“Ya tamam yan, Azərbaycan!”

Başqa vaxtlar “yan, yan Azərbaycan” deyirsiniz, hətta “tamam yan Azərbaycan!” hayqırırsınız, amma bir-birinin ardınca  azərbaycanlılar özünü yandırdıqca təəccüblə, çaşqınlıqla “nə baş verir?!” deyə sorğu-sual edirsiniz. Başa düşməməli nə var burada? Hər şey gün kimi aydındır.

Buyurun, sevdiyiniz şeir, fəxr etdiyiniz şairin qürurla söylədiyiniz misraları hər şeyi deyir:

Bəsdir fəraq odlarında kül ələndi başımıza,

Qalx ayağa, ya azad ol, ya tamam yan Azərbaycan!

Azərbaycanlı da Azərbaycan kimidir, ya azad olmaq istəyir, ya da tamam yanmaq istəyir. Baş verənlərə izah tapmaq üçün psixoloqa, sosioloqa, politoloqa, mollaya, baxıcıya üz tutmayın, onların diferensial izahları, terminləri, əlləm-qəlləm yozumları sizə çox şey deməyəcək, təəccübünüz özünüzə qalacaq. 

Şair hər şeyi deyib! Bilirsinizmi nəyi deyib? Bu günlərdə çağımızın müdriklik rəmzi Səyavuş Novruzov tarixi bir açıqlama verdi. Bəyan etdi ki, istəsələr, Azərbaycan ordusu Irəvanı da alar. Güldünüz bir az, “bəs onda Qarabağı niyə almırsınız?” deyib bəlkə ağladınız da, amma unutdunuz ki, elə bir adam bu ölkəyə ağıl öyrədəndə, yol göstərəndə Azərbaycan tam yanmaq məqamına gəlib çıxır. 

Qarabağ döyüşçüsünün qanını batırdılar. Bunu da yalan deyirik bəlkə? Bu da radikal müxalifətin uydurmasıdır? Bəs yanmazmı Azərbaycan?

Hakimiyyət atadan oğula keçəndə, yaltaqlıq yal olub boğazlara keçəndə bilməli idiniz ki, məhz şairin dediyi seçim gələcək. Ya azad olmalısan, ya da yanmalısan. Saxta və yaltaq duyğularınıza necə hopduraq ki, bütün bu uzun illərdə biz sizə yalnız bunu izah edirdik. Deyirdik ki, baş əydiyiniz kölgə alovun kölgəsidir və bütün bir xalqı yandıra bilər.

Biz bütün bu illərdə içimiz yana-yana onu deyirdik ki, müasir dövrdə bu yolla gedən ölkəni neft bolluğu da xilas edə bilməz. Burada ədalət ölüb, məhz ədalət! Ədalət ölübsə, lənətlənmişik və bizi hər cür bəla gözləyir.

Yalan hər gün 24 saat rəsmən ölkəyə yayılır və hakimdir. Siz yalanın mövcud olduğu bir ailənin sağ-salamat davam etdiyini gördünüzmü? Bəs 10 milyon insanın ölkəsi necə davam edə bilər bu qədər yalanla?!

Insan azad ola bilmir axı. Haqqını ala bilmir, ədaləti bərpa edə bilmir, sözünü eşidən yoxdur. Qarnını doyura bilmir, xəstəliyini müalicə etdirə bilmir, borcunu verə bilmir, ya da borc tapa bilmir. Sürünür, yaltaqlanır, əzilir, yaxud qüruru ilə yaşamağa çalışır. Hərə bir cür yaşamağa çalışır… Amma bəzən də yürümür həyatı. Sadəcə davam etmək mümkün olmur. Sən öz hayındasan, bilmirsən axı başqası nə çəkir. Birdən elə bir an gəlir ki, artıq çəkə bilmir insan üstündəki yükü. 

Şeir deyəndə guruldayırsınız, əl çalırsınız, qəlbiniz alovlanır. “Qalx ayağa, ya azad ol, ya tamam yan Azərbaycan!” – deyirsiniz. 

Amma görürsünüz ki, bu insanlar, bu cəmiyyət ayağa qalxır, azad ola bilmir və yanmaq yolunu tutur. Baş verənlərin sadə sirri budur. Özünüzü nadanlığa vurmayın, 21-ci əsrdə ağalıq yaşaya bilməz, dövlətlə hoqqabazlıq etmək olmaz. Çağ azadlıq və demokratiya əsridir. Başqa cür yaşamaq yolu yoxdur, olmayacaq da. “Azadlıq”, “demokratiya”, “müasirlik” sadəcə gözəl sözlər deyil, yaxşı yaşamağın üsuludur, doğru yaşamağın formasıdır. Bu qaydalardır, yeganə faydalı qaydalardır.  

Bütöv bir xalqın sərvətlərini talayıb, respublika quruluşlu bir ölkəni padşahlıq kimi idarə edib, yalançı rəqəmlərlə inkişaf düzəldib, çağın tələblərinin qarşısını ala bilməzsiniz. “Hər şeyi qara görməyin” deyərək artistlik etməyin, belə davam edə bilməz. Ədalət yoxdursa, yalan hakimdirsə, hər şey qaradır artıq. Bakı bulvarında zibil qutularını qızıldan da qoysanız, bu qaraları gizlətmək mümkün deyil. Çünki insan bu ölkədə qaranlıqdadır, boğulur və yaşaya bilmir. Bəzən də özünü yandırıb işığa çıxmaq istəyir və siz təəccüblənirsiniz. Amma hamı da başa düşür ki, azadlığın düşmənləridir bu ölkənin insanını yandıran. 

Məhəmməd Hüseyn Şəhriyar elə həmin şeirində deyir:

Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!