Lap məşhur atalar sözündə deyildiyi kimi, “Saqqalımız yoxdur, sözümüz keçmir”. Indi isə saqqalı olanlar istəyirlər, onların sözü keçsin. Həm də hərfi mənada saqqalı olanlar. Məsələ burasındadır ki, dünən “Meşə qardaşları” və “Ceyşullah” adlı terror təşkilatları sosial şəbəkələrdə Azərbaycanda cihad çağırışları yayıblar.
Mən bilmirəm, bu haqda xəbər nə qədər doğrudur, Əliyevçi rejimin Qərbi daim radikal islam, dini ekstremizm təhlükəsi ilə şantaj etdiyini nəzərə alsaq, adam bir az inanmaq da istəmir. Belə informasiyalar YAP-çıların işinə yarayır, onların Qərb diplomatları ilə bağlı qapılar arxasındakı söhbətlərdə təkrarlamağı sevdikləri “biz hakimiyyətdən getsək, Azərbaycan şəriətçilərin əlinə keçəcək” bəhanəsini qüvvətləndirir.
Digər tərəfdən isə unutmaq olmaz ki, hüquq və azadlıqların olmadığı, çağdışı yöntəmlərlə idarə olunan, milli iradənin keçərli sayılmadığı, demokratiyanın heç bir təməl ilkəsinin işləmədiyi ölkələr üçün həmişə bu cür təhlükələr, qorxular var. Sivil, siyasi mübarizə imkanlarını toplumun əlindən alarsansa…
Hər kəsi bir adamın iradəsinə tabe etdirmək üçün fərqli fikirliliyi, siyasi müxtəlifliyi yox edərsənsə, sonda onun əziyyətlərinə, özü ilə gətirdiyi faciələrə və fəlakətlərə də qatlaşmağı bacarmalısan.
Çox yox, cəmi iki gün öncə yazmışdım: “…18 yaşlı Ömər Məmmədov adlı aktivisti də narkotiklə şərlədilər. Beləcə, həbsxanada xaricdə təhsil alan, aydın, çağdaş düşüncəli gənclərin sırası bir az da sıxlaşdı. Biz yazmaqdan yorulduq, amma yaptokratlar anlamamaqdan yorulmadılar: hər belə həbs içi YAP-çıların özü qarışıq, bütünlükdə Azərbaycan üçün qorxulu gələcək vəd edir. Hər bir bilgili, müasir təfəkkürlü insanın ictimai-siyasi meydandan həbslə, mühacirətlə, zorakılıqla boşaldılan yerini sonra kimlərin tuta biləcəyini hesablamaq lazımdır. Meydanı çağdaş, uyğar, layiq-dünyəvi, sivil mübarizə adamlarından təmizləmək o meydanı sabah, birigün hər cür ekstremizmə açıq güclərin, qrupların doldurmasına imkan yaratmaqdır. Azərbaycana bu qədərini qıymayın, cənablar!”
Indi iki dinçi terror təşkilatının Azərbaycanda cihad çağırışını oxuyandan sonra “gördünüz, biz deyirdik axı” şəklində reaksiya verməkdən uzağam. Çünki bu yazdıqlarımda qeyri-adi, uzaqgörən heç nə yox idi. Ağlı başında olan hər kəs yaxşı başa düşür ki, Azərbaycanda siyasi fərqliliklərə total nifrət, çağdaş dəyərlər uğrunda mübarizə aparan insanları kütləvi cəzalandırmaq hansı perspektivi vəd edir, kimlərin işinə yarayır, kimlərin önünü açır.
Bəyəm azadlıqları boğmağın…
Demokratiyanın önündə qaya parçasına çevrilməyin…
Hüququ çeynəməyin…
Aydınlıq və azadlıq istəyən uyğar insanları həbsxanalara doldurmağın…
Bir ölkəni “Asdığım asdıq, kəsdiyim kəsdik” düşüncəsi ilə, “Burda mənəm, Bağdadda kor xəlifə” zehniyyəti ilə idarə etməyin sonda şiddətin, zorakılığın, terrorun “çörəyinə yağ sürtməkdən” başqa bir şeyə yaramayacağını anlamaq üçün insandan üstün zəka, fövqəl ağılmı tələb olunur?
Siz zülmü, işgəncəni, ədalətsizliyi, haqsızlığı idarəetmə tərzi və təfəkkürünə çevirdikcə, bir gün başqalarının da çıxıb sizinlə eyni dildə danışa biləcəyinə hazır olmalısınız. Necə deyərlər, “külək əkən fırtına biçər”.
20 il öncəyədək biz müstəqilliyin bu ölkəni azad dünyanın bir parçasına çevirəcəyini…
Bəşəri dəyərləri bu torpaqlar üzərində əgəmən qılacağını düşünərkən, bu gün düşdüyümüz vəziyyətə baxın:
Yüzlərlə vətəndaşımız Suriyada “mücahidliklə” məşğuldur.
Biz burada dinçi terror qruplarının hədələrini dinləyirik.
Dörd yanımız cinçıxaranlar, ələmuçuranlar.
Şeyx Nəsrullahların geridönüşü.
Bütün ümidini mollalara, falçılara, ulduz fallarına bağlayan on minlər, yüz minlər.
Bir sözlə, cənab YAP-çılar, yaratdığınız gerçək “Yeni Azərbaycan” əsəridir bu.
Fəxr edə bilərsiniz özünüzlə. Və əsərinizlə.
Pis alınmayıb!