Azərbaycan Ukraynaya 1 milyard dollar verir

Ukrayna Avropa Birliyi ilə Assosiasiya sazişini imzalamaqdan imtina etdikdən sonra ABŞ-ın və Avropa Birliyinin bu ölkəyə diqqəti daha da artdı. Rusiya kifayət qədər ciddi siyasi-iqtisadi problemlərlə üzləşən Ukraynaya yaranmış vəziyyətdən sui-istifadə edərək, kredit xətti açdı. Qərbədə bunu Rusiyanın Ukraynanı öz orbitində saxlamaq istəyi kimi qiymətləndirdilər. Ukraynada baş verən dramatik hadisələr fonunda Qərb bu ğlkədəki iqtisadi problemlərə daha ciddi diqqət göstərməyə başladı. Bir neçə gün bundan əvvəl ABŞ və Avropa Birliyi Ukraynaya ciddi yardımlar etməklə bağlı bəyanatlar verdilər. Məlumatların birində deyilirdi ki, Azərbaycan da bu prosesdə iştirak edəcək. ABŞ-ın “bloomberg” agentliyinin fevralın 10-da yaydığı xəbərdə bildirilir ki, Azərbaycan Beynəlxalq Valyuta Fondunun xətti ilə Ukraynaya təxminən 1 milyard dollar məbləğində vəsait ayırmağa hazırdır. Agentliyə bu barədə Milli Məclisin xarici əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

azadliq.info