Hakimiyyətin Rəsulzədə tələsi

Yadınızdadır üstümüzə necə gəlirdilər, əli qələm tutan yazırdı, danışa bilən danışırdı. Fərman bir-iki ay əvvəl verilsəydi, yəqin ki, bizi döyməyə qalxardılar. Bəxtimizdən fərman bir az gecikdi və onun icrası istiqamətində heç bir addım atılmaması üzərimizdən “qara buludları” qovmağa başladı. Üstümüzə gələnlər də get-gedə bunun bir blef olduğunu, özlərinin isə tələyə düşdüyünü anladılar. Anladılar ki, iqtidarın Rəsulzadə adlı nəinki qapısı, heç bacası da yoxdur ki, oradan içəri keçəsən. Əksinə, bu arxası beton olan, azacıq aralanmış qapı şəklidir. Yəni bir kobud kamera şakasıdır, var gücünlə içəri keçmək istəyəndə başın betona dəyib şişməyə başlayır və yalnız o anda öz-özünə deyirsən ki, ilahi, mən nə qədər də axmaq adamam. Kamera şakasından (zarafatından – X.Ə.) fərqli olaraq, buna səni kimsə təhrik etmir, özün cumursan, elə bilirsən ki, içəridə səni, – bir Məmmədəmin Rəsulzadə və Heydər Əliyev aşiqini ənam, təltif gözləyir. Yalnız baş betona dəyən hissəsi badımcan boyda şişəndən sonra yadına düşür ki, Rəsulzadə-Heydər Əliyev yolu deyə bir şey yoxdur, boşuna həvəslənmisən. Və yenidən ramedilməz YAP-la baş-başa qalırsan.

Ilham Əliyevin Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin dövlət səviyyəsində qeyd olunması haqda fərmanından sonrakı ilk iki həftə vəziyyət təxminən bu cür oldu. Hədəf isə Milli Şura, AXCP, “Azadlıq” qəzeti və əlbəttə ki, Əli Kərimli oldu. Bu kampaniyaya kimlər qoşulmadı ki… Əliyev rejimindən qaçaraq, Isveçrədə sığınan siyasi mühacirdən tutmuş, tanınmış müxalifətyönlü yazarlara qədər hər kəs bu dörd hədəfi artileriya atəşinə tutdu. Mən o yazarların və qəzetin adını çəkməklə bir həftə əvvəl qəbul etdiyim(!) “moratorium”u pozmaq niyyətində olmasam da, yəqin ki, oxucular söhbətin nədən getdiyini anladılar. “Qəşəng” sitatlar gətirmək olardı, amma neyləyək, “moratorium”um  buna imkan vermir. Özünüz tapın, oxuyun… 

Gələk Ilham Əliyevin məlum fərmanının büdcədən maliyyəşən strurkturlar tərəfindən “icra” edilməsinə. AMEA-nın Tarix Institutunun keçirdiyi yubiley (buna yubiley demək olarsa – X.Ə.)  istisna olmaqla, 31 yanvara qədər, demək olar, heç bir tədbir keçirilmədi. Şərqdə ilk demokratik dövlətin banisinin xatirəsi, Əliyevlər və Paşayevlər ailəsi ilə qohumluq əlaqəsi olan bir professor və incəsənət xadiminin ildönümündən də sönük keçdi. Əslində fərman var idi, nazirliklər, ali məktəblər, orta məktəblər bu tədbiri keçirməkdə sərbəst kimi görünürdülər. Amma buna getmədilər, obarazlı desək, bunu ən yaxşı halda avantüra(!), ən pis halda isə tələ hesab etdilər. Bunu rejimin içərisində olan, qəlbində hələ də  Rəsulzadə sevgisi gəzdirənlərin identifikasiyası(aşkar edilməsi…) kimi dəyərləndirdilər. Fikirləşdilər ki, xeyir ola, iki “kruqlu data” (110 və 120 ildönümü) heç xatırlamadılar, iqtidar mətbuatında və telekanallarda kiçik bir süjet belə vermədilər, indi görəsən nə olub bunlara? Olmaya bizi sınağa çəkirlər?.. 

Hətta YAP belə nə edəcəyini bilmədi, partiyadan dedilər ki, biz prezidentin fərmanını dəstəkləyirik, amma yubiley tədbirlərinə əlahiddə qatılacağıq. Yəni çalışdığımız yerlərdə, kollektiv olaraq belə bir tədbirə qatılmaq mümkündür, ancaq partiya olaraq, bunu qeyd etməyəcəyik, ehtiyac görmürük. Razılaşın ki, “müxalifətlə dialoq mümkündürmu?” sualına YAP rəsmiləri daha aydın, daha konkret cavab verirdilər. Maraqlıdır, prezidentin ən uzaq qohumunun qarşısında saatlarla “Qaytağı” oynamağı özünə şərəf bilən funkisionerlər onun bu fərmanına soyuq yanaşdılar. Halbuki Rəsulzadənin Azərbaycan dövlətinin qurucusu olduğunu, 1993-cü ilədək YAP-ın banisi, mərhum Heydər Əliyevin dilindən dəfələrlə eşitmişik. Varisi Ilham Əliyev də fərmanı ilə “yaşıl işıq” yandırdı. Ildə onlarla, üstəlik dövlət resurslarını da cəlb etməklə mənasız tədbir keçirən YAP isə bu “işə” “qarışmamaq” qərarı verdi. Ilham Əliyev incisə də, büruzə vermədi (bu cümləni zarafat üçün yazdım, təlaş keçirməyin, YAP-çı yoldaşlar – X.Ə.)…

Ədalət naminə deyək ki, hakimiyyətin Rəsulzadəyə isti münasibətinə heç ehtiyacımız da yoxdur… Təsəvvür edin, oliqarx-nazir böyük Məmmədəmin Rəsulzadənin heykəli önünə əklil qoyur və baş əyərək, deyir: “Atam, izindəyik, sizə yaxın olmaq üçün hətta Novxanıda villa belə tikdik”… Əksinə, böyük öndərin ruhunu sakit buraxdığına görə onlara, Cəmil müəllimin sözü olmasın, bir “tramvay altında qalmış sağ ol” düşür…