“Hara baxır bu ölkənin başçısı?”

Ölkəni bürüyən intiharlarla bağlı Əli Kərimlidən kəskin reaksiya

AXCP sədri Əli Kərimli ölkəni bürüyən intiharlara, konkret olaraq isə yanvarın 29-da daha bir Qarabağ qazisinin özünü yandırmasına reaksiya verib və ölkə başçısını, hökuməti kəskin şəkildə qınayıb. Əli Kərimli Facebook səhifəsində yazıb:

“Bu ölkədə nələr baş verir? 2014-cü il başlayandan ölkədə az qala hər gün bir nəfər intihar edir. Dünən daha bir II qrup Qarabağ əlili Maarif Vəliyev Bərdə rayon icra hakimiyyətinin binası önündə özünü yandırıb. Hazırda xəstəxanadadır. Qarabağ qazisi özünü yandırma səbəbini belə izah edib: “Hüququmu tələb elədim, ancaq ala bilmədim. Mənim üçün axırıncı yol bu idi…”. Hara baxır bu ölkənin dövlət başçısı, hökuməti, saxta parlamenti? Niyə insanların çarəsizlikdən ölümü gözlərinə almaları bu adamları narahat etmir? Niyə heç bir dövlət orqanında bu ardıcıl intiharlar ciddi müzakirə olunmur? Anlamırlarmı ki, bu intiharlar (xırda istisnalarla) təkcə insanların çarəsizliyindən, heç bir dövlət orqanının, vəzifəli şəxsin onların problemlərinə diqqət göstərməməsindən xəbər vermir, həm də hüquqsuz cəmiyyətdə aqressiyanın, qəzəbin, kinin artmasının anonsunu verir? Dostlar, mən özümüzün, demokratik düşərgənin də baş verənlərə reaksiyasını adekvat hesab etmirəm. Nə siyasi dairələrdə, nə mətbuatda, nə də sosial şəbəkələrdə baş verənlər ciddi müzakirə olunmur. Sanki toplum olaraq biz də bu çarəsizlikdən doğan kütləvi intiharlarla artıq barışmışıq. Vəziyyəti dəyişmək lazımdır. Milli Şuraya da təklif edəcəm ki, insanların sosial problemləri fəaliyyətimizin əsas prioriteti olsun. Dəhşətli hadisələrə, intiharlara isə qətiyyən alışmaq olmaz, hətta onlar hər gün baş versə də”.