Vidadi Mirkamal: «Əli İnsanovun verdiyi vəsatətlər tamamilə qanuna uyğundur»
Sonunca məhkəmə prosesində keçmiş səhiyyə naziri Əli Insanovun vəkili vəsatətlə çıxış edərək Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və səhiyyə naziri Oqtay Şirəliyevin şahid qismində dindirilməsini istəyib. Vəkil vəsatəti onunla əsaslandırıb ki, səhiyyə müəssisələrinin özəlləşdirilməsi sənədlərinə Kərəm Həsənov imza atıb.
Burada Əli Insanovun məsuliyyətindən söhbət gedə bilməz. Oqtay Şirəliyevə gəlincə, vəkil bildirib ki, Moskvada çap olunmuş kitabla bağlı müqavilə bağlanmasına görə Əli Insanova ittiham verilib. Eyni kitabın II hissəsinin çapı üçün Oqtay Şirəliyev də müqavilə bağlayıb, amma ona qarşı hər hansı irad yoxdur. Lakin vəkilin bu vəsatəti təmin olunmayıb.
Adı çəkilən məmurların məhkəməyə çağırılması ilə bağlı vəsaitətlərin təmin edilməməsi əslində nədən xəbər verir?
Hüquqşunas Vidadi Mirkamal mühakimə olunan şəxsin öz işi ilə bağlı məhkəməyə istənilən vəsatət vermək hüququna malik olduğunu deyir: “Əgər mühakimə olunan şəxs hesab edirsə ki, hər hansı bir şəxsin məhkəməyə gəlməsi onun işinin araşdırmasında rol oynaya bilər, məhkəmə bunu qiymətləndirməlidir və həmin şəxslər məhkəməyə gəlməlidir. Bu mənada Əli Insanovun verdiyi vəsatətlər, iddialar tamamilə qanuna uyğundur”.
V.Mirkamalın sözlərinə görə, Cinayət-Prosesual Məcəlləyə görə bu halların hamısını məhkəmə aydınlaşdırmalıdır və məhkəmə ona qiymət verməlidir. Bu mənada son söz yenə məhkəmənindir”.
Fizzə