“Könlümə bir atəş…”

Türk pop musiqisinin ulduzlarından Ajda Pekkan 1980-ci il “Eurovision” musiqi yarışmasında “Petrol” adlı bir mahnı oxumuşdu. Yarışmada önəmli yer tutmasa da, mahnı xeyli populyarlaşmış və dövrünün hitinə çevrilmişdi. 

Sən gəlmədən öncə hər yer qaranlıq,

Dünya issız, dünya durğundu bilməm neçün,

Hər yerdə aradım tatlı bir işıq,

Bir atəş bul könlümü isitmək üçün.

Doğrudur, Azərbaycan insanı üçün neftin faydası əsrlərdir  “isinmədim istisinə, kor oldum tüstüsünə” deyimindən uzağa getməyib. Amma o mahnıya görə Ajdanı kənarda qoyan Avropa nankorluq edib, məncə. Axı dünyadakı ən məhsuldar “petrol” ocaqlarının işığı hər zaman məhz oralara düşüb. Bircə faktı göstərmək yetər ki, indi müxtəlif elm sahələrindəki yüksək uğurlara görə verilən “Nobel” mükafatı büdcəsində Bakı neftinin də xüsusi payı var. 

Həqiqətən, bu neft işi çox dərin məsələdir. Onun mənzil tutduğu yerin min metrdən 5-6 min metrə qədər dərinlikdə yerləşməsi də bundan xəbər verir. Neft işi həm də mürəkkəb məsələdir. Hətta tərkibində də 50-dən artıq kimyəvi element var və təxminən 1000-dən çox komponentin qarışığını birləşdirir. 

Neftin hərfi mənası isə iylənən, alovlanan deməkdir, akkad dilindəki “napatum” sözündən alınıb. 

Bunları yazmaqda sözümün canı var. Məlum olur ki, son 10 ildə Azərbaycan neftindən gələn 110 milyard gəlirin 65 milyardı xərclənib gedib. 10-15 il əvvəl bu unikal təbii sərvətin gün-güzəranlarında dərin izlər buraxacağı ilə bağlı xəyallar quran sadə insanların arzuları ürəklərində qalacaq deməli. Kor-kor, gör-gör, o xəyallar xəyal olmaqdan uzağa gedə bilməyib hələ ki. 65 milyardın doğru-dürüst hara xərclənməsi isə gerçəkdən çox dərin məsələdir. Bircə şeyi deyə bilərəm ki, eybəcər tikinti “modernləşməsi” ilə ölkənin mənzərəsini alt-üst edən bu milyardlar bir qrupu nə qədər bəxtəvər edibsə, bizim həyatımızı da o qədər alt-üst edib.

Bəli, neft o dərəcədə mühüm və mürəkkəb məsələdir ki, dünya siyasətində yüz illərdir öz yerini alıb oturub. Yer planetindəki hansı qanlı münaqişənin dərininə getsən, ordan neft çıxacaq. Bir sözlə, bu mürəkkəb qarışıqlı maddə əsrlərdir həm də dünyanı bir-birini qarışdırmaqda, evlər yıxmaqda, tifaqlar dağıtmaqda, ölkələri viran qoymaqdadır. Indi dünyada neftin kimyəvi tərəfindən çox, siyasi tərəfi gözə girir. Artıq onun siyasi bir vasitə, güc və ya beynəlxalq siyasətə nüfuz edən katalizator olduğu ilə bağlı nə şübhə? Baxın, yaşadığımız zamanda bu qara bəla uğruna tökülən qanlara!

Bu anlamda neftin hərfi mənasının onun mahiyyəti ilə birbaşa əlaqəsi olduğu da inkaredilməzdir. Neft elə bir yanacaq maddəsidir ki, qoxusu dünyanın bu başından o başına qədər gedib çıxa bilir. Onun gətirdiyi milyardlar müqabilində sahib ölkənin adı da çirkli işlərin içində iyləndikcə iylənir və elə bu anlamda neftin hərfi mənası da tam yerinə düşür.

Iqtisadçı ekspert Qubad Ibadoğlunun dediyinə görə, keçən il neft gəlirlərinin pik dövrü olsa da, pullar uçub gedib, gələcək nəsillərə 1 qəpik də saxlanmayıb. Demək ki, bu ölkənin insanlarına o bahalı sərvətdən düşən yalnız yanıb-tutuşmaq, intihar atəşində cızdağı çıxanadək “isinmək” qalacaq. Beləcə, içimiz özümüzü, çölümüz özgəni yandırıb gedəcək.  

Hər zaman BTC boru kəməri layihəsinin ən qatı tərəfdarlarından biri olmuşam. Heç indi də fikrimi dəyişməmişəm. Amma bu layihə həyatımızda nəyi dəyişdi? Ölkədə korrupsiya, rüşvət, qanunsuzluq baş alıb getdi, bir ovuc varlanıb dünya zəngini oldu, sadə insanlar yoxsulluq girdabına yuvarlandı, ölkədə polis rejimi quruldu… Bax beləcə, kəmər işə düşəndən bəri başımıza gətirilən bəlaları görəndə insanın insanlığa üz çevirməyi gəlir. Bu qədər qəddarlıq da artıq oldu, cənablar!