İnsanov Əliyevləri məyus etdi

O, tərəfdarlarını müxalifətə qoşulmağa çağırmaqla, bir çox suallara cavab verdi və hakimiyyəti sarsıtdı

Əli Insanovun çağırışı haqda yəqin ki, məlumatlısınız. O, öz tərəfdarlarına deyib ki, müxalifətə qoşulun, demokratiya uğrunda mübarizə aparın. Bu çağırışa, ola bilsin ki, toplumda müxtəlif cür münasibət var. Amma mən hələ də kəskin mənfi münasibət görməmişəm. Olsa da, bu, hakimiyyətə yaxın dairələrin ideoloji yöndə provakasiyaları ola bilər.

Təbii ki, səmimi istisnalar da var. Bu cür dostlarla işimiz yoxdur. Biz məsələyə başqa cür yanaşmaq fikrindəyik. Çünki bu bəyanatı verməklə, Əli Insanov bir neçə başqa məsələyə də aydınlıq gətirdi. Bunlar bizim üçün mühüm məsələlərdir. Ona görə də hörmətli oxucunun diqqətini həmin məsələlərə yönəltmək faydalı olardı.

O qorxmur…

Əli Insanov həm də ölüm təhlükəsilə üz-üzə olduğuna dair bəyanatlar vermişdi. Onun bu açıqlamasına ölkənin tanınmış simaları münasibət bildirdilər. Bununla paralel Əli Insanovun tərəfdarlarına müxalifətə qoşulmaq haqda çağırışı çox mühüm addım idi. O, Əliyevə demək istədi ki, nəinki ondan əfv diləmək niyyətində deyil, hətta bu hakimiyyəti dəyişməyi qarşısına əsas məqsəd qoymuş qüvvələrə qoşulur.

Mən bu addımın siyasi tərəfini şərh etmək istəmirəm. Sadəcə, mənə elə gəlir ki, qocaman doktor millətə vəfa borcunu verir. Bu hakimiyyətin əsl mahiyyətini bildiyi, hiss etdiyi üçün xalqdan üzr istəməyi az hesab edir. Istəyir ki, xalqa qoşulsun, onun bir tərəfə çıxmağında rol oynasın, rahatlasın. Buna görə də Əli Insanovun bu çağırışı mənəvi baxımdan böyük əhəmiyyət daşıyır.

Bu, başqa kimlərə mesajdır?

Əli Insanovun cəsur davranışı Ilham Əliyevdən incik düşmüş, amma ona qarşı çıxmağa ehtiyatlanan məmurlara da bir nümunədir. O, dörd divar arasında belə bir bəyanat verməklə, bir çox dəyərlərin üstün olduğunu ortaya qoydu. Çoxunuz deyəcəksiniz ki, türməyə düşməsəydi, o dəyərlərin halı necə olacaqdı? Yaxşı sualdır, amma vəziyyət ondan da yaxşıdır. Türmədə olsa belə, həqiqət təntənəsini tapıb. Bu, bizim insanımızı ruhlandırmalıdır. Azərbaycan xalqı öz potensialını bütünlüklə bu rejimə xərcləməyib. Hətta bu hakimiyyətə bilərəkdən və ya bilməyərəkdən xidmət etmiş insanların da şansı olmalıdır ki, onlar xalq qarşısındakı səhvlərinin nəticələrini aradan qaldırsınlar.

Bu çağırışın ən böyük üstünlüyü

Mən bu yazını yazmaya da bilərdim. Əslində, Əli Insanova məktub yazmaq istəyirdim – türməyə. Bir çox dostlarım bilir bunu. Ona məktub yazmadan məktubuma cavab aldım.

Mən cəsur adamları çox yüksək qiymətləndirirəm. Belə adamlar heç vaxt dərindən pis adam ola bilməzlər. Çünki pislik edənlər özlərindən arxayın olmayan adamlardır. Əli Insanovun cəsarətini biz yarğılamırıq. Mən deyərdim ki, o, Qurban Məmmədov kimi danışır, çox zamanlar. Bəs içimdəki qorxu nə idi?

Qorxurdum ki, bir dəstə fürsətbaz, deyərdim ki, hətta ora-bura bağlı olan  agentura üzvləri yenidən Əli Insanovu regional sima kimi təqdim etmək istəsin. Onlardan bir neçəsi fəallaşmışdı da. Mən də akademikə məktub yazıb, müraciət etmək istəyirdim ki, bizim üçün regionçuluq heydərizmin fəsadları ilə yadda qaldı. O, bizi parçaladı və məhv olmaq həddinə çatdırdı. Bir halda ki, indi biz ayılmışıq, ağı qaradan seçirik, o zaman niyə fürsət verək belə stalinist yaraların canımıza yenidən düşməsinə?

Əli Insanov isə bu çağırışla təkcə mənim narahatlıqdan yazmaq istədiyim məktuba cavab vermədi, həm də bir daha ölkəni geriliyə sürükləyən bir dəstə fəndgirə, rejimin bulağından su içənlərə cavab verdi. Bu dava Azərbaycan davasıdır. Biz batan Azərbaycanda nə Qərbi azərbaycanlıları, ni şirvanlıları, nə qarabağlıları qoruya bilərik. Biz böyük  Azərbaycan üçün əlimizdən gələni etməsək, onun içində heç kimə nicat, heç kimə səadət yoxdur. Ona görə də bizim üçün ən böyük region elə Azərbaycandır. Biz Azərbaycanı batan gəmi kimi görməliyik. Onu xilas etməsək, bu gəminin içindəki doğma kayutların heç kimə xeyri olmayacaq.

Əli Insanov bu bəyanatı ilə ən ciddi narahatlıqlardan birinə aydınlıq gətirdi. Biz əgər demokratiyanı bərpa etmək, Qarabağı geri almaq, Zəngəzurun, Göyçənin haqqını aramaq istəyiriksə, Azərbaycan kimi böyük və güclü olmalıyıq. Bunu da akademikin çağırışından açıq sezmək olurdu. Bu çağırış hakimiyyəti çox məyus etdi. Etməlidir də. Çünki artıq onların nə tilsimləri işləyir, nə də gücləri.

Onun təhlükəsizliyi haqqında…

Hər gün bu barədə yazılmalıdır. Hər kəs yazmalıdır. “Facebook”da, digər sosial şəbəkələrdə, müstəqil saytlarda, qəzetlərdə. Yazmaq lazımdır ki, bu dəmir kimi adamın həyatının məsuliyyəti onu əymək, sındırmaq istəyən rejimin üstündədir. Ilham Əliyev gərək bu cür açıq jestlərin doğuracağı məsuliyyəti analiz etsin.