Yaxın durun, maraqlı söhbət var. Deməli, Naxçıvanın daxili işlər naziri təzəlikcə açıqlama verib ki, Muxtar Respublikada cinayətlərin sayı 50 faiz azalıb, keçən il cəmi 16 cinayət hadisəsi baş verib, onların da hamısının üstü açılıb-zad.
“Azadlıq” radiosunun bununla bağlı hazırladığı materialı oxudum, deməli, yazıdan belə məlum olurdu ki, keçən il Naxçıvanda bir nəfərin 6 inəyi oğurlanır, bu da gedir polisə ərizə yazır. Polis şöbəsində adamın 2 inəyinin pulunu ödəyirlər deyirlər, ta səsini çıxarma. Indi inək sahibi həm qalan 4 inəyini tələb edir, həm də oğruların tapılmasını.
Bu, Naxçıvanda cinayətlərin sayının necə azaldığını, daha doğrusu, azaldıldığını göstərən əyani faktdır. Nəzərə alsaq ki, Vasif Talıbovun xanlığı Əliyev rejimi üçün bir təcrübə laboratoriyasıdır, orada vətəndaşı necə əzməkdən tutmuş müxalifəti necə sıradan çıxarmağın, azadlıqları necə boğmaqdan tutmuş hüququ necə çeynəməyin çeşidli metodları sınaqdan çıxarılır, sınaq uğurlu alınırsa, o bütün ölkə boyu tətbiq edilir, qoy onda cinayətkarlığın azaldılmasında da Naxçıvan nümunəsi də bütün ölkəyə yayılsın. Kiminsə toyuğu oğurlananda belə, həmin toyuğun pulunu elə polis, prokurorluq-zad ödəsin, yoxsa toyuq oğurluğu nəmənə şeydir ki, ona görə cinayətkarlığın statistikası şişsin, artsın?
Ümumiyyətlə, ölkədə oğurluğu leqallaşdırmaq zamanı gəlib çatıb. Qoy ürəyi istəyən ürəyi istədiyi qədər oğurlasın, zərəri partiya və hökumətimiz ödəsin. Oğurlayan da, malı oğurlanan da məmnun qalsın. Oğurluğu hətta yeni iş yeri kimi rəsmi statistikaya daxil etmək də olar. “Oğru işləyirəm” – bəh, bəh, necə gözəl səslənir.
Həmçinin Dövlət Neft Akademiyasında neft oğurluğu fakültəsi, universitetlərdə savadlı saxtakarlıq kadrları yetişdirmək üçün səs oğurluğu ixtisasları açmaq da pis olmazdı.
Oğurluq leqallaşsa, legitimləşsə, neftdən, büdcədən oğurlamağa görə ağız büzən, ölkəmizi korrupsiya reytinqlərində Afrika ölkələri ilə bir sıraya qoyan da tapılmaz. Hamı bilər ki, oğurlamaq bizdə qanunun tələbidir.
***
Naxçıvandan cinayətkarlığın azalması, az qala ləğv edilməsi ilə bağlı faizlərə ölkədəki idarəetmə sisteminin gerçək mahiyyətinin növbəti görsənişi də saymaq olar. Bəli, rəsmi statistika – bu, avtoritar rejimlərin sevimli oyuncağıdır. Statistikanı işinə gələndə şar kimi üfürüb şişirmək, işinə yaramayanda futbol topu kimi deşib boşaltmaq onların ən əyləncəli məşğuliyyətidir.
Bizdə isə yaptokratlar daha da irəli gediblər, bəzən heç özlərinə əziyyət verib “pripiska”ya ehtiyac da görmürlər, hətta rəsmi statistika belə onların ağ yalanlar danışmasına mane olmur. Məsələn, təzəlikcə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının nəticələrindən bəh-bəhlə danışıldı, belə məlum oldu ki, bu saat ölkəmizin şəhər və kəndlərində camaat yağ-bal içində yaşayır, süd gölündə çimir, adamların nə bir dərdi var, nə də qayğısı.
Amma hətta bunların öz rəsmi statistikaları belə bu cür təbliğatın nə qədər çürük olduğunu gözlər önünə sərir.
Həmin rəsmi məlumatlara görə, Azərbaycanda:
Ümumi Daxili Məhsulun 80 faizi;
Büdcənin 97 faizi;
Ixracın 99 faizi;
Bank kreditlərinin 96 faizi;
Əmanətlərin 95 faizi;
Sənaye istehsalının azı 90 faizi;
Rabitə xidmətlərinin 95 faizi Bakının və Bakıətrafı kənd və qəsəbələrin payına düşür. Indi soruşsan ki, bəs siz regionların hansı sosial-iqtisadi inkişafından danışırsınız, deyəcəklər ki, “bəsdir erməni dəyirmanına su tökdünüz”.
Halbuki su olsa, içər, çimərik, daha onu hansısa dəyirmana-zada niyə tökürük? Bir neçə günlük soyuq havalarda Bakının özündə sadə vətəndaşların donmuş su borularını açmaq üçün sərf etdikləri enerji ilə Qarabağı işğaldan azad edib Isa bulağında nəinki kabab çəkmək, hətta oradan paytaxta yeni su kəməri çəkmək olardı.
***
Sonda isə yazımıza Brejnev barədə məşhur bir lətifə ilə son qoyaq.
Bir gün Brejnevin yanına gəlib deyirlər:
– Leonid Iliç, ərzaq bolluğu haqqında proqramı dərhal ləğv edin. Acımızdan otların hamısını yedik. Belə getsə, mal kimi böyürəcəyik.
– Düz demirsiniz. Biz Aleksey Kosıginlə bir çəllək bal yedik, amma heç də arı kimi vızıldamırıq.