Şeyx ittihamlara cavab verdi – EKSKLÜZİV

“Yazılanlar hamısı hədyandır, böhtan və iftiradır”

“Əllərində fakt varsa, cəsarətləri çatırsa, öz adları ilə ortaya çıxıb bunu bəyan etsinlər”

“Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdir”.
APA-nın məlumatına görə, bunu dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, son vaxtlar belə hallar artıb: “Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir”.
Şeyx Qazılər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: “Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur”.
Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib: “İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”.
Allahşükür Paşazadənin bu açıqlamalarından sonra özünü “Fətullah Gülən sevdalıları” adlandıran qrupun elektron poçt ünvanından bəzi KİV-lərə, o cümlədən “Azadlıq”a Şeyxlə bağlı məktub göndərilib. “Fətullah Gülən sevdalıları” bəyan edib ki, QMİ sədrinin nurçuların adını vəhhabilərlə bərabər çəkməsi onları qəzəbləndirib. Məktubda Allahşükür Paşazadə xarici ölkələrədən, xüsusilə vahhabilərdən Azərbaycanda məscid tikintisi üçün maliyyə almaqda ittiham olunub.
Allahşükür Paşazadə məsələ ilə bağlı “Azadlıq”a eksklüziv açıqlama verib. Şeyx deyib ki, tədbirdə verdiyi açıqlamalardan sonra bəzi dini məzhəblər tərəfindən QMİ-yə 
qarşı təzyiqlər olacağı gözlənilirdi: “Mən bunu tədbirdə də dedim. Bilirdim ki, mənə qarşı təzyiqlər olacaq, hədyan sözlər yazılacaq. Lakin mən narahat deyiləm, heç nədən qorxmuram. Çünki yazılanlar hamısı hədyandır, böhtan və iftiradır. Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən qüvvələr var. Onlar burada təxribat törətməyə çalışırlar. Ayıq sayıq olmaq lazımdır. Mən dini tolerantlığa qarşı deyiləm. Amma bir Şeyx kimi radikalizmi qəbul etmirəm. Xalqın balalarını şinikləndirici vədlərlə döyüşə göndərmək din deyil. Onların çoxu cavandır, çox şeyi görməyiblər və məni yaxşı tanımırlar. Onlar əsl şəhidliyi görməyiblər. Mən 30 ildən artıqdır Şeyxülislamam. 20 Yanvar faciəsində şəhidlərimizin canından necə keçdiyinin canlı şahidi olmuşam. Radikalimz, din adı altında fitnə-fəsa törətmək dövlətə qarşı yönəlmiş hərəkətdir”.
QMİ sədri ona qarşı hücumların davam edəcəyini ehtimal edir: “Hesab edirəm ki, bu hələ başlanğıcdır. Barəmdə belə hədyanların davamlı olacağını gözləyirəm. Hesab edirəm ki, sağlam mətbuat bu cür fitnələrə uymamalıdır. Əgər yazdıqları doğrudursa, öz adları ilə ortaya çıxsınlar, hüquq-mühafizə orqanlarına müraciət etsinlər, araşdırma aparılsın və həqiqət üzə çıxsın”.
Şeyx bildirib ki, o yazılanlara bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətində deyil: “Mənim belə fitnə-fəsadları araşdırmağa, onlara cavab verməyə nə vaxtım var, nə də həvəsim. Bir daha deyirəm ki, əllərində fakt varsa, cəsarətləri çatırsa, öz adları ilə ortaya çıxıb bunu bəyan etsinlər”.