Hakimiyyət “Maqnitski qanunu”ndan qorxdu

AŞPA-da Azərbaycanın 6 deputatı bununla bağlı qətnamənin əleyhinə səs verdi

Leyla Yunus: «Azərbaycanlı deputatların qətnamənin əleyhinə səs verməsi, Rusiyadan sonra siyahıda Azərbaycanın adının olması ilə əlaqədardır»

AŞ PA-da “Sergey Maqnitski” məsələsi ilə bağlı səsvermə keçirilib. Bu barədə informasiyanı REAL təmsilçisi Erkin Qədirli “facebook”dakı statusunda paylaşıb. Qeyd edək ki, “Maqnitski qanunu” ayrı-ayrı ölkələrdə insan haqlarını pozan vəzifəli şəxslərə qarşı tətbiq olunur. Rusiyanın ən başağrıdan insan haqları problemi ilə bağlı ABŞ Konqresində qəbul olunan qanundur.
E.Qədirli AŞ PA-da keçirilən səsvermə ilə bağlı yazır: “AŞ PA-da səsvermə adbaad olub, odur ki, kimin necə səs verdiyi bilinir. ”Sergey Maqnitski məsələsi”ylə bağlı qətnamə qəbul olunub. Səsvermənin rəqəmsal nəticələri: 151 səs – lehinə, 25 səs – əleyhinə və 10 səs – bitərəfdir. Əleyhinə səs verənlərin 16-sı Rusiya deputatlarıdır. Qalan 9 nəfərin 6-sı isə Azərbaycan deputatlarıdı”.
Göründüyü kimi insan haqları ilə bağlı qanunun qəbul olunmasına etiraz edənlərin əksəriyyəti Rusiya və Azərbaycan deputatlarıdı. Hər iki ölkədə avtoritar sistem olduğu, hər iki ölkədə insan haqları tapdandığı üçün, hər iki ölkənin deputatları buna etiraz edib. Hətta səsvermə zamanı da Azərbaycan hakimiyyətinin təmsilçiləri insan haqlarına, demokratik idarəetməyə nə qədər qarşı olduqlarını sübut edirlər.
Azərbaycan və Rusiya deputatlarının qətnamənin əleyhinə səs verməsini hüquq müdafiəçisi Leyla Yunus belə şərh etdi: “Çox yaxşı ki, bu qətnamə qəbul olundu və bu istqamətdə yaşıl işıq yandırıldı. Deməli, ”Maqnitski qanunu” işləyəcək və gələcəkdə hədəf digər avtoritar ölkələr olacaq. Indiki halda isə Rusiyadan sonra siyahıda Azərbaycanın adı gəlir. Çünki ən çox siyasi məhbusu olan, həbsxanada işgəncə ilə ölənlər, insan haqlarının vəziyyətinin pis olduğu ölkə Azərbaycandır. Ona görə də Rusiya və Azərbaycan deputatlarının qətnamənin əleyhinə səs verməsi başadüşüləndir və təbii qarşılanmalıdır. Bu qətnamənin qəbul olunması Azərbaycandakı vətəndaş cəmiyyəti üçün də müsbət haldır və onlar bu qanunu əsas tutaraq fəaliyyət göstərə bilərlər”.

Akif