İlham İsmayıl: «Onun Azərbaycana gəlişi, ölkəmizin üzərindən hər hansı bir əməliyyatlar aparmağa çalışması bizim imicə xələl gətirə bilər»
Xorvat silah mafiyasının lideri Hrvoje Petracın hazırda Azərbaycanda olduğu barədə yayılan xəbər bir sıra suallar doğurmamış deyil. Qərb kəşfiyyatına bağlı, mərkəzi ofisi Parisdə yerləşən qlobal strateji kəşfiyyat araşdırmaları ilə məşğul olan “İntellegence Online” mərkəzinin bu məlumatı beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Xatırladaq ki, məlumata görə, Petrac bəzi ərəb ölkələrinin kəşfiyyatının dəstəyi ilə İordaniya üzərindən Suriyaya silah göndərməyə çalışır.
Balkan silah mafiyasının aparıcı liderlərindən biri olan Hrvoje Petrac öz biznesi üçün Suriyada yeni imkanlar axtarışını məhz Azərbaycanda reallaşdırması isə bir sıra suallar yaradır.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, bu cür olayların siyasi tərəfindən daha çox, biznes tərəfi maraqları üstələyir. Siyasi, hərbi gərginlik olan ölkələrdəki münaqişələrdən bu cür biznesmenlərin maksimum yararlanmağa çalışdıqlarını deyən İ.İsmayıl vurğuladı ki, müvafiq orqanlar bu məsələlərə ciddi yanaşmalıdırlar. Çünki burada Azərbaycanın beynəlxalq imici zərbə görə bilər: «Hrvoje Petracın niyyəti mətbuatda yazıldığı kimidirsə, ola bilər ki, o, bu silahları Suriyadakı müxaliflər üçün nəzərdə tutur. Amma onun Azərbaycana gəlişi və ölkəmizin üzərindən hər hansı bir əməliyyatlar aparmağa çalışması bizim imicə xələl gətirə bilər».
İ.İsmayıl eyni zamanda xorvat silah alverçisinin Azərbaycanda istehsal olunan silahı alacağının da inandırıcı olmadığını dedi. «Sadəcə olaraq silah alverçiləri dünyada baş verən bu cür olaylardan maksimum gəlir əldə etməyə çalışırlır. Amma Hrvoje Petracın Azərbaycanda olması heç də ona dəlalət etmir ki, o öz məqsədləri üçün Azərbaycan silahını almaq üçün ölkəmizdədir», deyə İ.İsmayıl vurğuladı.
Xəyal