Heydər Əliyevin gənclərə “qızıl təknə” hədiyyəsi

Bir gün sonra və gələcəyə sonsuz inamla!

Bilmirəm, Avstriyanın “Gənclər günü” var, yoxsa yoxdur, amma bu ölkənin xarici işlər nazirinin 27 yaşı var. Əslində, ölkə gəncliyin olanda ona xüsusi gün lazım olmur. Bütün gələcəyi əlindən alınmışlara isə “bir gün” də ətadır. Ona görə də bu yazını sizə Əliyevlərin təqdim elədiyi gənclər günündən sonra təqdim edirəm. Necə deyərlər, cəhənnəmdə əzab anlayışı  var, vaxt anlayışı yoxdur.

Heydər Əliyev kimləri devirdi?

Azərbaycanda “Gənclər günü” sözünü ortaya atmaq, əlbəttə, bir siyasi jest idi. Amma gənclik gələcəklə assosiasiya olunduğu üçün ona bir gün vermək, elə də ağıllı gediş deyildi. Bu, hər şeyə sahib olan diktatorun payı idi. Bir gün verib, bütün gələcəyi əlindən almaq kimi…

Onların hər işi belədir, seçki gününün yeməyini bir dəstə lünpenə verib, əvəzində 5 ilin səadətini almaq alveri kimi…

Heydər Əliyev almağı çox sevirdi. Amma pərdələməklə… Verdiyini isə hər kəsin, kobud desək, bəbəyinə dayayırdı. Elə Gənclər Günü kimi…

Əslində isə o, hakimiyyətə 70 yaş civarında gələrkən  devirdiyi hökumətdə parlament sədrinin və baş nazirin yaşı 30 ətrafında, Dövlət katibinin yaşı isə sadəcə, 25-dən yuxarı idi. O, bu komandanı devirdi və 20 Yanvar qırğınını törədib 131 insanı (çoxu gənc) qətlə yetirən ordunu Bakıya çağırmış Artur Rəsizadənin rəhbərliyində bir hökumət qurdu. Sadalamağa ehtiyac yoxdur, özünüz nazir kimi ölmək alnına yazılmışları tanıyırsız.

Heydər Əliyev bu bircə günü Azərbaycan gənclərinə niyə verdi – onu bilirsiz. Amma inanın ki, bu gün bütün gənclərə aid deyil. Respublika sarayında toplaşan Pavlik Morozovlara və onların davamçılarına aiddir. Ona görə də bu gün biz buna Gənclər Günü kimi qiymət verməli, tənqid etməli deyilik. Bu günün yeganə diqqətə layiq xassəsi odur ki, 2 fevral sudan qorxanların bir-birini yoluxdurub Günəşlə savaşa hazırlaşdıqları gündür. Aydınlıq və qaranlıq düşmənləri öz xislətlərini gənc nəslə belə yoluxdurdular.

İlham Əliyevin gənclərə hədiyyəsi

Ilham Əliyev də atasının “hədiyyə” siyasətinə sadiq qaldı. Heç şübhəsiz ki, Azərbaycan gənclərinə Heydər Əliyevin ən böyük hədiyyəsi oğlunun hakimiyyəti və ortalama yaşı 70-dən yuxarı olan Nazirlər Kabinetidir. Ilham Əliyev isə Azərbaycan gənclərini öz övladlarının timsalında təbrik edir. Onun bizə ən böyük hədiyyəsi isə oğlunun adına rəsmiləşən Dubaydakı villalar, offşor zonalardakı şirkətlər və milyardlardır. O da bir ata kimi istəyir ki, öz övladları şən və qayğısız böyüsün – Heydər Əliyev də belə edirdi.

Bir YAP-çı gənc var, adını özüm yazmaq istəmirəm. Amma AzTV-nin tanınmışlarından idi. Universitet vaxtı onunla yataqxanada çox polemikalar edirdik. Həmişə də uduzurdu. Mənim gücümə yox, öz mövqeyinin zəifliyinə görə. Amma sonda deyirdi ki, Heydər Əliyev olmasaydı, bizi qırardılar, amma biz yaşayırıq. Beləcə, illər sonra yolda rastlaşdıq. Dedi ki, qardaş hara baxırsız, bizi qırırlar, bunlar “millət” deyəndə, “ailə” başa düşürlər. O zaman mən bir məhşur ekologiya şüarını xatırladım: “Sonuncu balıq öləndə, sonuncu quş öləndə, sonuncu çiçək solanda… görəcəksiniz ki, pulu yemək olmur”. Bəli, onun da ümidi yox idi artıq, sanki sonuncu çiçək solmuşdu…

Sözümün canı odur ki, cəhənnəmdə inkir-minkir olmaqla, cəza çəkməyin elə də fərqi yoxdur. Həmin isti, həmin tüstü…

Ilham Əliyevin hədiyyəsini qəbul edirikmi?

NIDA-çı, Cəbhəçi və s. gənclərin həbsdə olması Ilham Əliyevin öz millətinin (ailəsinin) gənclərinin gələcəyi uğrunda mübarizəsinin nəticəsidir. O, Rəşadət Axundovun oğlu ilə mübarizədə məğlubdur, buna dəqiq əminəm. Bu hissi yaşamışam, 2011-ci ildə məlum oğurlanma olayından bir neçə ay sonra qardaşımın iki yaşlı oğlu Əbdülhüseyni Cümhuriyyət bayramına aparmışdım – Novxanıya. Onun himn və üvertura sədaları altında yumruğunu bükməsini gördüm və içimdən bir fikir keçdi; hətta o gün ölmək də olardı, onlar artıq məğlubdular.

Gülümsəyin!

Seymur Həzi