“İntiharlar Azərbaycanın sosial partlayış ərəfəsində olmasına sübutdur”

«Ədalət tapa bilməyən, haqsızlıqlarla qarşılaşan insanlar çıxış yolunu intiharda görürlər»

Gözəl Bayramlı: «Azərbaycan hakimiyyəti «Maqnitski qanunu»nun ona qarşı tətbiq olunacağından narahatlıq keçirir»

Ölkədəki ağır sosial durumun, vətəndaşların hüquqlarının qorunmasını təmin edə bilməməsinin nəticəsi olaraq haqsızlığa bir etiraz forması kimi intiharların sayı artmaqdadır. 2013-cü ilin son günlərində Qarabağ əlili Zaur Həsənovun özünü yandırması ilə başlayan bu üzücü olaylar təəssüf ki, adi hal almaqdadır. Müvafiq orqanların isə bu tendensiyanın qarşısının alınmasında aciz olduğu açıq görünür. Müsahibimiz AXCP sədrinin müavini Gözəl Bayramlıya ilk sualımız elə bu məsələ ilə bağlı oldu.

– Gözəl xanım, son günlər intihar hallarının artması nəyin nəticəsidir və AXCP olaraq baş verən prosesləri necə dəyərləndirirsiniz?

– Intiharların bu cür geniş vüsət alması hakimiyyətin uzun illərdir ki, apardığı siyasətin nəticəsidir. Illərdir ki, bu ölkədə insanlar ədalətsizliklərlə qarşılaşır, sosial problemlərin həlli üçün qapılarını döydükləri idarələrdə dərdlərinə çarə tapmırlar. Insanların heç bir problemi həll olunmadığı halda, məmur özbaşınalığı, qudurğanlığı bu cür nəticələrə gətirib çıxarmalı idi. Ölkə sosial partlayış ərəfəsindədir və baş verən intiharlar da buna sübutdur. Heç bir yerdə ədalət tapa bilməyən, haqsızlıqlarla qarşılaşan insanlar çıxış yolunu intiharda görürlər. Azərbaycan hakimiyyətinin hazırkı intiharlara heç bir reaksiya verməməsi də durumu bir qədər qəlizləşdirir. Bu da onun göstəricisidir ki, insanların başına gələn fəlakətlər, ümumiyyətlə, Azərbaycan hakimiyyətini maraqlandırmır. Bu, insanların taleyinə hakimiyyətin biganə münasibətinin nəticəsidir. Hamının dövlət başçısı olacağına and içən bir şəxs vətəndaşların taleyinə bu cür biganə qala bilməz. Hər gün bu xəbərlər alınır. Bu ilin əvvəlindən hər gün səhər yeni intihar hadisəsi ilə açılır. Insanlar Allahın onlara verdiyi həyatı sosial problemlərin həll edilməməsi üzündən itirir. Bu dəhşətli faktlardır və Azərbaycan hakimiyyətini ciddi düşündürməlidir. Hadisələrə biganə yanaşma sosial partlayışa aparıb çıxara bilər.

– Ölkəni bürüyən intiharlar dalğasına görə məsuliyyəti ilk növbədə hakimiyyət daşıyır. Amma AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə paylaşdığı fikirlərində demokratik düşərgənin də baş verənləri adi hal kimi qarşılamasının yolverilməz olduğunu bildirib. Onun fikrincə, bu tendensiyanın qarşısının alınmasında müxalifətin də üzərinə məsuliyyət düşür…

– Bəli, mən də bu fikirləri bölüşürəm. Demokratik düşərgə olaraq Azərbaycandakı hazırkı durum da bizim prioritet məsələmiz olmalıdır. AXCP, Milli Şura olaraq biz bu problemin müzakirəsinə daha çox önəm verəcəyik. Bu istiqamətdə dinləmələr keçirəcəyik. Insanları intihara sürükləyən səbəblər araşdırılacaq, bu barədə ictimaiyyətə məlumat veriləcək. Bu intiharların qarşısının alınması üçün hakimiyyətə tələblərimizi irəli sürəcəyik. Bu istiqamətdə bir araya gəlməyimizin zəruriliyini dərk edirik. Demokratik düşərgə olaraq biz bu məsələyə biganə yanaşa bilmərik. Bu məsələlər elə bir həddə gəlib çıxıb ki, ciddi fəsadlar ola bilər. Demokratik qüvvələr olaraq ölkədə ciddi sosial partlayışın baş verməsini arzulamırıq. Milli Şura bu istiqamətdə müzakirələr keçirəcək. Çünki sosial problemlərin həlli Milli Şuranın 2014-cü il üçün qəbul etdiyi proqramın tərkib hissəsidir.

“Qarabağ probleminin həllindəki uğursuzluğun nəticəsi”

– Azərbaycan hakimiyyəti Qarabağ əlillərinə, qazilərə qayğı göstərdiyini bəyan edir. Amma bunun bəyanatlardan o yana keçmədiyi yaxşı məlumdur. Yalnız bir ayın ərzində 3 Qarabağ əlili dərman çatışmamazlığından dünyasını dəyişib, ikisi isə intihar edib. Müharibə olan bir ölkədə Qarabağ qazilərinə, əlillərinə qarşı bu cür münasibət hansı ciddi fəsadları yarada bilər?

– Azərbaycan hakimiyyətinin Qarabağ qazisinə, əlilinə olan münasibəti Qarabağ probleminin özünə münasibətdən irəli gəlir. 93-cü ildən bu günə kimi ölkədə bir ailə hakimiyyətdədir. Bu hakimiyyət Qarabağ probleminin həlli istiqamətində indiyə kimi irəliyə doğru bir addım belə ata bilməyib. Bu uğursuzluq Qarabağ qazisinin, əlilinin durumunda göz önündədir. Əgər bu gün Qarabağ əlili öz dərman problemini ictimailəşdirməyə məcburdursa, problemlərini həll edə bilmədiyinə görə intihar edirsə, hakimiyyət bu barədə ciddi düşünməlidir. Bu gün vətən uğrunda canını fəda etməyə hazır minlərlə insan var. 

Amma hakimiyyətin vətən uğrunda həlak olan şəxsin ailəsinə, qaziyə olan münasibəti çox ciddi fəsadlar yarada bilər. Sabah insanlar Qarabağ uğrunda savaşda iştirak etməkdən, vətəni qorumaqdan imtina edə bilərlər. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin siyasəti buna gətirib çıxara bilər. Hakimiyyət bu siyasəti ilə insanlarda torpaqların qaytarılmasına olan ümidin üstündən xətt çəkir. Hakimiyyətin apardığı siyasətə başqa ad vermək olmur.

– Hakimiyyətin canlarına qəsd edən Qarabağ əlillərinin problemini maddi vəsait yolu ilə həll etməsini necə qarşılayırsınız. Bu cəhdlər hər iki Qarabağ əlilinin canına qəsdi zamanı baş verdi. Hakimiyyətin bu cür münasibəti intiharları daha da stimullaşdırmırmı?

– Azərbaycan hakimiyyətinin əgər Qarabağ əlillərinin, qazilərinin problemlərinin həlli üçün vahid bir proqramı yoxdursa və yalnız özünə qəsd edən şəxslərin probleminin həlli görüntüsü yaradılacaqsa, böhran daha dərinləşəcək. Problem köklü şəkildə həll olunmalıdır. Azərbaycan hakimiyyətinin şəhid ailəsinə, Qarabağ əlillərinə, qazilərinə olan münasibəti köklü şəkildə dəyişməlidir. Bu kəsim üçün müəyyən imtiyazlar tanınmalı, dövlət sosial dəstək verməlidir. Yoxsa ayrı-ayrı səslərini çıxaran şəxslərin problemləri həll edildiyi halda digərlərinə diqqət göstərilməyəcəksə, bir nəticə əldə etmək mümkün olmayacaq. Azərbaycan dövləti Qarabağ uğrunda vuruşanlara sahib çıxmalıdır. Bu insanlar Qarabağ uğrunda vuruşub, səhhətlərini qurban veriblər. Biz hər gün şahidi oluruq ki, Qarabağ qazilərinin, şəhid ailələrinin çoxlu sayda problemləri var. Amma onların həlli istiqamətində heç bir addım atılmır. Problem köklü şəkildə həll olunmalıdır.

“Rəsulzadə barədə sərəncam, gözlənildiyi kimi, kağız üzərində qaldı”

– Azərbaycan xalq cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi arxada qaldı. Yubileyin yüksək səviyyədə qeyd edilməsi üçün dövlət başçısının sərəncamı da oldu. Bu sərəncamın yerinə yetirilməsinin şahidi oldunuzmu?

– Bu sərəncam verilən zaman da bəlli idi ki, bu, imitasiya siyasətindən başqa bir şey deyil. Bu sərəncam sadəcə olaraq gözdən pərdə asmağa xidmət edirdi. Heç kim onun yerinə yetiriləcəyinə inanmırdı. Hakimiyyət Azərbaycan xalıqının Rəsulzadəyə olan sevgisinin, onun ideyalarına hörmət etməsini gözəl bilirdi. Bu üzdən bir imitasiya siyasəti gerçəkləşdirildi. Sadəcə olaraq sərəncam kağız üzərindən kənara çıxmadı. Rəsulzadənin adına yalnız bir heykəl var. O da onun doğulduğu Novxanı kəndində qoyulub. Biz dövlət xadimlərinin Rəsulzadənin heykəli qoyulduğu yerə əziyyət çəkərək getdiyinin şahidi olmadıq. Amma Heydər Əliyevin yubileyində bütün idarələrə tam fərqli göstəriş verilir. Azərbaycan hakimiyyəti Rəsulzadə ilə bağlı sərəncam versə də, onu icra etmədi. Bu istiqamətdə heç maraq da göstərilmədi. Rəsulzadənin 130 illik yubileyi yalnız demokratik düşərgə qeyd etdi. Milli Şura bir neçə tədbir düzənləndi.

– Gündəmdə olan daha bir mövzu AŞ PA-da “Maqnitski qanunu”nun qəbulu zamanı Azərbaycandan olan nümayəndə heyətinin Rusiyadan olan həmkarları ilə birgə qanunun əleyhinə səsverməsidir. Bunun səbəbi nə idi? Hakimiyyəti bu qanunun qəbulundan çəkindirən nədir? 

– Azərbaycan nümayəndə heyətinin bu qanuna qarşı çıxacağı əslində gözlənilən bir addım idi. Çünki Azərbaycan hakimiyyəti yaxşı bilir ki, Azərbaycanda insan haqları adına heç bir dəyərə hörmət edilmir. Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasına dair yüzlərlə hesabat var. Ölkəmiz bu istiqamətdə Avropa Şurasına edilən müraciətlər baxımından liderdir. Azərbaycan hakimiyyəti gözəl bilir ki, insan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiqi gözləniləndir. Ona görə rusiyalı həmkarları ilə birgə bu qanunun qəbuluna qarşı səs veriblər. Demokratik, insan haqlarına hörmət edən ölkənin nümayəndə heyətinin ağlına belə bir addım atmaq fikri gələ bilməz. Hakimiyyət bu qanuna qarşı getməklə Azərbaycanda insan haqlarının qorunmadığını bir daha sübut etmiş olur. Normal ölkələrdəki hakimiyyətlər insan haqlarının pozulmasını qəbul etmədiklərindən bu qanuna qarşı çıxmayıblar. Yalnız Azərbaycan hakimiyyətinin bu istiqamətdə problemi olduğundan bu cür fəaliyyət göstərir. Azərbaycan hakimiyyəti bununla açıq şəkildə “Maqnitski qanunu”nun ona qarşı tətbiq olunacağından narahatlıq keçirdiyini göstərdi. Belə bir qanunun qəbul olunmasını biz təqdir edirik. Əminik ki, bir çox azərbaycanlı məmurlara qarşı bu qanunun tətbiq olunmasının şahidi olacağıq.

“Hakimiyyət Ukraynadan sonra növbənin Azərbaycana çatacağından narahatdır”

 – AŞ PA-da Ukraynada baş verənlərlə bağlı bu ölkəyə qarşı sanksiyanın da tətbiq olunması gündəmə gəlib. Qərara alınıb ki, vəziyyətin normallaşdırılması üçün Ukrayna hakimiyyətinə 2 ay vaxt verilsin. Amma Azərbaycan hakimiyyəti bu qanun layihəsinin də əleyhinə çıxıb. Bunu necə izah etmək olar? Bir çox ekspertlər Azərbaycan hakimiyyətinin bu mövqeyini Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlanacağından çəkinməsi ilə izah edir…

– Bəli, bir çox siyasi ekspertlər hesab edir ki, Ukraynadan sonra Azərbaycan Avropa Birliyinin gündəminə gələcək. Bu zaman dünya birliyinin diqqətinə məhz Azərbaycanın Avropa ailəsinə tam hüquqlu üzv kimi qəbul olunması çatacaq. Hakimiyyəti də məyus edən o məqamdır ki, Ukraynadan sonra Azərbaycan birmənalı şəkildə gündəmə gəlir. Bu zaman isə Azərbaycanda da Avropa Birliyi ilə əməkdaşlıq problemlərinin həllinin gündəmə gəlməsi reallığa çevriləcək. Ona görə də Azərbaycan hakimiyyəti demokratik dünyanın ağlına gəlməyən məsələlərə qarşı çıxır.

Xəyal