İntiharın reklamı…

Yoxsa, “get kimə deyirsən, de”?! 

 

Nobel mükafatı laureatı olan iqtisadçılardan birinin maraqlı fikri var: “Sürətli iqtisadi inkişafı imitasiya edən ölkələrdə intiharların sayı çoxalır, sürücülər isə yollarda özlərini çox aqressiv aparırlar”. Bu fikir indiki durumumuza yaman uyğun gəlir. Avtomobil qəzalarından ölənlərin və intihar edənlərin sayı durmadan artır. Intiharlar əhalinin aşağı təbəqəsini, aqressiv sürücülər isə bütün təbəqələri əhatə edirlər. Azərbaycan intihar modelinin ürək ağrıdan tərəfi ondan ibarətdir ki, azyaşlı uşaqlar, məktəblilər, qocalar və qadınlar da intihar edir. Intiharların səbəblərini heç kim izah edə bilmir. Ölkəni intihar kabusu bürüdüyü bir vaxtda ziyalı təbəqə bu mövzudan başqa nədən desən danışır. Şeir deyən kim, elmi işini təbliğ edən kim, aforizm deyən kim və s. Psixoloq, sosioloq və filosoflar bu fenomeni çox vaxt insanların fərdi psixoloji xüsusiyyətləri ilə bağlayırlar. Intiharla bağlı şair, həkim və deputat Musa Urudun fikirlərini oxuduqdan sonra məni dəhşət bürüdü. O, deyir: “Birinci növbədə bunun səbəbini mən ötən ilin sonunda, daha dəqiq desək dekabrın 25-də Bakının mərkəzində özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun görüntülərini kütləvi informasiya vasitələrində, xüsusilə, televiziya və internet saytlarında geniş şəkildə reklam olunmasında görürəm. Özünü yandırmaq intiharın ən ağır forması sayılır və psixoloji cəhətdən zəif insanlar tez belə bir təsirin altına düşürlər. Psixoloji cəhətdən zəif insanlar o anları, səhnələri, görərkən özlərinə də bu cür halları tətbiq etmək fikrinə düşürlər. Bu o demək deyil ki, insanların problemləri elə həmin an yaranıb və özlərini yandırırlar”. Bu qədər dayaz yanaşmaya nə deyəsən? Bəs Qarabağ əlili hansı reklama baxıb yandırmışdı özünü? Bəlkə ona da zəif adam deyəsiniz? Zaur Həsənovun faciəsinin işıqlandırılması nə vaxtdan reklam oldu? Əgər bu reklamdırsa, onda nazir, deputat və məmur balaları bu halı özlərinə niyə tətbiq etmirlər? Deyəsən Musa Urud “Dayanma snikerslə” reklamı ilə həyatı dayandıran intiharı səhv salıb. Şair, deputatın dedikləri faciəni təhrif etmək, mövzunun ətrafında danışmaqdan başqa bir şey deyil. 

Intiharlarla bağlı maraqlı bir fakta rast gəldim: Alman faşistlərinin Terezienştadt düşərgəsində 1941-ci ilin fevral ayından 1944-cü ilin avqust ayına qədər 40 min nəfər adam öldürülüb. Cəmi intihar edənlərin sayı isə 259 nəfər olub. Bu düşərgədə intihar edənlərin hamısı onları dövrəyə alan yüksək gərginlikli məftillərə toxunub. Amma yaşamaq eşqi və gələcəyə bəslənən ümidlər onların çoxunu bu hərəkətdən çəkindirirmiş. Həmin düşərgədə 5 ildə baş verən intiharların sayı məmləkətimizdə təkcə ötən ildəki intiharların sayından xeyli azdır. Bəs ölkəni başına götürən intiharların əsas səbəbi nədir? Nədən indiyə qədər intiharların səbəbləri araşdırılmır? Intiharların səbəbini Musa Urudla Ilham Mirzəyev araşdıra bilməz axı!  Ötən əsrin əvvəllərində tanınmış sosioloqlardan biri Emil Dürkheym intiharların əsas səbəbini cəmiyyətdə sosial əlaqələr və həmrəyliyin itməsində görürdü. Dürkheym bu halları dəqiq ifadə edən anomiya anlayışını elmə gətirdi. Anomiya – yunanca “intizamsızlıq”, “normaların yoxa çıxması”  mənasını verir. Sosioloqa görə, anomiyanın baş alıb getdiyi ölkələrdə intiharların sayı da çox olur. Sovetlər vaxtı sosial bərabərlik cəmiyyətdə baş verəcək təlatümləri müəyyən qədər səngidirdi. Azərbaycanda indiki qədər sosial qeyri-bərabərlik heç vaxt olmayıb. Insanlar artıq bilirlər ki, gələcək üçün qabiliyyət və savad heç bir rol oynamır. Perspektivsizlik mühiti get-gedə genişlənir. Azərbaycan vətəndaşı səhər gözünü açan kimi bircə şey haqqında düşünür. O da puldur. Varlılar daha çox varlanmaq, kasıblar isə borc və çörək haqqında düşünürlər. Analoqu olmayan inkişaf haqqında maraqlı və şirin söhbətlər bunu həyatlarında hiss etməyənlərə çox pis təsir göstərir. Aşağı təbəqənin büdcəsini təhsil, səhiyyə və kommunal xərclər dağıdır. Qeyri-bərabərlik, qanunların işləməməsi, günlərin oxşarlığı, ümidsizlik, durğunluq, bütün bunlar intihara aparan səbəblərdir. Hüququnu və haqqını tələb edən şəxsə hər yerdə deyilən məşhur “get kimə deyirsən, de!” ifadəsi insanları intihara sürükləyir. Ölkəni bürüyən bu ifadə artıqlaması ilə anomiyadır. Ötən əsrin 80-ci illərində Ingiltərədə həyat səviyyəsinin ilbəil aşağı düşməsi ilə paralel intiharların sayı da kəskin şəkildə azalırdı. Bəlkə bizdə də belə oldu, neft gəlirləri aşağı düşdükcə intiharların sayı da azalacaq.

Etibar Əliyev