“Putin Ukraynada bizim Moskvada etmək istədiklərimizin baş məşqini görür”
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer CNN telekanalının populyar tok-şousunda iştirak edib. Kissincer verilişdə Ukraynadakı son hadisələri şərh edərkən sensasion açıqlamalar verib. H.Kissincerin Ukraynada baş verənlər, Rusiyanın atdığı addımlarla bağlı söylədiklərini diqqətinizə çatdırırıq.
«Vahid tarixə məxsus Ukrayna və Rusiya»
Müasir Rusiyanın formalaşmasının məhz Kiyevdən başladığını deyən H.Kissincer öncə tarixə ekskurs edib: «Tarixdə Kiyev-rus adlı dövlət olub. Bu baxımdan müasir Rusiyanın siyasi, dini inkişafı məhz Kiyevdən başlayıb. Daha sonra parçalanma baş verib. Amma 17-ci əsrin sonundan 18-ci əsrin başlanğıcına qədər Ukrayna Rusiyanın tərkibində olub. Ona görə mən elə rus tanımıram ki, Ukraynanı Rusiya tarixinin vacib hissəsi saymasın. Bu baxımdan ruslar Ukraynanın gələcəyinə biganə yanaşa bilməzlər. Ona görə Rusiyanın baş verənlərə yanaşmasını, mövqeyini anlamaq üçün gərək, tarixə nəzər salasan».
Amma tarixi keçmişlərinin birgə olmasına baxmayaraq Ukraynanın müstəqil dövlət kimi mövcud olmasının tərəfdarı olan H.Kissincer Kiyevin gələcəyini Avropa Birliyi ilə sıx əməkdaşlıqda görür.
Ukraynanın hazırda mahiyyət etibarilə iki hissəyə parçalandığını deyən sabiq dövlət katibi vurğulayıb ki, ölkənin şərq hissəsi pravoslav və Rusiyaya meyli, qərb hissəsi isə katolik və qərbpərəstdir: «Ona görə də hesab edirəm ki, Ukrayna ilə bağlı fikir və rəylər bərabər şəkildə iki yerə bölünüb. Ukraynada qarşı-qarşıya dayanan tərəflərə gəlincə isə məndə belə bir təəssürat yaranıb ki, hər tərəfin mövqeyində həm demokratiya, həm də oliqarxiya elementləri var. Və mən Ukraynanın indiki prezidenti Viktor Yanukoviçi tərtəmiz rusiyapərəst lider sayıram”.
«Putin SSRİ-nin dağılmasını böyük fəlakət sayır»
Sabiq dövlət katibi Rusiyanın Ukraynadakı vəziyyətə müdaxiləsinə münasibət bildirərkən açıq mətnlə bəyan edib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin devrilməsini çox istəyərdi: “Putin bu məsələdə bizim Moskvada etmək istədiklərimizin baş məşqini görür. Proseslərin Soçi Olimpiadasına yaxın ərazidə cərəyan etməsi Putini bir qədər də narahat edir. Axı Putin SSRİ-nin dağılmasını böyük tarixi fəlakət sayır. Elə buna görə də Putin SSRİ-nin dağılmasından sonra 50 milyonluq əhalisi olan Ukraynanın müstəqillik əldə etməsinə biganə yanaşa bilməz».
Obama Administrasiyasının Ukraynada baş verənlərlə bağlı atdığı addımlara da toxunan H.Kissincer bildirib ki, administrasiya dramatik hadisələr barədə daha çox bəyanat verməyə meillidir. «Mən deməzdim ki, Obama administrasiyasının bu istiqamətdə apardığı siyasəti bəyənmirəm. Amma mən hesab edirəm ki, olayları bir qədər özünün tarixi inkişafına buraxmaq lazımdır», deyə sabiq dövlət katibi qeyd edib.
«Qonşularına təhlükə törədən Rusiya»
H.Kissincerin sözlərinə görə, Rusiya ilə qalan dünya, Rusiya ilə Qərb arasında münasibətlərin qurulması hələ də nəhəng problem olaraq qalır. Çünki Rusiya özünün bütün tarixi boyunca imperiya olub və bu ölkənin özünüdərk fəlsəfəsi yalnız imperiya təfəkkürünə və imperiyanın nailiyyətlərinə əsaslanır: “Rusiya Çinlə həmsrəhəddir. Bu – strateji cəhətdən dəhşətlidir. Rusiya İslam dünyası ilə həmsərhəddir. Bu da ideoloji baxımdan fəlakət və dəhşətdir. Və Rusiyanın həm də Avropa ilə sərhədləri var. Bu sərhədlər tarixən həmişə sürüşkən olub”.
“SSRİ-nin qəbirqazanı” adını qazanmış nüfuzlu ABŞ siyasətçisi və diplomatı daha sonra bildirib: “Rusiya hökmdarları bütöv bir tarix boyunca özlərinin bu sərhədlərdən kənardakı, xaricdəki rollarının böyük və əvəzedilməz olması barədə təsəvvürlər yaratmaqla idarə ediblər. Özünü xaricdə əzəmətli və qorxunc göstərməklə, eyni zamanda böyük güzəştlərin də mümkün və lazım olduğunu anlamaqla ölkənin əl-ayağını necə bir yerə yığmaq olar? Məncə, Putinin üzləşdiyi ən əsas çətinlik də elə budur. Rusiyanı mühasirəyə alınmış qala vəziyyətinə gətirmək, bununla da rusları nəyə qadir olduqlarını sübut etməyə məcbur etmək həddinə çatdırmaq bizim maraqlarımız daxilində deyil”.
«Rusiya Ukraynadan sonra Azərbaycanı hədəf alacaq»
H.Kissincerin söylədiklərinə Azərbaycanın sabiq dövlət katibi, politoloq Vəfa Quluzadənin münasibətini öyrəndik. V.Quluzadə hesab edir ki, ABŞ Rusiyanın Ukraynaya qoşun yeridə biləcəyindən çox narahatdır. Məhz buna görə ABŞ-ın iki hərbi gəmisinin Qara dəniz sullarına daxil olduğunu düşünən politoloqun qənaətincə, Ukrayna ilə həmsərhəd Polşoda NATO-nun hərbi manevrlər keçməsi də hazırkı durumda təsadüfi dəyərləndirilməməlidir: «Bütün bunlar onun nümayişidir ki, əgər Rusiya Ukraynaya əsgəri müdaxilə etsə ABŞ bunu cavabsız qoymayacaqdır. Xatırladım ki, vaxtı ilə Rusiya Gürcüstana qarşı da müharibə elan edəndə ABŞ hərbi gəmiləri münaqişə zonasına yaxın yerləşdirilmişdi. Lakin Amerika əsgəri tədbirlərə əl atmasa da, qəti şəkildə bəyan etdi ki, bir daha Rusiyanın bu cür güc işlətməsinə göz yummayacaq. Hazırda rus telekanalları Ukraynanın, Qərbin əleyhinə təbliğat aparır. Bununla Rusiya Ukraynaya qoşun yeritməyə zəmin yaratmağa çalışır. ABŞ hadisələrin məhz bu cür cərəyan etməsinin qarşısını almağa çalışır. ABŞ-ın sabiq dövlət katibinin də bəyanatları ona işarə vurur ki, Amerika Rusiyanın siyasətinin mahiyyətini anlayır və ona qarşı yumuşaq davranmaq niyyəti yoxdur».
Kissincerin bəyanatında Rusiyanın bir neçə də imperiya adlandırılmasını təsadüfi saymayan V.Quluzadənin fikrincə, ABŞ Rusiyanı qonşularına ciddi təhlükə törədən dövlət kimi təqdim etməyə çalışır. «Əəgər Rusiya Ukraynaya müdaxilə etsə və ABŞ da buna göz yumsa, Moskvanın müdaxiləsinə məruz qalan ikinci dövlət Azərbaycan olacaqdır. Rusiya ona görə Qarabağ probleminin həllinə imkan vermir ki, lazım olanda onu Azərbaycanın əleyhinə istifadə etsin və Amerikanın Cənubi Qafqazdakı maraqlarına zərbə endirsin».
Ukraynada baş verənləri Rusiyadakı gələcək demokratik proseslərə hazırlıq kimi dəyərləndirilməsinə gəlincə isə, V.Quluzadə hesab edir ki, H.Kissincer həmişə ABŞ-ın maraqlarından çıxış edən bəyanatlar verib. Sonuncu bəyanat da Putinə ciddi xəbərdarlıq kimi dəyərləndirilməlidir: «Bu Rusiya demokratlarına bir dəstəkdir. Putin bu yaxınlarda onu sərt tənqid edən «Docd» kanalını bağladı. Hazırda Rusiyada baş verənlər bu ölkədə də ciddi proseslərin cərəyan edəcəyinə işarədir. Putinin son sərt qərarları demokratiyanın inkişafına qarşı yönəlib. Ona görə də Qərd Kissincerin dili ilə Rutinə öz mesajlarını çatdırır».
Xəyal