Bakıda məmur evindən ölkəyə səs salan oğurluq

Əvvəlcə yarım milyon sərvətin aparıldığı bildirildi, amma sonra…; məmur “oğurlanan pullar mənim deyil” deyir

Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis Bölməsindən verilən məlumata görə, Bakı şəhər sakini Rəhilə Bahadır qızı Məmmədova Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, srağagün evdə olmadığı müddətdə mənzilindən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.
Polisdən həmçinin bildirilib ki, R.Məmmədova paytaxt ərazisində 45 saylı məktəbdə ədəbiyyat müəlliməsi işləyir (APA).
Az sonra bəlli olub ki, ev sahibi dövlət məmurudur. Rəhilə xanımın həyat yoldaşı Oqtay Məmmədov Abşeron rayon Sosial Müdafiə Mərkəzinin direktorudur. “Milli.az”ın əldə etdiyi məlumata görə, O.Məmmədov cəmi bir neçə gün əvvəl bu vəzifəyə təyin olunub. O, əvvəllər Sumqayıt şəhər Sosial Müdafiə Mərkəzinin rəhbəri işləyib.
Bakıda məmurun evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlandığı haqda xəbər sürətlə yayılan vaxtda Nərimanov Rayon Polis İdarəsindən növbəti açıqlama verilib. İdarənin rəisi Muradəli Babayev APA TV-yə bildirib ki, oğurlanan məbləğ ərizədə göstərildiyi qədər deyilmiş: “Mənzildən oğurlandığı deyilən məbləğ zərərçəkənin uydurmasıdır. Qadın əvvəl evdən 35 min manat oğurlandığını bildirib, sonra isə ifadə dəyişdirilib. Bu adi bir oğurluq faktıdır”.
Evi qarət olunan Oqtay Məmmədov isə “Milli.az”a bildirib ki, mənzilindən 200 min dollar oğurlanması həqiqətə uyğun deyil. Onun sözlərinə görə, mənzilindən cəmi 35 min manat pul, yoldaşına məxsus 6 min manat dəyərində qızıl oğurlanıb, oğurlanan pul da onun olmayıb. “Mənim pulum deyildi, oğlumun idi, iş görmək istəyirdi. Maşınını satmışdı. Dünən mən evdə olmayanda oğurluq edilib”, – deyə O.Məmmədov qeyd edib.

İnforsiya şöbəsi