«İntiharlar vətəndaşların Azərbaycan hakimiyyətinə etirazının bir formasıdır»
«Milli Şura davam etməlidir, çünki hələ qarşısına qoyduğu məqsədlərə nail olmayıb»
Qulamhüseyn Əlibəyli: «Azərbaycan məmurlarına da Maqnitski qanunu tətbiq oluna bilər»
Ölkəni bürüyən intihar dalğası artıq həyacanverici həddə çatıb. Demək olar ki, hər gün yeni intihar hadisəsi barədə məlumat yayılır. Dövlət strukturlarının vətəndaşları narahat edən problemləri həll etməməsi sonda bu cür acınacaqlı mənzərənin yaranmasına səbəb olur. Bugünkü həmsöhbətimiz Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə müsahibəmizə elə gündəmin əsas mövzusu olan intiharların səbəblərinə münasibət öyrənməklə başlamaq qərarına gəldik:
– Baş verənlər Azərbaycan iqtidarının öz vətəndaşlarına münasibətinin göstəricisidir. Azərbaycan hakimiyyəti vətəndaşlarla hesablaşmaq, qanunla üzərinə düşən vəzifələri yerinə yetirmək, vətəndaşların problemlərini həll etmək istəmir. Ona görə də Azərbaycanın hakimiyyət strukturlarında ədalət tapa bilməyən, problemlərini həll etdirmək imkanına malik olmayan şəxslər belə yola düşürlər. Yəni intihar son həddir. Əslində bu vətəndaşların Azərbaycan hakimiyyətinə etirazının bir formasıdır. Düşünürəm ki, bütün cəmiyyət problemin hansı səviyyədə olduğunu gözəl bilir. Məmurlar özünə intihar edən şəxslə bağlı müxtəlif məlumatlar verə bilərlər. Hətta həmin şəxslərin ciddi psixoloji problemlərinin olduğu ilə bağlı arayış da ala bilərlər. Azərbaycan kimi dövlətlərdə bu çətinlik törətmir. Amma bu məsələnin mahiyyətini dəyişmir. Ona görə düşünürəm ki, Azərbaycan hakimiyyəti bu intiharları ört-basdır etməkdən, onlara başqa don geyindirməyə çalışmaqdansa, vətəndaşlara qarşı davranışını dəyişmək barədə düşünməlidir.
Bu çıxış yolu deyil
– Amma bu intiharlarla bağlı hüquq-mühafizə orqanlarının fəaliyyəti adekvat deyil. Insanları intiharlara təhrik edənlər məsuliyyətə cəlb olunmayıblar. Əksinə hakimiyyət baş verən intihar olaylarını zərərçəkmişlərin yaxınlarına külli miqdarda pul vəsaiti ödəməklə ört-basdır etməyə çalışır. Bu isə bəzi hallarda insanları daha da stimullaşdıran faktora çevrilir. Problemin məhz bu cür yol ilə çözülməyə çalışılması çıxış yoludurmu?
– Cinayət Məcəlləsində vətəndaşı intihar həddinə çatdırmağa görə məsuliyyət müəyyən edən normalar var. Təəssüf ki, bu normalar baş verən intiharlarla bağlı məsələlərdə tətbiq olunmur. Əslində hər bir intihar hadisəsində intihar cəhdi faktına görə cinayət işi qaldırılmalı və araşdırma aparılmalıdır. Şəxsi bu vəziyyətə kimin gətirib çatdırdığı müəyyənləşməlidir. Çox təəssüf ki, bu cür yoxlama işləri aparılmır. Sadəcə olaraq dövlət məmurları intihar edən şəxslərin qanını yumaq üçün onların ailələrinə kömək edirlər. Bununla da uzun müddət sıxıntı içində yaşayan ailə ovundurulmağa çalışılır. Əslində bu addım da şirnikləndirmə kimi qiymətləndirilə bilər.
– Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti son sessiyada Maqnitski haqqında və Ukraynaya qarşı sanksiyaların tətbiq olunmasına dair qanun layihələrinin əleyhinə səs verdi. Bu qərarları necə şərh edərdiniz?
– Insan hüquqlarını pozan şəxslərin xarici ölkələrə səfərlərinin qadağan olunması normal bir hadisə kimi dəyərləndirilməlidir. Azərbaycan hakimiyyətinin bunun əleyhinə çıxması təsadüfi deyil. Çünki insan haqüqlarının pozulmasına dair Azərbaycan hakimiyyəti barəsində tükürpədici faktlar mövcuddur. Bu faktlar nə qədər gizlədilsə də, aşkara çıxır. Ona görə də gələcəkdə Azərbaycan məmurlarına qarşı da analoji qanunların qəbul olunması istisna deyil. Bu üzdən Azərbaycan bu tipli məsələlərə qarşı çıxır.
Ukrayna ilə bağlı qəbul olunan qanun layihəsinin əleyhinə səsverməyə gəlincə isə, hazırda Azərbaycandakı durum Ukrayna ilə eynidir. Ukrayna hakimiyyəti də Azərbaycan iqtidarı kimi bütün problemləri zor gücü ilə həll etməyə, cəmiyyətlə hesablaşmamağa çalışır. Bu baxımdan Ukraynada baş verənlərə münasibətin bu şəkildə ifadə olunması anlaşılandır. Azərbaycan hakimiyyəti özü də bu tip qanunların subyekti kimi qiymətləndirilə bilər.
Hakimiyyət Ukraynada baş verənlərdən nəticə çıxarmalıdır
– Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqrammı çərçivəsində Ukraynada bu qədər dirənişin olacağını gözləyirdinizmi? Sizcə, Azərbaycan hakimiyyəti Ukraynada baş verənlərdən hansı nəticələri çıxarmalıdır?
– Əslində Ukraynada bu cür dirənişin olacağı gözlənilən idi. Faktiki olaraq bir neçə il əvvəl baş verən proseslərdə də göründüyü kimi Ukraynada müxalifətin əhali içərisində nüfuzu böyükdür. Digər tərəfdən Ukrayna əhalisinin özü siyasi aktivliyi ilə fərqlənir. Bir müddət əvvəl də Ukrayna cəmiyyəti iki hissəyə bölünmüşdü. Seçki saxtakarlığına qarşı əhalinin birgə mübarizəsi real nəticələrin bərpasına gətirib çıxardı. Bu baxımdan Ukraynada baş verənlər gözlənilən idi. Azərbaycan hakimiyyəti Ukraynada baş verənlərdən o nəticəni çıxarmalıdır ki, öz xalqı ilə rəftarı dəyişməlidir.
– Azərbaycan hakimiyyəti həmişə bəyan edir ki, Avropa Birliyi ilə əməkdaşlığa hazırdır. Amma Avropa Birliyi ilə əməkdaşlıq konkret addımlara gəldikdə bundan boyun qaçırılır, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar atılmır. Bu siyasət nə qədər davam edə bilər?
– Beynəlxalq təşkilatlar qısa müddətli nəticəyə hesablanan addımlar atmırlar. Onların atdıqları addımlar uzun müddətli nəticələrə hesablanır. Hesab edirəm ki, bu siyasət hələ ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətin kəskinləşməsinə gətirib çıxarmayacaq. Amma beynəlxalq təşkilatlar da öz tərəfdaşlarının kim olduğunu yaxşı bilirlər. Ona görə də Avropa Birliyinin Azərbaycan hakimiyyəti ilə münasibətlərində narazılıq motivləri meydana çıxa bilər, münasibətlərdə səmimiliyə şübhə yarana bilər. Nəticədə Avropa Birliyi Azərbaycanla əlaqələrdə fəaliyyətini, müxtəlif sahələrdəki siyasi dəstəyini məhdudlaşdıra bilər.
Hakimiyyət vətəndaşları ilə hesablaşmaq istəmir
– Ukraynada baş verənlərin fonunda Azərbaycan hakimiyyəti də daxildə yürütdüyü siyasətini sərtləşdirməkdədir. QHT-lərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi, fəal gənclərin həbsi, söz və mətbuat azadlığının sıxışdırılması, Azərbaycandan demokratiya tələb edən beynəlxalq təşkilatların hədəfə çevrilməsi prosesi sürətlənir. Hakimiyyətin bu siyasəti nə vəd edir?
– Hakimiyyətin bu siyasəti hələ də davam edəcək. 2015-ci il parlament seçkisinə qədər hakimiyyət çalışacaq ki, 2013-cü il seçkilərinin pərtliyini bu yol ilə çıxarsın. Eyni zamanda Azərbaycan hakimiyyəti gözəl bilir ki, onun yürütdüyü siyasət nə Qərb ölkələrini, nə də beynəlxalq təşkilatları qane edir. Son nəticədə həmin ölkələrin aldadılmasına aparır. Bunu Qərb ölkələri, beynəlxalq təşkilatlar gözəl başa düşürlər. Sadəcə olaraq Azərbaycan hakimiyyəti sona qədər bu siyasətini davam etdirmək niyyətindədir. Hakimiyyət də sanki uşaq inadkarlığı var. Amma Azərbaycan xalqı uzun müddət bu rəftara dözməyəcək.
– Suriyadakı hərbi əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşları ilə bağlı məsələ hələ də gündəmdədir. Milli Məclisin son toplantısında da bu mövzu müzakirə olunub. Həmin şəxslərin vətəndaşlıqdan çıxarılması və barələrində cinayət işi açılması məsələləri gündəmə gəlib. Baş verənlərə görə məsuliyyəti kim daşıyır?
– Baş verənlər Azərbaycanda hərbi vətənpərvərlik təbliğatının düzgün qurulmamasının nəticəsidir. Vaxtaşırı o təbliğatlar aparılıb ki, beynəlxalq sammitlərdə iştirak torpaqlarımızı geri qaytaracaq. Və ya ordakı müzakirələr çox zaman qələbə kimi qələmə verilib. Ona görə əslində Azərbaycan gəncliyi torpağı uğrunda ölməyə can atmır. Cəmiyyətdəki bu boşluq isə radikal dini qruplaşmalar tərəfindən doldurulur. Azərbaycan gənclərinin digər ölkələrdə də muzdlu kimi vuruşduğu barədə informasiyalar yayılmışdı. Beynəlxalq qaydalara görə bu qadağandır. Bu baxımdan bu olayın araşdırılmasını təbii hesab edirəm. Amma bu gənclərin başqa ölkələrə getməyə vadar edən bir səbəbdir. Digər səbəblər də araşdırılmalıdır. Dövlət ciddi araşdırmalıdır ki, nəyə görə bizim gənclərimiz öz ərazilərmizdə deyil, başqa ölkələrdə vuruşmağa üstünlük verirlər. Bunun qarşısının alınması üçün sadəcə olaraq gənclərin problemləri öyrənilməli və onlar çözülməlidir. Amma hakimiyyət bunda maraqlı deyil. Çünki hakimiyyət vətəndaşları ilə hesablaşmaq istəmir.
– Belə düşüncələr də var ki, uzun müddət dövlətin təhlükəsizliyinə cavabdeh olan strukturların fəaliyyətlərini məhz müxalifətə yönəltməsi nəticəsində ölkədə radikal dini qruplaşmalar güclənib?
– Azərbaycanın təhlükəsizlik strukturlarının uzun müddət məhz müxalifəti nəzarətdə saxlaması reallıqdır. Amma təcrübə göstərir ki, Azərbaycanın təhlükəsizlik və mühafizə sistemi bəzən tələb olunanda yaxşı işləyir. Görünür, hansıa bir səbəbə görə, bu radikal dini qruplaşmalar nəzarətdən buraxılıb. Ona görə bu istiqamət də araşdırılmalıdır. Bəlkə həmin o radikal dini qruplaşmaların nümayəndələri bizim hüquq-mühafizə orqanlarına yol tapıblar.
Milli Şuradan gedənlərdən fəlakət düzəltmək lazım deyil
– Milli Şura fəaliyyətində yeni bir mərhələyə qədəm qoyub. Artıq qurumun təşkilatlanması istiqamətində bir neçə addım atılıb. Bu prosesi necə dəyərləndirirsiniz? Çünki bir müddət əvvəl iddia olunurdu ki, Milli Şura artıq ömrünü başa vurub?
– Milli Şura 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmışdı. Təşkilatın məqsədi ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq, demokratiyanı bərqərar etmək idi. Təbii ki, Milli Şura prezident seçkisində özünün aktiv iştirakını təmin edə bildi. Çünki nəticələrin bu cür olmasının səbəblərindən biri də Azərbaycan cəmiyyətinin bütövlükdə prosesdəki passivliyi idi. Amma hesab edirəm ki, Milli Şura açıq bir təşkilatdır. Bu təşkilata kimlərsə gələ, kimlərsə gedə bilər. Gedənlərdən fəlakət, gələnlərdən isə toy-bayram düzəltmək lazım deyil. Milli Şura hələ qarşısına qoyduğu məqsədə nail olmayıb. Bu mənada Milli Şura müxalifətin bir hissəsini birləşdirən bir qurum kimi fəaliyyətini davam etdirməlidir.
– Milli Şuranın gələcək fəaliyyəti hansı istiqamətdə olmalıdır?
– Azərbaycanı qarşıda parlament və bələdiyyə seçkiləri gözləyir. Milli Şura məhz parlament seçkilərini istiqamət kimi müəyyən edərək, fəaliyyətini davam etdirməlidir. Azərbaycanda hakimiyyət dəyişikliyi seçkilərdən keçməlidir. Eyni zamanda da bələdiyyə seçkilərində də koalisiyon iştirakı müzakirə etmək olar.
– Fevralın 4-də Milli Şura Qarabağ əlili Zaur Həsənova dəstək məqsədilə keçirdiyi aksiyada həbs olunan və cərimələnən gənclərə dəstək məqsədilə marafon keçirəcək. Bu tədbirlə bağlı çağrışınız nədən ibarətdir?
– Bu aksiyanı təqdir edirəm. Bu cür marafonlar və yardım aksiyaları normal qarşılanmalıdır. Fəal gənclərin cərimələrinin ödənilməsi əslində onlara bir dəstəkdir. Çünki fəal gənclər fəaliyyətlərinə görə ailələrində də problemlə üzləşirlər. Hər bir vətəndaş aktiv gənclərimizə, onların ailələrinə kömək etməlidir.
Xəyal