“Azərbaycan türkcəsində Quran” nəyi dəyişəcək?

Azərbaycanlıların Suriyaya “mücahidlik” ardınca getməsini önləmək üçün yaptokratiyanın çarə arayışları tam bir fiaskodur. Bunu ən azı iki təklifdən görmək mümkündür.

BIR: Suriyaya gedənlərin cinayət məsuliyyətinə cəlb edilməsi və həbs olunması;

IKI: Quranın Azərbaycan dilində oxunması.

Indi bu iki təklifin niyə fiasko olduğuna, çıxış yolu olmayacağına aydınlıq gətirək.

***

Başlayaq Suriyaya azərbaycanlı axınını həbslə önləmək təşəbbüsündən. 

Əvvəla, bu təməl insan haqq və azadlıqlarına ziddir. Həmçinin ölkənin kağız parçasından fərqlənməyən Konstitusiyasına və digər qanunlarına. Bir insanın hərəkət marşrutunu nə vaxtdan hakimiyyətlər müəyyənləşdirir? Harada görünüb ki, ürəyin istədiyi bir ölkəyə getmək istəyəsən və qollarını qandallı görəsən?

Ikincisi, cəzaların sərtləşdirilməsi heç bir zaman çıxış yolu deyil. Sadəcə, cəzaları sərtləşdirməklə cinayətləri önləmək mümkün olsaydı, gəlişmiş ölkələrdə niyə bu təcrübədən sürətlə vaz keçilir? Məsələn, edam hökmləri ləğv olunur, ciddi bir zərurət olmadıqda həbs qətimkan tədbirinin seçilməməsinə üstünlük verilir? Üstəlik, bunun müsbət nəticələri də hiss edilir, həmin ölkələrdə cinayətkarlıq səviyyəsi ən sərt cəzaların hökm sürdüyü ölkələrlə müqayisədə dəfələrlə aşağıdır.   

***

Gələk Quranın Azərbaycan dilində oxunması təklifinə. 

Oxşar təşəbbüs – ana dilində ibadət təklifi hələ 30-cu illərdə Türkiyədə gündəmə gəlmiş və həyata keçirilməyə  başlanılmışdı. Administrativ yolla bir müddət ana dilində ibadət həyat keçirilsə, türkcə azan verilsə də, bir sonuca varılmadı. 

“Türkiyə türkcəsində Quran” ideyası uğursuzluğa düçar oldu.

Indi “Azərbaycan türkcəsində Quran” təşəbbüsünün nəyəsə yarayacağını gözləmək sadəlövhlükdür. Necə deyərlər, ortada “gözü çıxmış qardaş” örnəyi var.

Digər tərəfdən, guya insanların dini bilgilərinin artması, Quranı anlaymağa başlaması nəyi dəyişəcək? Gedin istənilən vətəndaşdan soruşun, görün intiharların dində günah olduğundan xəbəri var, ya yox. Əlbəttə, var. Bəs bu niyə özünəqəsdlərin önünə keçmir? Bəs 7-dən 77-yə hamı intiharların günah olduğunu bildiyi halda Azərbaycan niyə “intiharlar ölkəsi”nə çevrilməkdədir?

***

Bəs çıxış yolu nədədir?

Bu sualın çox sadə cavabı var. Azərbaycanın yüksəliş yolunu doğru müəyyənləşdirmək. Onu öz mental və dini kimliyinə qapatmaqdansa, bəşəri dəyərlərə açıq bir ölkəyə çevirmək. Çağdaşlığın, dünyəvi düşüncənin alternativi olmadığına inanmaq və inandırmaq.  

Azadlıqların və bilginin önünü açmaq.

Mən Kamyunun bu sözlərinə tez-tez istinad edirəm, çünki çox dəqiqliklə deyilib: “Cəhalət bütün pisliklərin anasıdır”.

Cəhalətin kökündə isə yalnız elmsizlik, bilgisizlik dayanmır, həm də köləlik, mütilik dayanır.

Yəni cəhalət sadəcə, savadsızlığın meyvəsi deyil.

Eyni zamanda daxili qorxaqlığın, mütiliyin meyvəsidir, azadlıqların olmamasının nəticəsidir.

Quş tək qanadla uça bilmədiyi kimi, bir toplum da tək qanadla uça bilməz. 

Azadlıq və bilgi – onlar qoşa qanad kimidirlər, hər cür yüksəlişə, tərəqqiyə yalnız bu ikisi bir arada olduqda nail olmaq mümkündür.

***

Cəmiyyətdə heç bir pisliyin, neqativin, gerizəkalılığın, geridəqalmışlığın önünü administrativ və inzibati yollarla kəsə bilməzsiniz.

Onları yaradan təbii səbəblərə qarşı süni, mövsümi addımlarla, qərarlarla mübarizə apararaq, daha doğrusu, belə bir mübarizə görüntüsü yaradaraq nəticə əldə etmək fiksiyadır, filfilodur.

Hazırkı idarəetmə tərzi və təfəkkürü ilə Azərbaycanın heç bir təhlükədən sığortalanmadığı qəbul edilməlidir.

Gecə-gündüz ətək-ətək neft pulu töküb dünyanın ən bahalı yollarını çəkməklə deyil ki! Öncə ölkənin getdiyi yolun özü düz olmalıdır. Yalnız bundan sonra yol çəkməyin də bir anlamı, bir faydası olacaqdır.

Əks halda, məşhur Molla Nəsrəddin lətifəsindən fərqli sonluq gözləməyə dəyməz. Yadınızdadırsa, həmin lətifədə Molla əmi, “Nə yeyirsən” sualının cavabında demişdi:

– Belə getsə, heç nə!