Milli Şura keçmiş millət vəkilinin müdafiəsilə bağlı bəyanat verdi
Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə qarşı təzyiqlərlə bağlı bu qurum bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Milli Şuranın Koordinasiya Şurasının üzvü və Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin 2011-ci ildən bəri başlatdığı qisasçılıq və təqib kampaniyası getdikcə daha rüsvayçı şəkil almaqdadır.
“Hakimiyyət özünün bütün inzibatı, informasiya və hüquq-mühafizə resurslarını cəlb etməklə, sanki amansız düşmənlə mübarizə aparırmış kimi, siyasi opponentinə qarşı repressiya siyasəti həyata keçirir. Bu proses Azərbaycan Konstitusiyasının, qanunvericiliyinin fiksiyaya çevrilməsi, milli-mənəvi dəyərlərimizin tapdalanması ilə müşayiət olunur. Belə ki, öncə hakimiyyətin təzyiqləri nəticəsində çalışdığı Qafqaz Universitetindəki işindən ayrılmalı olan Milli Şura üzvünə qarşı sonradan insan ləyaqətinə yaraşmayan, iyrənc şərləmə və böhtan kampaniyası təşkil edilərək rejimin verdiyi geniş informasiya dəstəyi ilə bütün ölkəyə yayımlandı. Ardınca Nəsimi Rayon Məhkəməsi hüquq və insanlıq adına rəzalət olan qətnaməsi ilə Gültəkin xanımın 9 yaşlı övladının faktiki olaraq ondan ayıraraq 9 il ərzində övladı ilə bir dəfə maraqlanmayan və hətta aliment ödəməyən atasına verilməsi ilə bağlı qərar qəbul etdi. Daha sonra uydurma və iddia müddəti 8 il əvvəl bitmiş pul tələbi əsasında Gültəkin Hacıbəylinin dəyəri hətta saxta iddia tələbindən dəfələrlə çox olan bütün əmlakına həbs qoyuldu. Bu o zaman baş verirdi ki, bir milyon dollar pul alması ilə bağlı dələduzluq cinayəti məhkəmə tərəfindən sübuta yetirilmiş Gülər Əhmədovanın heç bir əmlakına həbs qoyulmamışdı. Bu faktın özü, yəni rejimin öz kriminal uzantısı olan Gülər Əhmədovanı belə açıq şəkildə himayə etməsi, Gültəkin Hacıbəylini isə yalnız həqiqətin yanında olduğu üçün açıq şəkildə təqib etməsi bu hakimiyyətin mahiyyətini əyani şəkildə cəmiyyətə təqdim edərək vətəndaşlarımızı bundan düzgün nəticə çıxarmağa sövq edir.
Gültəkin Hacıbəyliyə qarşı təqibin növbəti mərhələsi isə ona qarşı Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanmasıdır. Saxta, əsassız məhkəmə baxışının davam etdiyi 4 ay ərzində “xüsusi ittihamçıların” şikayətin mahiyyətini izah edə bilmədiyi və dəfələrlə yalan ifadə verməklə cinayət qanunu pozduqları təsdiq olunan, hakim Sərdar Mehralıyevin də bunlara izah verməkdən və müvafiq tədbir görməkdən imtina etdiyi prosesdə Gültəkin Hacıbəyli açıq mətnlə hədələnir, təhdid və təhqir edilir. Hakimin şərait yaratması nəticəsində “xüsusi itihamçıların” səsləndirdiyi bu hədələr tərəfimizdən hakimiyyətin Gültəkin Hacıbəyliyə qarşı təhdidi kimi qiymətləndirilir. Belə ki, bu “xüsusi ittihamçıların” məhz hakimiyyət tərəfindən Gültəkin Hacıbəyliyə qarşı alət rolunda istifadə edildiyi cəmiyyətdə heç kim üçün sirr deyil.
Bu addımı ilə mövcud rejim mənəvi naqisliyini müxtəlif rəsmi sənədlərlə özünün də etiraf etdiyi insanları hətta müqəddəs ailə dəyərlərinin tapdanması hesabına üzəduranlığa, çuğulçuluğa təşviq etməklə mənəviyyatsızlığı həyat norması olaraq stimullaşdırır. Bu təqib həm də Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə hazırlaşan və bu mötəbər qurum qarşısında diffamasiyanın kriminal təqibinə qarşı moratorium tətbiq etməklə bağlı öhdəlik götürmüş Azərbaycan hakimiyyətinin siyasi riyakarlığının göstəricisidir.
Rejimin cəza aparatının imkanları, şübhəsiz ki, istənilən siyasi opponentə böhtan atmağa, təqib etməyə, həbs etməyə, hətta onu fiziki cəhətdən məhv etməyə yetəcək səviyyədədir. Ancaq bu rejim mübariz və ləyaqətli insanları sındırmaq gücündə deyil. Əksinə, mübarizə belə şəxsiyyətləri daha da mətinləşdirir və ucaldır. Dövlətin bütün şər, böhtan, təzyiq və təqib arsenalını bir qadına və onun artıq əsəb xəstəsinə çevirdikləri 9 yaşlı övladına qarşı səfərbər etmiş bir repressiv rejimlə mübarizədə də mənəvi qələbə artıq çoxdan Gültəkin Hacıbəylinin tərəfindədir.
Milli Şura hakimiyyətdən Gültəkin Hacıbəyliyə qarşı olan bu cılız və insan ləyaqətinə sığmayan təqiblərə son qoymağı tələb edir”, – deyə bəyanatda bildirilir.