İlham Əliyev Ukrayna hadisələrindən təşvişə düşərək qabaqlayıcı addımlar atmağa başlayıb
Vergilər naziri Fazil Məmmədovun maliyyə aministiyası bəyanatının səbəbləri ilə bağlı maraqlı məlumat əldə etmişik. Əvvəlcədən xatırladaq ki, Fazil Məmmədov bəyanatı Ilham Əliyevin son müşavirəsindən sonra verib. O, bildirib ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir.
Nazirin sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz. Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var.
“Azadlıq”a daxil olan məlumata görə, maliyyə aministiyasının gündəmə gətirilməsinin kökündə hakimiyyət komandasını xaricdən asılı yeganə amili ortadan qaldırmaqdır. Bildirilir ki, Fazil Məmmədovun bu bəyanatı son müşavirədən sonra verməsi də təsadüfi deyil. Həmin müşavirədə dövlət başçısı komandasının xarici dairələrin təsiri altına düşə biləcəyindən narahatlığını ifadə etmişdi. Ölkə başçısı fərqindədir ki, komanda üzvlərinin xarici ölkələrin banklarında iri pulları var. Bu isə məmurların həmin ölkələrdən asılı vəziyyətə düşməsini şərtləndirir. Yəni, divin canı şüşədə olduğu kimi iri məmurların da canı xarici ölkələrin, xüsusilə Avropa dövlətlərinin banklarındadır. Azərbaycanla bağlı hansısa siyasi prosesə start veriləndə isə bu amildən istifadə oluna bilər. Ərəb inqilabları, xüsusilə Misirdəki hadisələr zamanı beynəlxalq aləm bu təcrübədən yararlanıb. Bu baxımdan Ilham Əliyev həmin pulların Azərbaycana gətirilməsinə və beləliklə də məmurlarının xaricdən asılılığını aradan qaldırılmasına nail olmağa çalışır. Ukrayna hadisələrinin fonunda belə bir addımın atılması dövlət başçısı üçün zərurətə çevrilib.
Yeri gəlmişkən, Ukrayna hadisələrində beynəlxalq aləm oliqarx məmurları maliyyə sanksiyaları ilə hədələdi. Məhz bundan sonra Ukraynanın baş naziri Azarov istefaya getdi.
Ilham Əliyev oxşar prosesin Azərbaycanla bağlı da baş verə biləcəyinin fərqindədir. Bu baxımdan qabaqlayıcı addımlar atılır.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də məmurlara 3 ay müddətində xarici banklardakı pullarını ölkəyə gətirməyi əmr etmişdi.