Hakimiyyət Gültəkin Hacıbəylidən qisas alır

Vidadi Mirkamal: «Mahmud Mehdiyevin prokurorluqdan işdən azad olunması, Gültəkin Hacıbəyliyə qarşı atdığı addımlardan sonra yenidən işə bərpa olunması hakimiyyət tərəfindən mükafatlandırılması kimi qiymətləndirilməlidir»

 Bu isə çox iyrənc bir metoddur

Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilməsi ilə bağlı bir müddət əvvəl “Azadlıq”da məlumat dərc edilmişdi.

Məlumatın maraqlı tərəfi ondan ibarətdir ki, M.Mehdiyev 2010-cu ildə elə baş prokuror Qaralovun öz əmri ilə prokurorluq orqanlarından xaric edilib. Səbəb kimi isə M.Mehdiyevin prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyini göstərib. Baş prokurorun bu əmri barədə “Azadlıq” qəzeti hələ ötən ilin oktyabrında məlumat yaymışdı. 

Bu məsələ ilə bağlı məlumat yayılanda Baş Prokurorluqdan məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmadı. 

“Zerkalo” qəzetinin dünənki sayında isə Xətai rayon prokurorluğunun Mahmud Mehdiyevin təyinatı faktını təsdiqlədiyi ilə bağlı məlumat dərc olunub. Qəzet Mahmud Mehdiyevdə əlaqə saxlasa da, o öz növbəsində suala cavab vermək istəmədiyini bildirib. 

Gültəkin Hacıbəyli isə bu təyinatı Mahmud Mehdiyevin “xidmətlərinə görə” mükafatlandırılma kimi qiymətləndirib. 

Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə Gültəkin Hacıbəylinin fəaliyyətinin hakimiyyəti narahat etdiyini deyir. Ona görə də hər addımda onunla bağlı müxtəlif problemlər yaradılır. Bu problemlərdən biri keçmiş həyat yoldaşı və baldızının iddiası əsasında ona qarşı xüsusi ittiham qaydasında işin açılmasıdır. Bütün bunlar G. Hacıbəyliyə qarşı repressiyanın bir hissəsidir. 

V.Mirkamalın sözlərinə görə, Mahmud Mehdiyevin prokurorluqdan işdən azad olunması, lakin Gültəkin Hacıbəyliyə qarşı atdığı addımlardan sonra yenidən işə bərpa olunması onun hakimiyyət tərəfindən mükafatlandırılması kimi qiymətləndirilməlidir. Bu isə o deməkdir ki, hakimiyyət rəqiblərinə qarşı şər, böhtan kampaniyasında iştirak edənləri mükafatlandırmağı bacarır. Bu mənada Gültəkin Hacıbəyliyə qarşı təhqir kampaniyasını həyata keçirən digər keçmiş qohumları da mükafatlarını ala bilər. Bu isə çox iyrənc bir metoddur. 

Fizzə