Dövlət başçısı məmurları sədaqətə çağırmaqla, iqtidarda qopmalar olduğuna işarə vurdu
Ilham Əliyevin son çıxışında “Vətənə sədaqət” elegiyası qəlbimizi kövrəltməkdədir. Diktatorun çıxışında toxunduğu məsələlərin ardıcıllığını xüsusi olaraq diqqətinizə çatdırsaq, o, əvvəlcə məmurları vətənə sadiq olmağa çağırdı, sonra müxalifətin bitdiyini, məhv olduğunu dedi, nəhayət, sonda Azərbaycanın (əslində isə hakimiyyətin) qüdrətindən danışdı. Biz isə Ilham Əliyevin məmurları sədaqətə çağırmağının incə məqamlarına toxunmaq istəyirik.
Yayınmaq istəyənlər var
Əvvəlcə ordan başlayaq ki, İlham Əliyevin son bəyanatlarının nişangahından yayınmaq istəyənlər var. Hakimiyyətə yarım yaxın media orqanı ehtiyac bilib ki, İlham Əliyevin Azərbaycan dilində dediyi fikirləri elə Vaqifin ana dilinə tərcümə eləsin. Guya, İlham Əliyev “Bəzi satılmış müxalifət qrupları” deyərkən Milli Şuarnı, onun satıldığı xarici qüvvə kimi isə Rusiyanı nəzərdə tutub. Bu “tərcüməyə” ehtiyac haradan yaranıb?..
İlham Əliyevin məmurlarına ünvanladığı “Xarici qüvvələrin təsirinə düşməyin” çağırışı isə vəziyyətin daha ciddi olduğunu göstərir. İlham Əliyev bu bəyanatı verirsə, demək ki, bunu kiməsə eşitdirir. Eşitdirmək zərurəti yaranıbsa, deməli, kimsə artıq yolu dəyişib, indi onu “sədaqət yolu”na dəvət etmək zərurəti yaranıb. Bu isə o deməkdir ki, komandada qopmalar var.
Bu həm də Ilham Əliyevin öz komanda üzvlərilə daxili dialoq imkanının bitdiyinin göstəricisidir. Ilham Əliyev bir dəfə də belə bəyanat vermişdi. O zaman onun bəyanatı iki nazirin (Əli Insanov və Fərhad Əliyev) və bir çox dövlət məmurlarının həbsi ilə nəticələndi.
Istənilən halda, Azərbaycan rəhbəri müxalifəti “bitmiş”, “məhv olmuş” adlandırandan sonra öz məmurlarına sədaqət çağırışı edirsə, deməli, durum həm də geosiyasi amillərin hakimiyyətin daxilinə nüfuz etməsi baxımından gərgindir.
Əliyev üçün qorxulu nümunə varmı?
Ikinci önəmli məsələ odur ki, Ilham Əliyev niyə bu ərəfələrdə belə bir çıxış edib? Ukraynada baş verənlər bu məsələnin analizi üçün çox mühüm əhəmiyyət kəsb edir. Korrupsiyaya bulaşmış diktatura rejimlərilə mübarizədə ən təsirli rıçaq həmin rejimin əsas fiqurlarının Qərb ölkələrindəki biznesləri və ya varidatlarıdır. Heç şübhəsiz ki, Ilham Əliyev də Ukraynada baş verənləri görür. O, şahid oldu ki, başda Renat Axmedov olmaqla, zəngin ukraynalılar Qərbdəki mülklərini Yanukoviç hakimiyyətinə görə riskə atmaq istəmədilər. Bu isə rejimin yumşalmasına və yeni prosesin başlanmasına səbəb oldu. Sirr deyil ki, Azərbaycan məmurlarının da Avropada böyük miqdarda pul və sərvətləri var. Onlar onsuz da əbədi olmayan hakimiyyətə görə sərvətlərini riskə atarlarmı? Əliyev hakimiyyətində olanları birləşdirən yeganə dəyərin pul olduğunu göz önünə gətirsək, məlum olacaq ki, heç bir məmur-oliqarx öz pulunu təhlükəyə atmayacaq. Bu mənada Əliyev vəziyyətin xeyli çətin olduğunu dərk edir. Ona görə də belə açıq çağırışlar etmək məcburiyyətini hiss edir.
Bu cür üsullarla sözügedən prosesi durdurmaq mümkündürmü? Təbii ki, yox. Çünki Ilham Əliyev gediləsi bir yolun ortasında dayanıb və maneə kimi çıxış edir. Qərb isə bu məsələdə heç kimlə razılaşmaq fikrində deyil. Hətta Putin üçün ssenarilər açıqlanırsa, deməli, Bakıda müqavimət elə də məntiqli addım deyil.
Seymur Həzi