Ah, bizim bu uşaqlar!

«Bizim kişilər» və «bizim qadınlar» mövzusundan «bizim uşaqlar» diskursuna

“Bizim kişilər” və “bizim qadınlar” mövzusunda yazılar, müzakirələr və sosial şəbəkə qeydləri hələ də bitib tükənmir. Bəzən qeybət səviyyəsinə düşür bu söhbətlər, bəzən dava-dalaş həddinə çatır. Hətta elə yazılara rast gəlirik ki, oradakı fikirləri 10 il əvvəl oxumuşuq. Amma o da var ki, bu mövzuda müzakirələr heç dayanmayacaq da. Dəyişməyən toplum dəyişməyən diskurslar deməkdir. Bununla belə, bu qadınlar və kişilər mövzusunu hərdən uşaqlara tərəf yönəltmək pis olmazdı. Necə deyərlər, sabahın qadınları və kişilərinə tərəf!

Bizim uşaqlar bizim kişilərin və qadınların sadəcə törəmələri deyil. Həm də mahiyyətə və düşüncə keyfiyyətlərinə görə də onların burnundan düşür. Düzdür, məşhur deyimdə olduğu kimi, onlar həm də “zəmanələrinin uşaqlarıdır”, amma zəmanə də köklü dəyişmirsə, onlar daha çox kişilərimizin və qadınlarımızın uşaqları olaraq qalırlar.

Bəzən sizi dəhşət bürüyürmü? Gənc bir oğlan və ya qız pırıl-pırıl yaşında bəyənmədiyimiz qocalar kimi düşünür. Bu halda onlar məni yaşlılardan daha çox sıxır. Haradandır bu qocalıq onlarda? Ilk baxışdan Mirzə Cəlilin dediyi “saqqallı uşaqlar” da deyillər. Kompüterin altından girib üstündən çıxırlar, aralarında savadlıları da var; hətta xaricdə oxuyub gələnləri də bəzən elə düşünür, elə danışır ki, adamın ağzı əyilir. Müasirlikdən uzaq, feodal ictimai baxışlar, müti, hər cür ictimai maraqları ayaqlanmasına normal baxan, şəxsi qazancdan uzağı düşünməyən, azadlıqlar biganə, bəşəri dəyərlərə tərs, yalançı vətənpərvərlik, nadan və cahil… Sanki məntiq itir. Necə ola bilər, məgər savad da, təhsil də acizdir?

Istənilən universitetə gedin, testlə yüksək bal toplayıb ali məktəbə girən uşaqları müasirlik testindən keçirin, dəhşətə gələcəksiniz, onların ciddi bir hissəsi potensial olaraq müdiriyyətin Hafiz Hacıyevin mitinqinə apardığı yeniyetmələrdir. Bu təzadı necə izah edəcəksiniz? Ali məktəbə girəcək qədər savadı olan uşaqlar niyə müdiriyyətin yolladığı istənilən yerə gedəcək böyüklər qədər “yaşlıdır”?

Nə üçün onlar yaşadıqları bataqlığın fərqində deyillər? Niyə az sayda başqa yaşıdları kimi onlar duruma etiraz etməyi bacarmırlar? Tutalım, başqa həmyaşıdları kimi qorxuya qalib gələ bilmirlər, təhlükə xəttini keçə bilmirlər, bəs düşüncələri niyə o cür təhlükəlidir. Şübhə yoxdur ki, onlar sabah asanlıqla rüşvətxor məmur, üzə duran polis, seçkini saxtalaşdıran müəllim, xəstəyə “firma dərmanı” yazan həkim, ömrünü kəsib prezidentinə qurban verən yaltaq “ştatlarında” başqalarını əvəz edəcəklər. Bu illərdə TV-lərdə qədərincə alovlu gənc paytaxt sakinləri görmədikmi?!

Bəli, Azərbaycanda amansız bir siyasi rejim var, amma biz bu uzun illərdə müqavimət göstərmişik, mübarizə aparmışıq, son nəticəyə vara bilməsək də, qapalı və ya qismən qapalı cəmiyyətin yaranmasına imkan verməmişik. Tənqidçi mətbuatı saxlamışıq, yeni nəsil ədəbiyyat təmsilçiləri meydana çıxıb, sosial şəbəkələrdə yüzlərlə adam hakimiyyəti sərt şəkildə ələşdirə bilir. Kitablar müzakirə edilir, çox sayda düşüncə müzakirələri gedir, dünyada nə baş verdiyini öyrənmək çətin deyil, başqa ölkələrlə fərqimizi anlamağa kifayət qədər məlumat və mənbə var. Amma yetişən uşaqların böyük bir qismi düşüncəsindən zinhar olduğumuz yaşlılardan fərqlənmir…

Bunun ciddi səbəbləri olmalıdır. Bunun aydın bir izahı olmalıdır. Bilməliyik ki, bizim bu uşaqların ciddi bir qismi niyə mövcud rejimin uşaqları kimi böyüyür. Qadınların və kişilərin qarasınca yazarkən arada bu barədə də düşünməyimizə dəyər.