Əliyevin “xarici təsir” xəbərdarlığı nədən qaynaqlanır?

Dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair konfransda etdiyi çıxışda diqqətçəkən daha bir məqam dövlət başçısının məmuralar müraciəti idi. İ.Əliyev ünvanladığı mesajlarda məmurların xarici dairələrin təsiri altına düşə biləcəyindən narahatlığını dilə gətirir. lham Əliyev bu narahatlığı belə ifadə elədi: “Məmurlar vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir”. Beləliklə, hər dəfə müxalifəti, vətəndaş cəmiyyəti institutlarını, azad yazarları xarici dairələrin təsiri altına düşməkdə ittiham edən Ilham Əliyev ilk dəfə olaraq komandasından bu məsələyə görə şübhəsini gizlətmədi. İ.Əliyevi bu cür çıxış etməyə vadar edən səbəb nədir? Dövlət başçısı nədən ehtiyatlanır? Bu sualların cavablarını münasibətini öyrəndiyimiz ekspertlərdən almağa çalışdıq.

İbrahim İbrahimli: «Azərbaycanın oliqarx-məmurlarının kapitallarının böyük hissəsinin xaricdə olması İlham Əliyevi narahat edir»

Milli Şuranın üzvü, istiqlalçı deputat İbrahim İbrahimli hesab edir ki, dövlət başçısının narahatlığı əsassız deyil. İ.İbrahimlinin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən məmurlar, oliqarxlar, iş adamları əllərində olan kapiatıl bir qayda olaraq Türkiyə və Avropa ölkələrində yatırmağa çalışırlar. Bunun iki səbəblə bağlı olduğunu deyən İ.İbrahimli vurğuladı ki, birinci səbəb Avropa ölkələrində azad biznes üçün əşraitin olması, ikinci amil isə kapitalın xaricdə daha təhlükəsiz olmasıyla əlaqəlidir: «İlham Əliyev Ukraynada hazırda gedən prosesləri görür. Hakimiyyət texnooloqları bu proseslərin Azərbaycana mümkün təsirlərini araşdırırlar. Qərbin Ukraynaya mümkün təzyiqlərindən biri də oliqarx məmurların xaricdəki vəsaitləri vasitəsilə həyata keçirilib. Azərbaycanın da oliqarx-məmurlarının kapitallarının böyük hissəsinin xaricdə olduğu nəzərə alınarsa, İlham Əliyevin narahatlığı bundan irəli gəlir. Ukraynadakı proseslərin Azərbaycana keçidi tam mümkündür. Çünki 2015-ci ildə Avropa Birliyinin növbəti sammitində Azərbaycanla bağlı mühüm qərarların qəbul olunması gözlənilir».

İ.İbrahimli vurğuladı ki, yaxın illər ərzində Azərbaycanla bağlı demokratik məsələlər gündəmə gələcəyindən İ.Əliyev məmurları hədələməyə çalışır. «İlham Əliyev xaricdən gələn təzyiqlərin nəticəsində mərkəzdən qaçmanın güclənməsindən ehtiyatlanır. Hakimiyyətin, İlham Əliyevin  təlaşı bununla bağlıdır», deyə İ.İbrahimli qeyd etdi.

Mehman Əliyev: «İlham Əliyev açıq bəyan edir ki, Qərbdən gələn çağrışlara qarşı müqavimətdə oliqarx-məmurları da yanında görmək istəyir»

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin isə fikrincə, Qərb Azərbaycan hakimiyyətindən seçkidən əvvəl üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə çağırır. Prezident seçkisindən sonra Qərbdən gələn mesajlarda bu məqamın xüsusi vurğulandığını deyən M.Əliyev bildirdi ki, İ.Əliyevin bəyanatlarına bu kontekstdən yanaşmaq lazımdır: «Azərbaycan hakimiyyətindən beynəlxalq öhdəlikləri yerinə yetirməyə, demokratik islahatları reallaşdırmağı tələb edirlər. Amma hakimiyyət bu mesajlara öz müqavimətini göstərir. İlham Əliyevin də çağrışı məmurlara yönəlib. İlham Əliyev bununla bəyan edir ki, o, hazırda Qərbdən gələn çağrışlara müqavimət göstərir və oliqarx-məmurları da yanında görmək istəyir. Bu həm cəmiyyətə, həm də xarici ictimaiyyətə açıq mesajdır ki, hakimiyyət güzəştə getmək niyyətində deyil».

Xəyal