Olimpiya həyəcanı

Deyəsən “siyasiləşdirmək” məharəti təkcə bizə məxsus deyil. Dünya da bu sarıdan xeyli irəli gedib. Neçə aydır gözlərimizlə qulaqlarımız “siyasi olimpiada qeybətləri”ndən yağır olub. Sonda Soçidə yarışlar başlandı, başlamasına. Amma bilmirəm, bu qədər “siyasi qır-qır”dan sonra onda bir yarış ləzzəti, oyun zövqü qaldı, ya yox. Şübhəsiz, olimpiadaların bizim üçün də həyəcanlı, duzlu vaxtları vardı. Amma ilin-günün bu vaxtında belə yarışlar şəxsən mənim maraq dairəmə daxil deyil. Qəzet səhifələrini açıb əsas başlıqdakı 5 yazıdan 4-nün vicdan məhbuslarından bəhs etdiyini görən hansı vicdanlı adamın olimpiada xəbərini zövqlə oxumağa həvəsi qalar?  

Dünyanın siyasi rəngi o qədər tündləşib və hər şeyi qanadına alıb ki, artıq olimpiadalara da sadəcə bir fürsət kimi baxılır. Məsələn, olimpiya tarixində bir neçə dəfə bu dərəcədə ciddi faktlar baş verib. 1980-ci ildə Sovet Ittifaqı tərəfindən Əfqanıstanın işğalına etiraz olaraq,  ABŞ başda olmaqla 64 ölkə Moskva Olimpiadasını boykot edib. Nəticədə, oyunlara cəmi 80 komanda qatılıb. Buna cavab olaraq da, 1984-cü ildə də Los-Anceles Olimpiya oyunları  Sovet Ittifaqı və onu dəstəkləyən Şərq Bloku ölkələri, o cümlədən Kuba və Şərqi Almaniya tərəfindən boykot edilib. 

Bəli, biz böyük bir idman yarışının siyasi oyunlara vasitə edilməsini nə qədər doğru saymasaq da, gerçəklər başqa şey deyir. Belə yarışlar əslində insan azadlıqlarının hüdudsuzluğunu və estetika nümayiş etdirən bir səhnə olmalıdır. Bu həm mahiyyət baxımından belə olmalı, həm də o yarışların şüarlarında, prinsiplərində və məramında öz əksini tapmalıdır. Və Soçi Qış Olimpiadasının açılışı ilə eyni gündə “Front Line Defenders” təşkilatı  Şərqi Avropadan və Mərkəzi Asiyadan olan 12 insan hüquqları müdafiəçisinə dəstək məqsədilə onlayn və sosial media kampaniyasına başlayıb. Kampaniya “Hüquqlar. Risklər. Dəyişiklik!” adlanır və ictimaiyyəti bu 12 hüquq müdafiəçisini dəstəkləməklə, yerli rəsmilərdən onların fəaliyyətinə hörmətlə yanaşmağı tələb etməyə çağırır. Həmin hüquq müdafiəçisi təşkilatçılarından biri də SMDTM-nin rəhbəri Anar Məmmədlidir. Belə çağırışı yalnız alqışlamaq olar. Amma alqışlamaqla iş bitmir axı, bu gün həbsxanalarda günahsız yerə yatan vicdan məhbuslarının azadlığa çıxması üçün konkret iş görülməlidir. Dünyanın böyük gücləri yalnız öz işlərinə yarayanda deyil, hər insan pozuntusuna görə səbəbkarları cəzalandırmağa qətiyyət göstərməlidir. 

Bu məqamda “Eurovision” musiqi yarışması ərəfəsində baş verənlər, 4 aprel məhbusları ilə bağlı keçirilən aksiyalar yada düşür Çünki Soçidən sonra olimpiya növbəsi Azərbaycanındır. 2015-ci ilin iyununda Bakıda ilk dəfə Avropa Olimpiya Oyunları keçiriləcək. Hazırda isə Azərbaycanda 133 nəfər vicdan məhbusu var. Bəli, bir xeyli məhbus artımı ilə yeni bir beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşırıq. Belə yarışlar insanlara gözəl həyəcan və keçirildiyi ölkənin nüfuzuna xal gətirməlidir. Amma nədənsə bizim başımıza bəla arxasınca bəla gəlir. “Eurovision”da yüzlərlə insanın başına uçurulan evlərin toz-dumanı çəkilməmiş, Bakının mərkəzində başqa bir söküntü bumu başlanıb. Olimpiada dağıntılarının iki can qurbanı var artıq. Hələ bunun insan haqları, mülkiyyət hüquqları ilə bağlı yaradacağı həngamə qarşıdadır. Mən də bu olimpiadanın vətəndaşı olduğum ölkəyə pozitiv həyəcan və enerci gətirməsini istəyirəm. O, insanların həyatını zəhərə döndərmək bahasına baş tutacaqsa, heç tutmasın…