Kəmaləddin Heydərova yaxın deputat «Kurtlar Vadisi Pusu»nu tənqid atəşinə tutdu
“Kurtlar Vadisi Pusu” serialının son iki bölümü hələ də gündəmin əsas mövzularından biri olaraq qalır. Serialın 213- və 214-cü bölümlərində Azərbaycandan bəhs edilməsi müxtəlif mülahizələrə səbəb olub. Xatırladaq ki, serialın 213-cü bölümündə Polat Ələmdar Kara adlı məxfi əməliyyatçını Azərbaycana göndərir.
Karanın missiyası Azərbaycanda “Ixtiyarlar”ın nümayəndəsini qətlə yetirəni və bunun sifarişçisini tapmaqdır. Azərbaycanda Karaya deyilir ki, “Ixtiyarlar”ın nümayəndəsi Rusiya ilə yaxınlığı olan Kəmaləddin adlı şəxsin sifarişilə qətlə yetirilib.
Serialın növbəti bölümündə Kara Kəmaləddini öldürməyə gəlir. Hadisələrin baş verdiyi ərazi Qəbələ-Ismayıllı zonasının relyefinə bənzəyir. Bundan başqa bəlli olur ki, Kəmaləddin özünə məxsus “Limonad su zavodu”ndadır. Kara və adamları həmin zavoda basqın edir. Kəmaləddinin arxalandığı rus mafiyası ona kömək etməyə tələsmir. Və bu bölümdə Kəmaləddin öldürülür.
Belə mülahizələr var ki, serialdakı Kəmaləddin obrazı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Çünki bütün bənzətmələr, Kəmaləddinin kürü biznesi ilə məşğul olması, şirəli sular istehsal edən zavoda sahiblik etməsi, hadisələrin Qəbələ və Ismayıllının relyefini xatırladan ərazidə baş verməsi bütün diqqəti Kəmaləddin Heydərovun üzərinə yönəldir.
Bu arada Kəmaləddin Heydərova yaxın deputat sayılan Aqil Abbasın bu məsələyə yazı həsr etməsi də maraq doğurur. Aqil Abbasın həmin yazısından bəzi hissələri təqdim edirik:
“Bu film əvvəllər bir qəhrəmanlıq dastanı olsa da, sonradan bəzi siyasi dairələrin təsiri ilə tam siyasiləşdi. Hətta gündəmi bəlirləməyə başladı. Olsun, sözümüz yox. Bu film haqqında ötənlərdə silsilə məqalələr yazmışdım, filmdəki bəzi nüanslara toxunmuşdum…
…Məsələ nədi? Filmin son iki seriyasında Azərbaycana çox ciddi sataşmalar var. Özü də siyasi sataşmalar. Bir qardaşın başqa bir qardaşı aşağılamasına nə ad vermək olar?
…Bəli, qurdlar Türkiyənin Başbakanının Irana səfəri ərəfəsində (səfər bu günlərdə gerçəkləşmişdi) Azərbaycana gəlirlər. Özləri demişkən, burda böyük “operasyon” həyata keçirirlər. Məlum olur ki, ruslar Başbakanın Irana səfəri zamanı ona sui-qəsd eləmək və bununla da Türkiyə-Iran münasibətlərinə zərbə vurmaq və eləcə də Türkiyəni qarışdırmaq istəyirlər. Və bu işdə də ruslara bizlər dəstək veririk. Və qardaşlarımız çəkinmədən bizləri “rus uşağı” adlandırırlar. Biz uşağa “uşaq” deyirik, türklər “nökərə”.
Məntiqsizlik çoxdu, Karanın bura gəlməsi, burdakı “igidlikləri”, Irana getməsi, ordakı “igidlikləri”, sərhəddən keçmək istərkən Bəxtiyar adlı birisini xilas etmək üçün geri dönməsi. Bu Bəxtiyar kimdi, hardan hop eləyib düşüb bura? Hansısa özəl şirkətin həyətinə girib bizləri sərçə kimi qırması və burda da özbəklərin onlara dayaq durması. Və çox maraqlıdır ki, Özbəkistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdən bir az fərqlidi, yəni daha pisdi.
Türkiyə bizim qardaşımızdı. Türkiyənin Başbakanına atılan gülləyə Azərbaycan sinəsini verər. Eləcə də Türkiyəyə atılan gülləyə Azərbaycan sinəsini verər. Buna onlarla misal çəkə bilərəm. Inanıram və eləcə də bilirəm ki, Türkiyə də Azərbaycana atılan gülləyə sinəsini verər. Elə isə bu filmi yapanların məqsədi nə? Bu hansı siyasi dairənin sifarişidi? Bu filmə dedim ki, dünyada baxırlar. Bizim nüfuzumuza dünyada xələl gətirmək Türkiyənin hansı siyasi dairəsinin marağındadı? Azərbaycan xalqını Türkiyədən incik salmaq kimə sərf edir? Özü də Türkiyənin indiki vəziyyətində. Türkiyənin Suriyaya dönə biləcəyinin 10-15 addımlığında olan bir vaxtda”.
Bu yazı “Kurtlar Vadisi Pusu”da Kəmaləddin Heydərovun canlandırılması barədə mülahizələrin əsassız olmadığını göstərir. Lakin əslində Türkiyə siyasətinin təzahür etdiyi bu serialda (baş verən hadisələrin uydurma olması serialın hər bölümündə qeyd edilsə də, “Kurtlar Vadisi Pusu”nun siyasi mahiyyət daşıdığı barədə rəylər var ) Kəmaləddin Heydərovun “vurulması”nın səbəbləri isə hələlik bəlli deyil.