Əliyevin bu qələbəsini etiraf edirik

Əlahəzrətin özünə yeni təyyarə alması rejimin illərdir apardığı Qərb-Azərbaycan iqtisadi-ideoloji mübarizəsində ilk qələbə kimi də tarixə düşdü. 

…Sizə zarafat gəlməsin, prezidentin yeni aldığı təyyarəsi ilə Rusiyadan sonra dünyanın 2-ci, ölkəsi(!) durumuna gəldik. Hazırda dünyanın ən bahalı ikinci prezident təyyarəsi Ilham Əliyevə məxsusdur. Əslində birinci  yerdəyik, çünki Putinin IL-62 təyyarəsinin bazar qiyməti təxminən 70 milyon dollara yaxındır. Lakin təyyarənin interyerinə çəkilən xərc bundan təxminən 3 dəfə çoxdur. Salon XIX əsr çar sarayaını xatırladır, qızıl və gümüşdən işlənsə də, təyyarə Rusiya istehsalıdır və içərisi bahalı aksesuarlarla bəzədilmiş “QAZ-31″ və ”Mersedes”in müqayisəsini xatırladır. Rəsmi olaraq təyyarəni 300 milyon dollar dəyərində qiymətləndirirlər. 

Ilham Əliyevin yeni təyyarəsinin qiyməti isə 245 milyon dollardır. Yəni Putinin IL-62 təyyarəsindən bər-bəzəyi söksək, qiyməti təxminən 4 dəfə aşağı düşəcək. 

Ilham Əliyevin yeni təyyarəsi Isveçrənin “Cet Aviation Basel” şirkətinin məhsuludur. Seriyası “ACC340-600″ olan bu  təyyarənin komplektləşdirilməsi artıq başa çatıb. Avialayner  ”Cet Aviation Basel” şirkətinin komplektasiya mərkəzini tərk edib və rənglənmə işləri üçün Irlandiyanın paytaxtı Dublinə uçub. Bu təyyarə bir çox parametrlərinə görə Səudiyyə şahzadəsi Əl-Valid bin Talalın briliyantla işlənmiş “Airbus A380″-nu da kölgədə qoyur, məsələn, yanacaq doldurmadan uçuş məsafəsi, mühərrikin gücü və s…

Yazını bura qədər oxuyan sadə vətəndaşın ağlına yəqin belə bir fikir gəlir ki, müəllif, yəni bəndəniz dünyanın faktiki ağası olan ABŞ-ı və onun prezidentini “gəzdirən” vahiməli “Air force One”-ni unutmuşam, ya da qısqanıram. Xeyr, məsələ burasındadır ki, ABŞ-ın bir nömrəli təyyarəsi əslində Müdafiə nazirliyinin balansındadır və qiyməti elə də baha deyil. Sadəcə ölkənin bir nömrəli adamını “gəzdirən” təyyarə əhəmiyyətinə görə birinci sayılırdı və qiyməti açıqlanmırdı. Çünki təyyarədə planet üçün son dərəcə vacib olan bir neçə çemodan yerləşdirilib. Həmin çemodanlar dünyada tarazlığı saxlayır və orada hətta yadplanetlilərin hücumuna cavab verə biləcək silahların start düyməsi var. Lakin buna baxmayaraq, ABŞ dövləti Azərbaycan dövləti qədər bədxərcliyə ehtiyac görməyi uzun müddət lazım bilməmişdi.

Nəhayət uzun müddətdən sonra 2011-ci ildə, ABŞ prezidenti üçün nəzərdə tutulmuş və 223 milyon dəyərində olan təyyarə istismara verildi. Hazırda ABŞ-ın bir nömrəli təyyarəsi xüsusi modifiksasiyalı “Boeniq 747″-dir. Əhəmiyyətinə görə dünyanın bir nömrəli təyyarəsi… Ilham Əliyevin təyyarəsindən də ucuzdur. Bu təyyarəni Obamadan əvvəlki prezident kiçik Buş çox arzulasa da, Senat və Müdafiə nazirliyi buna qarşı çıxaraq, onu bir neçə dəfə ”yerində oturtmuşdular”. 

Avropadan bir sitatla paralellərə yekun vuraq və mətləbə keçək.

Almaniya kimi bir dövlətin birinci şəxsi dəyəri 26-30  milyon dollar olan sadə “Airbus A-304″-də uçur. Halbuki, Almaniyanın ona yaxın əyaləti var ki, hər birinin büdcəsi Azərbaycanın büdcəsindən ən azı beş dəfə çoxdur. Ölkənin  Federal büdcəsi ilə Azərbaycanın büdcəsi arasında fərqin fonunda ”fil və qarışqa” müqayisəsi daha məntiqlidir. 

Həkimi 5 min avro, adi müəllimi 2500-3000 avro maaş alan bir ölkənin birinci şəxsi bahalı təyyarəni özünə rəva bilmir. 

Azərbaycan vətəndaşı nəzərdə tutulmuş yaşayış minimumunun həyatda qalmaq üçün belə yetmədiyi bir halda prerzidentin dünyanın əh bahalı təyyarəsində uçmasının bir adı var -avtoritarizm və amansız diktatura.

Fikir verdinizsə, AzTv başda olmaqla, nə Lider, ATV, nə də ki, Mirşahin bu uğurdan nəsə düzəltməyə çalışmadılar. Əslində ortaya illərdir gözümüzə soxduqları Qərb-Azərbaycan müqayisəsi də, ölkəmizin xeyrinə(!) yeganə həqiqi fakt ortaya çıxmışdı, təyyarə məsələsində Avropanı geridə qoymuşduq. 

Susdular, qoca ovçular demiş, “marığa yatdılar”. Hətta prezidentin üçüncü dəfə seçilməsini “orijinal” şəkildə sadə vətəndaşlara ədalətin təntənəsi kimi sırımağa cəhd edən ANS-in Mirşahinindən belə xəbər gəlmədi.  

Bəd ayaqda Ermənistanın hərbi büdcəsinə lağ etmək, əlqərəz, adət etdiyimiz “amma mən sevindim, bilirsiz niyə?” ilə başlayan moizə eşitmədik. 

Nə oldu bunlara, – “təvazökar prezident” imici üçün çəkdikləri əziyyətə heyfləri gəldi, yoxsa, təyyarəni göz-nəzərdən qorudular?.. 

Inanmaq istəyirəm ki, onlar XIX əsrdə yaşadıqlarını xatırlayıblar…