Azərbaycana “Eurovision”da iştirak qadağan oluna bilər

“Eurovision”da saxtakarlıq edən ölkələrə qarşı 3 illik qadağa tətbiq olunacaq. Bu barədə İngiltərənin “The Guardian” qəzeti məlumat yayıb. Məqəlanin müəllifi Con Plankett xatırladır ki, ötən il İsveçdə keçirilən müsabiqə zamanı Azərbaycan tərəfindən tamaşaçıların səslərinin pulla alınmasına cəhd edilməsi faktları aşkarlanıb.
Məqalədə bildirilir ki, 58 ildir müsabiqəni təşkil edən Avropa Yayım Birliyi son illərdə yarışmada müşahidə olunan rüşvət və səslərin alınması kimi xoşagəlməz hallara son qoymaq üçün qaydaları sərtləşdirib: “Eurovision” təşkilatçıları araşdırmalar nəticəsində ötən il İsveçdə keçirilən müsabiqə zamanı tamaşaçı səslərinin alınmasına uğursuz cəhdlərlə bağlı sübutlar əldə endən sonra belə qərar verilib ki, saxtakarlıqda iştirakı olan ölkələr üç il müsabiqədən kənarda qalacaq.
Ötən il Azərbaycan İsveçin Malmö şəhərində keçirilən yarışma zamanı münsiflər heyətinin və digərlərinin səslərini pulla almaqda günahlandırılırdı. Litvalı tələbələrə bu məqsədlə pul verilmişdi. Litva saytı ötənilki yarışmanın finalı günü lentə alınmış kadrları yayımlamışdı.
Ötən il azərbaycanlı ifaçı 234 xalla ikinci oldu.
Yarışmada səsvermə sistemi 2009-cu ildən dəyişərək 50/50-yə oldu. Yəni, xalların 50 faizi münsiflər heyəti, qalan 50 faizi də tamaşaçı SMS-ləri hesabına toplanılır”.
“Heç kim şübhə etməsin ki, biz səslərin alınmasıyla bağlı dələduzluq halları aşkarlasaq, üç ilə qədər qadağa mütləq tətbiq olunacaq”, – deyə “Eurovision”un icraçı direktoru Con Ola Sand “The Guardian”a bildirib.

İnformasiya şöbəsi