Böyük sözlər böyük insanlar kimidir. Üstündən uzun zaman qatarı keçər, rüzgarlar alıb mövsümdən-mövsümə atar, amma yaddaşlardan silib apara bilməz. Bahar-qış yaşıl-yaşıl durar ağlımızın bir yerində eləcə. Böyük sözlər həm də böyük insanların həyata, dünyaya, insanlığa baxışlarının dəyər ifadəsidir. Müdriklər deyir ki, hər kəsin dəyəri sözünün dəyəri qədərdir.
Və o iki unudulmaz misra tarixə əbədi olaraq böyük bir vətən sevdalısının – Məhəmməd Əmin Rəsulzadənin dilindən düşəcəkdi:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Uzun illər bu misraların əsl müəllifinin adını belə bilən olmayıb. 37-ci illər qasırğasında Sibir çöllərində məhv edilən, yazdıqları it-bata düşən bu gənc şairin yenidən “doğulmasına” məhz o iki misra əsas verdi. Böyük Məhəmməd Əminin öz yazılarında dönə-dönə bəhs etdiyi, dilindən düşürmədiyi o misraların müəllifi Gültəkin imzalı Əmin Abid idi. Sonradan tarixin qaranlıq səhifələrinə işıq düşəndə onun adı da aydınlığa çıxacaq, hətta Türkiyə mühacirətçiləri şeirlərini toplayıb “Buzlu cəhənnəm” adı ilə kitab nəşr edəcəkdilər. Amma o yenə könüllərdə əbədi iz qoymuş həmin iki misra ilə qalacaqdı. Şeriyyət baxımından çox sadə görünən o iki misraya zaman üçün dəyər qazandıran böyük Rəsulzadə idi. Bu mənada onu həmin misraların ortaq müəllifi belə hesab etmək olar.
Bir dava adamı olan Məhəmməd Əmin həm də Azərbaycan ədəbiyyatının, şairlərimizin gözəl bilicisi idi. Nizami kimi klassiklərimizin, istiqlal şairləri olaraq gördüyü Məhəmməd Hadinin, Hüseyn Cavidin, Əhməd Cavadın, Abdulla Şaiqin başqa bir yeri vardı onun həyatında. Onun yazılarında dövrünün qurbanı olmuş bir çox qələm sahiblərinin adları keçir. Sibir sürgünlərində vəfat etmiş Əli Yusifin, mühacirət ədəbiyyatının nümayəndələrindən olan Sənanın, Yaycılı Kərimin və başqalarının adlarını ilk dəfə məhz onun yazılarında duymuşuq çoxumuz. Amma Gültəkin böyük öndər üçün istiqlal marşı yazmış kimi dəyərli bir imza idi. Elə ona görə də, o iki misra əsrdən-əsrə, nəsildən-nəsilə keçib bu gün də dilimizə əzbər oldu. Böyük liderin sona kimi bu ölkə ilə bağlı verdiyi mücadilə və qurduğu xəyallar da gerçəkliyə çevrildi. Sonunda o gözəl ölkə “duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşdu”. Heç şübhəniz olmasın ki, bu gün böyük öndərin açdığı cığırla gedən, bu yolda məhrumiyyətlər yaşayan və həbsxanalara düşən insanların da o işıqlı günləri görməsinə çox qalmadı! Bu misralar da o müqəddəs yolda yürüyən dava adamlarına salamımız olsun!
Gül bağçası bir ölkə
Uzun sürməz bu sürgün gecələr,
bu açıq havaya, səmaya, işığa,
gəlmiş yasaq,
ey buzlaqlar, qaranlıqlar ölkəsinin
günəş gözlü Fərhadları,
sabah sizin gülən gözlərinizdən doğacaq.
Ey məhbəs köşələrində
zaman tunelinə günəş saatı asanlar,
yüz yol qalxıb od püskürən
qəlbindəki vulkanların külündən,
axı dar ağaclarında əcəlin ipini kəsmiş,
meydanlarda tankların burnunu əzmiş,
Əzrayıl əlində böyümüş adamlar,
nə qorxacaq ölümdən…
Hələ azadlıq ağacları göyərməyən
bu quraq mövsümlərdə
dodaqlarınız çatlamış deyə
yağmurlu buludlar qeybə çəkilmiş deyil,
yerin dibinə batmış deyil göy üzü,
hələ üfüqlər mavi, ay canlı,
ulduzlar sapasağ,
və bilin, sizin dəmir qandallarda qanamış,
acı tikanlar dalamış külüng əllərinizdən
insanlıq adına
gül bağçası bir ölkə qurulacaq!