Əbdürrəhim bəy Haqverdiyev müsavatçı olubmu?

Əski müsavatçılar haqqında danışarkən onların sırasında adları çəkilənlərdən Azərbaycanın görkəmli yazıçısı Əbdürrəhim bəy Haqverdiyevdir.

Bu cür düşünməyə rəvac verən isə Haqverdiyevin Zaqafqaziya seyminin üzvlüyünə namizədliyinin Müsavat tərəfindən irəli sürülməsidir.

Görkəmli yazıçının Zaqafqaziya üzvlüyünə namizədliyi Müsavatdan irəli sürülüb, amma onun üzvü kimi yox, bitərəf kimi.

Əbdürrəhim bəy Gürcüstan parlamentinin də üzvü seçilmişdi, o dövrün bəzi qəzetləri həmin vaxt onu “Hümmət”çik imi qələmə verirdilər.

Amma yazıçı buna da etiraz etmiş, “Qruziya” qəzetinə məktubunda yazmışdı: “Mən heç vaxt Müsavat partiyasının üzvü olmamışam və indi də üzvü deyiləm”. Eləcə də mən Hümmət partiyasının da üzvü deyiləm. Həqiqətdə mən Hümmət partiyasının nəşrlərində iştirak edirəm, lakin mənim iştirakım ədəbi məzmunlu və partiyanın proqramı ilə ümumi əlaqəsi olmayan məqalələr çap etməklə məhdudlaşır”.

Maraqlıdır ki, Haqverdiyev həmin məktubunda sol sosialist partiyalara rəğbətini açıq-aydın yazır, sonra da əlavə edirdi ki, xalqın xoşbəxtliyini məhz həmin partiyaların proqramlarının həyata keçirilməsində görür. 

Bir sözlə, Haqverdiyevin adının müsavatçı olmuş şair və yazıçıların siyahısında göstərilməsi yanlışdır. 

Əli bəy Hüseynzadə Mirzə Cəlilə niyə təşəkkür etmişdi?

Keçən əsrin əvvəllərində “Füyuzat” dərgisi ilə “Molla Nəsrəddin” jurnalı arasındakı fikir ayrılıqları, Əli bəy Hüseynzadə ilə Mirzə Cəlil arasındakı düşüncə atışmaları haqqında çox yazılıb, çox danışılıb.

Indinin özündə də “Füyuzat”la “Molla Nəsrəddin”i qarşı-qarşıya qoymağı çox sevirlər, bəzən bu qarşılaşdırmalar xeyli irəli gedir, iki nəşri və onun yaradıcılarını az qala bir-birinə düşmən kimi göstərmək səviyyəsinəcən davam edir.

Bu günlərdə Mirzə Cəlilin hekayələrindən ibarət kitabı nəşrə hazırlayarkən bəzi qaynaqlara göz atmaq ehtiyacı yarandı. Diqqətimi maraqlı bir fakt çəkdi: Əli bəyin Mirzəyə təşəkkürü. Bəli, bəli, təşəkkürü!

Məsələ burasındadır ki, Mirzə Cəlil Marağalı Zeynalabdinin farsca yazılan “Səyahətnameyi-Ibrahimbəy” romanından bir parçanı dilimizə çevirir və “Molla Nəsrəddin” jurnalında da həmin romanın motivləri əsasında çəkilən şəkillərə geniş yer ayırır.

Əli bəy Hüseynzadə 1906-cı ildə (11 iyun) “Həyat” qəzetində “”Molla Nəsrəddin”ə təşəkkür” başlıqlı məqalə dərc etdirir, orada həm Mirzənin tərcüməsini, həm də “Səyahətnameyi-Ibrahimbəy” romanı əsasında çəkilən şəkilləri yüksək dəyərləndirir.  

Deməyim odur ki, Roma papasından artıq katolik olmağa ehtiyac yoxdur.

“Füyuzat”la “Molla Nəsrəddin”i qarşılaşdırıb üstünlüyü bunlardan birinə verərkən digərini xor görmək, birini yüksəltmək üçün digərini aşağılamaq yersizdir.

Bir halda ki, onlar hər nə qədər fərqli yollardan yürüsələr, fərqli üslublardan, fərqli baxışlardan çıxış etsələr də, sonda onları birləşdirən amal – millətin yüksəlişi, tərəqqisi, maariflənməsi eyni idisə, bu səbəbdən də yeri gəldikdə hətta bir-birlərinə təqdir, təşəkkür mədəniyyəti sərgiləməyi bacarırdılarsa, indi onları ancaq bir-birinə düşmən, bir-birinə yad və yağı göstərmək artıqdır.

“Studentlər” qayıdır

kultura.az saytı öz missiyasına sadiq qalaraq, vətəndaşlarımızın maariflənməsi, elmin, mədəniyyətin, sənətin təbliğ olunması üçün yeni və maraqlı təşəbbüslə çıxış edib.

Kitabın təbliğini özünün ən böyük vəzifələrindən biri olaraq görən sayt, Azərbaycanın görkəmli yazıçısı, ziyalısı, ictimai-siyasi xadimi Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanı mövzusunda yazı müsabiqəsi elan edib. “Studentlər” romanı Azərbaycan ədəbiyyatında, romançılığında mühüm hadisə olsa da, müəyyən səbəblərdən dolayı təbliğ edilməyib.

Elə saytın müsabiqəni elan etməkdə məqsədi də Azərbaycanın görkəmli klassikini bir daha cəmiyyətə tanıtdırmaq, onun həm mövzu, həm də Azərbaycan romançılığı baxımından unikal əsərini yenidən gündəmə gətirməkdir.

Müsabiqəyə qatılmaq istəyənlər onun şərtləri ilə bu linkdən tanış ola bilərlər:

http://kultura.az/articles.php?item_id=20140128070349906&sec_id=1