Ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan əhalinin neçə faizi müqavilə əsasında işləyir? Ən yaxşı halda 10 nəfərdən 3-4 nəfəri. Araşdırmalar göstərir ki, Azərbaycanın əmək bazarında çalışan əhalinin yalnız 3/1 hissəsinin əmək müqaviləsi var. Yerdə qalanlar isə taleyin ümidinə buraxılıb. Hətta başlarına bir iş qəzası gəldiyi halda belə, onlar üçün kimsə məsuliyyət daşımayacaq.
Elə “müqavilə niyə vacibdir” sualının cavabı da buradadır. Çoxumuzun önəm vermədiyi bu hüquqi akt əslində bir həyat sığortasıdır. Tərif anlamına baxsaq, müqavilənin mahiyyətində sadəcə vədlər dayanmır. Müqavilə mülkiyyət hüququnun qarşılıqlı mübadiləsidir. Onun qanuni olması üçün də hər iki tərəfin təklif etdiyi mülkiyyətə legitim hüququ olmalıdır. Demək ki, əməyini satan şəxs mütləq mənada qarşı tərəfin üzərinə konkret öhdəlik qoymalı və bunun əvəzini tələb etməlidir. Amma təəssüf ki, durum acınacaqlıdır. Hər il ölkəmizdə əmək hüquqlarının pozulması ilə bağlı minlərlə fakt qeydə alınır. Amma çox halda hüququ pozulan əməkçinin müdafiəsi, məhz əmək müqaviləsi olmadığına görə baş tutmur. Şəxsən mən özüm şahidi olduğum bir hadisəni xatırlayıram. Illər öncə Bakı ətrafındakı bağ evlərindən birinin tikintisində 25 yaşlı bir gənc yıxılıb həyatını itirmiş və 3 uşağı yetim qalmışdı. Həmin ev hakimiyyətdə yüksək mövqe tutan birinin yaxın qohumuna məxsus idi. Gəncin əmək müqaviləsi olmadığından ona kömək göstərmək mümkün deyildi. Mərhumun ailəsinə sona kimi yardım göstərəcəyini vəd edən harın adamlar isə iki aydan sonra hədə-qorxu gələrək, məsələnin bitmiş olduğunu bəyan etdilər. O müddətdə ödənilən “qanpulu” isə cəmi 500 dollardan ibarət olmuşdu.
Artıq “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi bununla bağlı ciddi hüquqi məsuliyyət nəzərdə tutur. Məcəlləyə əlavə edilən maddələr əmək müqaviləsi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir. Bu hal çox sayda insanla bağlı baş verdikdə, yeddi min manatdan on min manatadək cərimə olunma və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə, eyni əməllər təkrar törədildikdə isə üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Şübhəsiz, əmək müqavilələri ilə bağlı pozuntuların qarşısını almaq çox önəmli məsələdir və bunu sərt qanuni ölçülər götürməklə aradan qaldırmaq olar. Amma qanunu birbaşa o işin başında dayanan hakimiyyətə yaxın adamlar pozursa, ölçünü kim götürəcək? Bu qanun həmin şəxslərin şəxsi villalarında, göydələnlərində, plantasiyalarında, ticarət mərkəzlərində istismar olunan minlərlə əməkçinin hesabını ödədə biləcəkmi? Qanunlarımızın indiyə qədər edə bilmədiyi bu şeyi edəcəyinə çox inanmaq istərdim…
Şübhəsiz, Azərbaycan ağır iş şərtləri əsasında milyonların çalışdırıldığı yeganə ölkə deyil. Amma Azərbaycan böyük sərvətləri olub, dünyanın ən nəhəng korporasiyaları ilə iqtisadi müqavilələrin bağlandığı ölkədir. Və ürək ağrıdan odur ki, bizim zəngin ölkənin mövcud bolluğundan nəsibini ala bilməyən insanlar öz vətənlərində ümidlərini yalnız çörək puluna bağladıqları üçün ən ağır şərtlər altında çalışmağa razı olurlar.
Müqavilə həm də insanlara geniş coğrafiyada böyük layihələr keçirməyə və uzaq sərhədlərdə hüquqi yolla milyardlar qazanmağa imkanlar açır. Bunun bizim üçün real nümunəsi 1994-cü ildə dünyanın ən aparıcı şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” sazişidir. Bu saziş tarixə boşuna əsrin ən nəhəng layihəsi olaraq düşməyib. Onun əsasında həm də əmək müqaviləsi ilə minlərlə təminatlı iş yeri dayanırdı. Bu saziş təkcə həmin layihə çərçivəsində iş alan insanlara deyil, əsaslı olaraq ölkənin hər bir vətəndaşına gözəl güzəran vəd edirdi. Heyf ki, o vədləri verənlər sözlərini tutmadılar. Tutsaydılar, bu gün əmək bazarındakı əhalinin 3/2 hissəsi həyatını riskə qoyub, istismarçı əmək şərtləri ilə çalışmağa razı olardımı?