Dünən oxuduq: son on ildə Azərbaycanda nəqliyyat sektoruna 10 milyard manat xərclənib, bu, Gürcüstanın iki, Ermənistanın üç illik büdcəsi deməkdir hardasa. Bəs nəticə? Ortada Bakının və rayonların mərkəzi, özü də əsasən Heydər Əliyevin adına olan küçə və prospektlərinin asfaltlanmasından başqa heç nə yoxdur.
Yapçılar xarici qonaqlara Bakıda “Torqovı”dan qeyri yerləri göstərəndə cin atına minirlər, deyirlər, bu, vətənə xəyanətdir, erməni dəyirmanına su tökməkdir. Amma mən buradan 9 milyonluq hər kəsə, olan və olmayan bütün vicdanlara səslənirəm: yaşadığınız kənddə, qəsəbədə, şəhərdə mərkəzi küçədən savayı asfaltlanmış bir yol varmı? Nə vaxtsa evdən işə, işdən evə basabassız, siz bir başqasının belinə minmədən, ya da başqa biri sizin az qala boynunuzda oturmadan gedib-gəldiyinizi xatırlayırsınızmı?
Cavablar aydındır. Bəs hanı bu 10 milyard manat? Axı biz konfet kağızından danışmırıq. Ilə bir milyard manatlıq xərcləmədən bəhs edirik. Amma əldə var sıfır. Sonra da deyirlər, korrupsiyaya dair fakt göstərin. Fakt başqa nəyə deyirsiniz? Bəyəm faktın başında palıd ağacı-zad olur? Bəyəm korrupsiyanın buynuzu olur?
Iki gün əvvəl saytların kriminal xəbər lentlərində oxuduq, “Bakıda mənzildən 350 min manat pul, 150 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb”. Üst-üstə 500 min manatlıq bir oğurluqdan söhbət gedir. Istər-istəməz, düşünürsən: təkcə evində bu qədər sərvət saxlayan görəsən, hansı bəxtəvərdir? Rəsmi məlumatda onun 45 saylı orta məktəbin müəlliməsinə aid olduğu yazılıb. Ölkədən bixəbər adam da elə zənn edər ki, 200 manata dərs deyən+seçki saxtalaşdıran müəllimlər heç bizim ölkədə yaşamırlar, bizdə müəllimin həqiqətən də hər könüldə yeri vardır, hər kənddə, hər şəhərdə onun meyvələri vardır, bu meyvələri “Təzə bazar”da babat qiymətə satıb müəllim-oliqarx olmaq mümkündür.
Amma gəlin tələsməyək. Xəbərin davamında oxuyuruq ki, həmin 500 min manatlıq sərvətin sahibi olan müəllimənin həyat yoldaşı Abşeron rayonu üzrə Sosial Müdafiə Mərkəzinin rəis müavinidir. Vəssalam. Söhbət burada qapanır. Əlavə şərhə ehtiyac yoxdur. Uzaqbaşı belə demək olar: “Korrupsiya dünyanın hər yerində var”. Müdrik atalar demişkən, “Bacarana baş qurban”.
Yaxud, o gün bəh-bəhlə açıqladılar ki, ölkədə 41 Olimpiya-Idman Kompleksi tikilib, guya böyük şey olub. Mən nə bu komplekslərin inşasına xərclənən yüz milyonları sorğulamaq fikrindəyəm, nə o komplekslərin əksəriyyətinin qapısından yekə bir qıfıl asılmasından, bir çoxunda hotel və hovuzların kimlər üçünsə eyş-işrət məclislərinə çevrilməsindən. Sadəcə, soruşmaq istəyirəm: Soçidəki Qış Olimpiya Oyunlarında Azərbaycan vur-tut 4 idmançı ilə təmsil olunacaq. Əslində burada “təmsil olunacaq” sözləri söyüş kimi səslənir, çünki həmin o 4 idmançı legionerdir, hansısa ölkədən tutub gətiriblər, aralarında bircəciyi belə azərbaycanlı deyil.
Son 10 ildə 2700 məktəb tikmişik deyirlər, amma ölkədə faktiki olaraq təhsil yoxdur, elə həmin 10 il bundan əvvələdək ali məktəblərə keçid balı indikindən azı iki dəfə yüksək idi.
Son 10 ildə 500-dən çox xəstəxana tikmişik deyirlər, amma elə bu son 10 ildə ölkədə “həkim terroru”, “ağ xalatlı cəlladlar” kimi yeni “tibbi terminlər” yaranıb, kasıblar müayinə və müalicə üçün Irana, bir az maddi imkanı olanlar Türkiyəyə, varlılar Avropa və ABŞ-a üz tuturlar.
Niyə? Çünki məktəb, xəstəxana tikmək hələ təhsilin və səhiyyənin varlığı demək deyil. Idman kompleksi tikmək hələ idmanın olması demək deyil. Necə ki, bu ölkədə parlament binası var, amma o binanın içində parlament yoxdur. Məhkəmə binaları var, amma o binaların içində ədalət yoxdur, hüququn üstünlüyüy, qanunun aliliyi yoxdur. Prezident Administrasiyası da var, amma nə olsun – prezidentliyə məhdudiyyət yoxdur.
Nəyinsə binasını tikməklə iş bitmir. Körpü tikməklə də iş bitmir. Cənab yapçılar, bütün bunların o zaman bir anlamı, bir mənası, bir faydası olardı ki, əvvəlcə cibinizin ağzını tikəsiniz.
Cibinizin ağzını geniş açıb, xalqın ağzını möhkəm yummaqla inkişaf olmur.
Necə ki, olmadı da.
Olmayacaq da.
Düşün artıq belimizdən, düşün!!!