdır.
Bir vaxtlar adamların Qarabağ arzusu var idi. Indi məcburi köçkünlər onlar üçün tikilən evlərə köçmək arzusu ilə yaşayırlar.
Bəli, biz həm torpağımızdan, həm də onu arzulamaqdan məhrum olmuşuq.
Arzularımız taleyimizi elə müəyyənləşdirdi ki, taleyimiz arzuolunmaz hala düşdü.
Məhəmməd Peyğəmbər deyirdi ki, “Əgər arzu olmasaydı heç bir ana övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi”.
Arzu etmək bu qədər vacib amildirsə, içimizi “xəstə” arzularla doldurmamalıyıq.
Insanlığa xəyanət kimi qiymətləndirilən arzularla yaşamaq öz bətnində bomba gəzdirməyə bənzəyir. Nəticədə bu “bomba”nın partlaması cəmiyyəti ölümcül epidemiyaya yoluxdurur.
Camaat, arzularınızı qoruyun. Çünki çirkli arzular, çirklənmiş adamlara xidmət etmək üçün doğulur.