Deputat və yazıçı Aqil Abbasın “Kurtlar vadisi”nə əsəbiləşməyi çox maraqlı hadisə oldu. Bu filmi izləmirəm, ən yaxşı halda, hansısa seriyası səs-küy yaradanda qəzetdən nə baş verdiyini öyrənirəm. Bu dəfə də elə oldu… Deyirlər, filmin son seriyalarında türk arkadaşlar Kəmaləddin Heydərova bərk ilişib, onu rusun adamı kimi qələmə veriblər. Nə baş verir?
Heydərovu “vurublar”?
Hadisələrin ilk vaxtı belə düşündüm ki, bu, həqiqətən Heydərovun “vurulmasıdır”. Axı deyirlər, o filmdə təsadüfi şeylər az olur…
Zatən, filmin Kəmaləddin Heydərovla bağlı hissəsi elə çəkilib ki, necə deyərlər, ayaq yeri saxlanılmayıb. Yəni, heç cür yozmaq olmur ki, orada göstərilən şəxs, məsələn, Kərəm Həsənovdu və ya Ziya Məmmədovdu. Deməli, Kəmaləddin Heydərovun filmdə yer almasının təsadüf olmadığına mübahisə yeri qalmır. Amma niyə? Doğrudanmı onu “qara dairəyə” salıblar?
Heydərova yaxınlığı sirr olmayan Aqil Abbasın “Kurtlar vadisi”ni tənqid etməsi “fövqəlnazir”in “vurulduğu” qənaətini daha da gücləndirib. “Heydərovun mayası batıb, o, hədəfdədir”, deyənlər də var indi.
Bu niyə reklam sayılmasın?
Ancaq gəlin, bir az təmkinli olub düşünək və bu hadisədə daha dərin qatlar axtaraq. Niyə biz şübhə edək ki, bu, sadəcə, fövqəlnazirin özünüreklamıdır. Bəli, reklamı. Axı Azərbaycan məmurlarının böyük əksəriyyətinin heç bir məntiqə sığmayan düşüncə tərzləri var. Bizim üçün pis sayılan hal, onlar üçün yaxşıdır və ya əksinə.
Nümunə verirəm. Yanılmıramsa, 2007-ci il idi. Əvəz Zeynallı öz qəzetində Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev haqqında “rayonun padşahı” ifadələrilə tənqidi məqalələr dərc edirdi. Bir gün bəlli oldu ki, əslində, Əvəzin proyektini, tapıntısını başçı özü üçün reklam hesab edirmiş. Dost-tanışları ilə söhbətdə o, mətbuatda “padşah” kimi qələmə verilməsindən sevincək, gözləri parıldayaraq danışırmış.
Beləcə, düşünürdüm ki, ola bilsin, Kəmaləddin Heydərov da bir qədər əvvəl yaxşıca əyləndiyi Polad Ələmdar və onun bandasından xahiş edib ki, ona da bir rol lütf etsinlər; necə olur olsun…
Kim unudubsa, yadına salım, bir qədər əvvəl Heydərov öz təşəbbüsü ilə Polad Ələmdarla çəkdirdiyi fotoları əlinin altındakı adamlarla mətbuata və sosial şəbəkələrə sızdırmışdı. Bu olsun məsələnin sadə həlli. Indi daha mürəkkəblərə gedək…
Kəmaləddin Heydərov kimin adamıdır?
Heç bir versiyanı, o cümlədən bunu da istisna etmək olmaz ki, Kəmaləddin Heydərov filmin yaradıcı heyətindən qəsdən rusiyayönümlü obrazının yaradılmasını istəyib. Onun belə bir sifariş və xahiş etməsi üçün aralarında kifayət qədər yaxşı münasibət də var.
Bəs nəyə görə rusiyayönümlü?
Əvvəlcə, bu suala cavab verək: reallıqda Kəmaləddin Heydərov hara meyllidir?
“Fövqəlnazir”in arsenalında olan “mirzələr” və “politoloqlar” uzun müddət apardıqları gərgin fəaliyyət nəticəsində onu Qərb dəyərlərinə sahib biri kimi kütlənin şüurunda oturda biliblər. Fəqət, bu illüziyadır.
Heydərovu Qərbə cəzb edən, ən yaxşı halda, dollar və avro ola bilər; Qərb dəyərləri, demokratiya-filan onun nifrət kateqoriyasına saldığı anlayışlardı.
Çoxları unudub ki, onun özünün də etiraf etdiyi Azərbaycandan kənar biznes imperiyası Rusiya və onun nəzarətində olan ölkələrdədir.
Bundan başqa, nədənsə unudulub ki, qərbpərəst kimi qəbul olunan Fərhad Əliyevin əbədi və əzəli rəqibi, düşməni hakim komanda daxilində məhz Kəmaləddin Heydərov idi. Ancaq bunlar rahatlıqla da olmasa, unutduruldu.
Insanları daha çox o çaşdırır ki, bu hakimiyyətin ən qabarıq rusiyapərəst siması kimi Ramiz Mehdiyev tanınır. Lakin “boz kardinal”ın Heydərovla münasibətləri heç də rəvan deyil. Kəmaləddin Heydərovun tabeliyində olan medianın nisbətən azad vaxtında biz Mehdiyevin vaxtaşırı tənqidə tutulduğunu da görə bilərdik. Bu, insanların düşüncəsini qarışdıra bilirdi; insanlar deyir, Mehdiyevin antipotu kimi Heydərovu görürdülər. Axı onların qibləsi birdirsə, necə düşməndilər?
Bu sualınsa çox sadə izahı var: necə ki, həqiqi qibləsi eyni olan müsəlmanlar bu gün bir-birinin başını kəsir, siyasətdə də elədir. Elə Ilham Əliyevin öz komandasını götürək; bir-birinin qanını içməyə hazır olan adamlar çox rahatlıqla qibleyi-aləmə səcdə edirlər.
Daha bir incə məqamı yazıb, mövzunu ümumiləşdirək: Heydərovun Rusiya hakim elitasına bağlılığını sübut eləmək üçün onun tabeliyində saxladığı “müxalifət silahlarına” baxmaq lazımdır. Mənəviyyat və əxlaq normalarından xali olan insanları müxalifətə qarşı istifadə edən, maliyyələşdirən şəxsin Kəmaləddin Heydərov olduğu bildirilir. Və bu, kor-koranə də edilmir, Rusiya hakimiyyəti müxaliflərinə hansı resept əsasında davranırsa, burada da elədir.
“Kurtlar vadisi”nin son seriyasını necə dərk etməli?
Çox sadə: görünür, Heydərov üçün kimlərinsə qarşısında özünütəsdiq ehtiyacı yaranıb. Olsun ki, o, ruslara demək istəyir: siz ağız sözünə inanmayın, nə qərb-mərb, sizinləyəm.
Aqil Abbasın yazdıqları da eyni ssenarinin tərkib hissəsinə bənzəyir.
Natiq Güləhmədoğlu