Əli Insanov uğrunda savaş!
Avropa Məhkəməsinin qərarına uyğun olaraq Əli Insanovun məhkəməsi gerçək məhkəmə normalarına uyğun yenidən keçirilməlidir. Bu qərar keçən il verilib, keçən il də işə baxılıb sona varılmalıydı. Ancaq belə görünür rejim keçən il başa çatmalı məhkəmə prosesini hələ indi başlayır. Indi başlayır: Azərbaycanda ilkin olaraq Əli Insanovla bağlı uyğulanan şüşə qəfəsdə. Şüşə qəfəsin dünya məhkəmə praktikasında olduğu bəllidir. Buna dözmək olar. Dözüləsi olmayan hakimin Əli Insanovu PULTLA yönətməsi (idarəetmə) görsənişidir. 1993-dən, Azərbaycana düşmən Əliyevlər dönəmindən bu yana, məhkəmələrin, daha doğrusu, məhkəmə hakimlərinin PULTLA yönətilməsi elə o çağlardan daşlaşmış qanuna çevrilib. Biz bir millət olaraq 20 il bu bu qanunsuz, əxlaqsız “məhkəmə” praktikasına dözmüşük…
Indi, aradan 20 il keçəndən, ANTIMILLI, ANTIDEMOKRATIK hakimiyətlərinin 21-ci ilinə start verəndən Ilham Əliyev yeni məhkəmə praktikasına star verir: istəmədiyi adamı tutdurub dustaq etdirməyi azmış kimi, hələ onun danışmaq hüququnu yasaqlayaraq MƏHKƏMƏ anlayışı ilə bir araya sığmayan PULTLU yönətim hüququ yaradır! Bu yalnız Əli Insanova yönəlik yasaq, yeni məhkəmə-hüquq tapıntısı olsaydı, susub keçmək olardı. Yox, bu o deyil. Bu, Heydər Əliyevin 1969-cu ildən özülünü qoyduğu PULTLA yönətilən Azərbaycan siyasətinin bala Əliyev dönəmində, qayıdışın 21-ci ilində, məhkəmə-hüquq praktikasına çevrilməsi, atanın yürütdüyü çoxillik xalqı susdurma siyasətinin LEGITIMLƏŞDIRILMƏSI deməkdir!
Bu legitimləşdirmə praktikası çox pisdir, olduqca pis. Ancaq burasını da demək gərəkir: Əli Insanov bu legitimləşdirməni qazanıb. Buna görə onu yalnız alqışlamaq olar. O, məhkəmə prosesinin o başından bu başına bir çox başqaları kimi, “Ilham Əliyev özü yaxşı, ətrafı pisdir” mənliksizlik taktikasını seçmədi. Əli Insanov məhkəmə proseslərinin ilkin çağlarından, 2007-ci ildən, Əliyevlər dönəminin məhkəmə tarixinə sözün gerçək anlamında qızıl hərflərlə yazılacaq, birbaşa Ilham Əliyevə yönəlik bir-birindən sərt, bir-birindən kəskin suçlama-çıxışlarda bulundu. 2007-ci ildə, xalqı aldadıb inamını oğurlayaraq arın-arxayın kef çəkdiyi o çağlarda, Əli Insanovun bir-birindən sərt-kəskin çıxışları onda, ola bilsin, Ilham Əliyevdə eləcə dadlı gülüş doğururdu. Ancaq indi, KRALIN LÜT – YALANÇI OLDUĞUNU yalnız bir uşaq deyil, hamı – bütün ÖLKƏ biləndən sonra, Əli Insanovun məhkəmə çıxışları Ilham Əliyevi qorxudur, özü də çox qorxudur. Buna görə səskeçməz şüşə qəfəsdə belə, ondan qorxaraq ortaya PULTLU hakim obrazında çıxır. Hamı bilməlidir: məhkəmədə görünən o PULTLU hakim Əli Insanovun çıxışlarından qorxuya düşmüş Ilham Əliyevin özüdür! Qabaqlar qorxmayan indi niyə qorxur? Illərdən bəri tapdayıb əzdikləri bu xalq 9 oktyabr seçkisində daha çox passiv formada olsa belə, rejimdən üz döndərdiyini açıq göstərdi. Illərlə böyük aldanışlar içində soyulub-yağmalandığını görən xalq indi bir çınqıya bənddi. Üstəlik, arı-duru adıyla tanınan professor Cəmil Həsənli televiziya ekranından bu xalqa ölkəni bürüyən rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun, monopoliyaların başında birbaşa Ilham Əliyevin durduğunu bildirdi. Daha bir üstəlik, Kiyev meydanına daşınıb yandırılan təkərlərin gecə-gündüz göyə qalxan alovunu hamı gördüyü kimi Ilham Əliyev də görür!
Ə.Insanovla bağlı ortaya çıxan ikinci dözülməz görsəniş birbaşa KQB praktikası – “psixi xəstə diaqnozu”dur. Sovet dövlətində ayrı cür düşünənləri illərlə öldürmə praktikasından “psixi xəstə” praktikasına… keçilmişdi. 93-dən bəri çoxsaylı öldürmələrin “psixi xəstə” fazasına keçməsi diktatura praktikasına bağlı qanunauyğynluqdur. Ə.Insanovun başlanğıcda özünü qurtarmağa yönəlik çarpışması bu gün istər-istəməz milli qurtuluş çarpışmasına çevrildiyindən… Əli Insanov uğrunda ellik savaş başlamalıdır!