Dövlət Gömrük Komitəsinin sədri işçilərini topa tutdu
«Bura kompüterdə oynamağa, telefonla danışmağa gəlirlər. Sizə heç bir rütbə, təltif düşmür. Bu dövlət üçün əmək sərf etməmisiniz»
“Mənim iradım əsasən şöbə rəislərinədir. Beş ay bundan əvvəl rütbə almış adamlar yenə rütbə istəyir”. Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2013-cü ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası ərəfəsində bildirib (publika.az).
Komitə sədrinin sözlərinə görə, il ərzində heç bir iş görməyən adamlar təltif olunmaq, rütbə almaq istəyirlər. “Onlar elə adamlara ağız açdırırlar ki, gülməli gəlir. Halbuki bura kompüterdə oynamağa, telefonla danışmağa gəlirlər. Sizə heç bir rütbə, təltif düşmür. Bu dövlət üçün əmək sərf etməmisiniz”, – deyə o, vurğulayıb.
Bəzi iddialara görə, Aydın Əliyevin bu tənqidləri Dövlət Gömrük Komitəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxslərə yönəlib.
Aydın Əliyevdən əvvəl bu komitənin sədri Kəmaləddin Heydərov idi. O, fövqəladə hallar naziri təyin ediləndən sonra da Dövlət Gömrük Komitəsini nəzarətində saxlayıb.
Lakin son vaxtlar bu qurumun artıq “fövqəlnazir”in nəzarətindən çıxarılması prosesinin başlandığı barədə məlumatlar yayılır. Həmin məlumatlarda bildirilir ki, hakim ailə Dövlət Gömrük Komitəsini öz nəzarətinə keçirir. Kəmaləddin Heydərovun kadrı Aydın Əliyevin də artıq hakim ailənin çətiri altına keçdiyi iddia olunur. Həmçinin bildirilir ki, Aydın Əliyevə komitəni “fövqəlnazir”in adamlarından təmizləmək tapşırılıb.