İnsanovun ölüm xəbərdarlığına reaksiya verildi

Leyla Yunus: «Əli İnsanovun işinin kifayət qədər böyük əks-səda yaratması onu müdafiə edən amildir»

Arzu Abdullayeva: «Heç kim zəmanət verə bilməz ki, Əli İnsanovun söylədikləri həqiqət deyil»

Keçmiş səhiyyə naziri Əli İnsanov son məhkəmə iclasında həyatına təhlükənin olduğu ilə bağlı açıqlama verərək, onu öldürmək planının mövcud olduğunu dilə gətirib. Son zamanlar məhkəmə iclaslarında hakimiyyətin və dövlət başçısının ünvanına ağır ittihamlar səsləndirən Ə.İnsanovun belə bir açıqlaması maraq doğurmaya bilməz. Bəs hüquq müdafiəçiləri Ə.İnsanovun bu açıqlamasını necə qiymətləndirirlər və sabiq nazirin açıqlamasını diqqətdə saxlayacaqlarmı?

Hüquq müdafiəçisi Leyla Yunusun sözlərinə görə, Azərbaycanda həbs olunanların istintaq və ya həbs müddətində dünyasını dəyişməsi birinci dəfə deyil ki, baş verir. Bu cür halların bundan sonra da davam edəcəyini deyən L.Yunus bildirdi ki, çünki baş verənlərə görə heç kim məsuliyyət daşımır: «Əli İnsanovun hüquqları kobud şəkildə pozulur. Çünki hələ ötən ilin mart ayında Avropa Məhkəməsinin qəbul etdiyi qərar yenə də pozulur. Hazırda Əli İnsanov üzərində keçirilən məhkəmə yenə də qərəzlidir. Amma Əli İnsanova qarşı süi-qəsdin hazırlanması məsələsinə gəlincə, bu situasiyada sabiq nazirin işinin kifayət qədər böyük əks-səda yaratması onu müdafiə edən amildir. Əli İnsanovla bağlı baş verənlərə həm yerli, həm də beynəlxalq ictimaiyyətin böyük diqqəti var. Məhz bu amil onun təhlükəsizliyi üçün zəmanət ola bilər. Çünki sadəcə olaraq Əli İnsanovun fiziki baxımdan məhv etməyə risk etməzlər. Amma bəzən elə hallar da olur ki, Azərbaycan hakimiyyəti bu cür məqamlara diqqət yetirmir. Ona görə Əli İnsanovun işinin ciddi izlənilməsinə və baş verənlər barədə beynəlxalq aləmə məlumat verilməsi vacibdir».

Hüquq müdafiəçisi Arzu Abdullayeva isə bildirdi ki, artıq bir müddətdir ki, o, həbsxanalardakı durumla əyani olaraq tanış ola bilmir. Çünki o bir hüquq müdafiəçisi kimi həbsxanalara baş çəkə bilmir: «Fərhad Əliyev həbsdə olarkən o mənimlə görüş barədə xahiş etmişdi. O zaman mən Fərhad Əliyevlə görüşə bildim. Hazırda Əli İnsanovla bağlı məsələni isə İctimai Komissiya araşdıra bilər. Çünki onların həbsxanalara girişləri var».

Ə.İnsanovun bəyanatından sonra ona beynəlxalq aləmdə diqqətin bir qədər də artacağını deyən A.Abdullayev vurğuladı ki, nüfuzlu beynəlxalq insan haqları təşkilatları onun işini nəzarətə alacaqlar: «Azərbaycanda heç kim zəmanət verə bilməz ki, Əli İnsanovun söylədikləri həqiqət deyil. Əgər o belə bir təhlükəni hiss edirsə, bunu bəyan edib».

Xəyal