Onu “dünya kinosunun sonuncu fenomeni” adlandırırdılar.
Yerə-göyə sığdırmırdılar.
Hər bölümü haqqında ayrıca yazır, növbəti bölümünün anonsunu bəh-bəhlə təqdim edirdilər.
Qəhrəmanlarını burada zurna-qavalla qarşılayır…
Onun haqqında hər xəbəri böyük səxavətlə oxuculara və tamaşaçılara çatdırırdılar.
Ta ki, iki bölüm bundan əvvələdək.
Ta ki, “Qurdlar vadisi”ndə Kəmaləddin söhbəti çıxanadək.
Indi isə bir zamanlar “kinofenomen” dedikləri serialın adını “Çaqqallar vadisi” kimi yazırlar.
Arxasında mason barmağı axtarırlar.
Erməni dəyirmanına su tökməkdə günahlandırırlar.
Eyni serial keçən ilin payızında, “prezident seçkisi” adlı siyasi şou ərəfəsində Əliyev hakimiyyətinin təbliğatçısı kimi çıxış edəndə, Azərbaycan müxalifətini “Rusiyanın əlaltısı” kimi təqdim edib, YAP hakimiyyətinin isə Kremlin “imperialist maraqlarına qarşı mübarizəsi”ndən dəm vuranda nə deyirdilər? “Görürsünüz, bunu ki artıq biz demirik, artıq Polad Ələmdar da deyir, müstəqilliyimizə təhlükə yaranıb”.
Amma indi eyni serialda “Kəmaləddin söhbəti”ni fərqli yerə yozurlar.
Türkiyənin Azərbaycanı kürəyindən xəncərləməsi kimi təqdim edirlər.
“Qardaşın qardaşa xəyanət”indən bəhs edirlər.
Özünü bu serialın qəhrəmanlarından birinə bənzədib müxalifət liderinə “sənin barmağını sındıraram” deyən Çakır ləqəbli polis zabiti ilə öyünürdülər.
Ləqəbi Çakır olan başqa bir icra başçısının vətəndaşın haqqını yeməsinə, sahibkarların başından vurub çörəyini əlindən almasına göz yumurdular.
Amma bu gün eyni serialda Kəmaləddin haqqında nəsə deyirlər, o an da yeri-göyü inlədirlər.
“Qurdlar vadisi”nin bayağı, düşük bir ekran əsəri olmasından danışırlar.
“Gənclərin tərbiyəsini korlamasından” dəm vururlar.
***
“Qurdlar vadisi” Türkiyənin Azərbaycana ixrac etdiyi bayağılıq zəncirinin hələlik sonuncu həlqəsidir.
Buna qədər Rafet el-Roman vardı, Harun Yəhya kitabları vardı.
Dönər vardı. Nurçuluq vardı. Atilla Kaya vardı.
Bir zamanlar Türkiyə deyincə Azərbaycan insanının ağlına Nazim Hikmət gələrdi. Əziz Nesin gələrdi. Atatürk gələrdi. Cem Karaca, Barış Manço gələrdi.
Bu gün Türkiyə deyincə ağla Çakır gəlir, Polad Ələmdar gəlir, Memati gəlir.
Bir sözlə, intellektdən və zövqdən yoxsul nə varsa, o gəlir.
Biz bunu çoxdan yazırdıq və hər dəfə də yazanda düşmən elan edilirdik.
Damarlarımızda “erməni qanı” axtarırdılar.
Türk dünyasının düşməni elan edilirdik.
Indi isə heç bir estetik dəyəri, ciddi mədəniyyətin min ağac ötəsindən keçməyən bir bir serialın iki bölümündəki “Kəmaləddin söhbəti” kifayət etdi ki, “Qurdlar vadisi”ni öz adı ilə çağırmağa başlasınlar.
Çox iyrənc, çox ürəkbulandıran yanaşmadır.
Illərdən bəridir bir serialın Azərbaycan toplumuna zövqsüzlük, bayağılıq saçmasına rəğmən mədh etməkdən yorulmursan, onun kütlənin şüuruna hakim kəsilməsi üçün əlindən gələn və gəlməyən hər şeyi edirsən, polisinin, məmurunun özünü onun qəhrəmanları kimi aparmasını eyninə almırsan…
Polad Ələmdarı gətirib ayağı altına xalılar sərirsən…
Onunla “Yallı” gedirsən, “Cütçü”yə süzürsən, amma gün gəlib həmin serialda quyruğunu tapdadılarmı, qiyaməti qoparırsan.
Illərlə “Mənə dəyməyən ilanı min yaşasın” məntiqi ilə yaşayıb, o ilan sənə toxundumu başını əzməyə qalxmaq – saxtakarlığın, səmimiyyətsizliyin son həddidir bu.
***
Ürəkbulandıran bilirsinizmi, bir də nədir?
Heç bir estetik dəyəri olmayan bir serialın bir ölkə gündəmini bu qədər zəbt etməsi.
Çayxanalardan tutmuş siyasi çevrələrədək bu qədər ciddiyə alınması, müzakirə olunması.
Bir toplumun – içi siyasətçilər qarışıq bir toplumun – həyatının bu qədər ayrılmaz parçasına çevrilməsi.
Özü reallıqda qurdlar vadisində yaşayan bir ölkənin o qurdlar vadisini bir filmdə axtarması.
Axtarması və tapması!
Əsl faciədir.