Ölüm üçün nə qədər könüllü var?

Əslində, intihar mövzusu haqqında tez-tez yazmağın əleyhinəyəm. Bunun insanları daha da stimullaşdırdığı anlamına gəldiyini düşünürəm. Amma deyəsən ölkədə artıq bu məsələnin ipi əldən çıxıb. Kim yaşadığı mühitin eybəcərliklərindən cana yığılır və dərdləri ilə baş edə bilmirsə, o ipi boğazına keçirib həyatına son qoyur. Indi biz durub yüz dəfə “aman, canınıza qıymayın, bu çıxış yolu deyil” bağırsaq də faydasız. Çünki problem çox ciddi və səbəbləri xeyli dərindir. 

Yeni ildən bəri az qala hər gün xəbəri gələn intiharların motivi əsasən bənzərdir, deyəsən hər kəs xoşbəxtlik arxasınca “o tərəfə” gedir. Bu xoşbəxtliyin formulunu isə heç bilən yoxdur. Sadəcə, hər kəs mütləq mənada orada əzabların bitəcəyini xəyal edir. Dünyanın ən intellektual rəssamı  hesab etdiyim Van Qoqun bir fikrini xatırlatmaq istəyirəm: “Bədbəxtliyim sonsuza qədər sürər”. O bunu ölüm yatağında olduğu zaman söyləmişdi. Van Qoqun yaşadığı XIX əsr də böyük təlatümlər dövrü idi və bir sənətkar üçün belə zamanda yaşamağın cəhənnəm əzabları vardı. Rəssamın həyatı da zorluq və acılarla dolu idi. Çevrəsində baş verən haqsızlıqlar, intiharlar onun ağlını oynatmasına kifayət qədər əsas vermişdi. Əslində isə, onun dəliliyi yaşadığı mühitdə hər kəsdən daha ağıllı və fərqli olmasından irəli gəlirdi. Həyatı göründüyü kimi deyil, olduğu kimi görən, “yalnız rəsm boyadığı zaman özünü canlı hiss edən”, “sarısız və narıncısız mavi rəng” olmadığını anlayan biri üçün həyat tam başqa tabloydu. “Əsərlərimə qəlbimi və ruhumu qoyuram, bunu edincə də ağlımı itirdim” deyən dahi rəssam da 37 yaşında psixoloji sarsıntılara dözməyib intihar etdi. Onun ağıllı və ya dəli olmasını ayırd etmək üçün sadəcə ömrünün son 70 günündə yağlı boya ilə çəkdiyi 70 tablonun bir neçəsinə baxmaq yetər.

Son günlər intihar etmiş gənclər arasında diqqətimi daha çox cəlb edən Texniki Universitetin tələbəsi Etibar Imaməlizadənin sosial şəbəkələrdə yazdıqlarına göz gəzdirdim. Gəncin intellektual səviyyəsi fikirlərində açıq ortaya çıxır. Çox acınacaqlıdır, 19 yaşlı bir tələbə “Beyin analizi” adlı qrup, “Beyin mərkəzi” adlı səhifə yardır və sonra xoşbəxtliyin ölümdə olduğunu düşünüb intihar edir. Özünəqəsd həm də arxada müəmmalar, şübhələr buraxıb getməkdir. Tarix boyunca elə bir intihar hadisəsi tapılmaz ki, onun motivləri ilə bağlı ən azı 3-4 fərziyyə meydana çıxmamış olsun. Etibarın ölümündən sonra belə fikirlərin yayılması təsadüfi deyildi. Mətbuatın yazdığına görə, dostları onun başqaları tərəfindən döyüldüyünə və asıldığına inanır. Doğrudan da, əsl gerçəyin harada gizləndiyini kim bilir?

Səbəblərə gəlincə. Məşhur psixoloqların qənaətinə görə, depressiya və intiharların əksəriyyəti yaşayış tərzinin, çevrənin, mühitin mənfi təsirlərindən yaranır. O baxımdan, üzünəqəsdlərin artmasında bir çox amillər rol oynayır. Bunun qarşısını almağın ən uğurlu yollarından biri sağlam çevrədə yer almaqdır. Mühüm araşdırmalara görə, ayrı-ayrı təşkilatlarda, qruplarda, cəmiyyətlərdə birləşmiş və enercili fəaliyyətlərlə məşğul olan gənclər arasında intihar hadisələrinə çox az rast gəlinir. Bunun çox sadə bir səbəbi var: dostluq və yoldaşlıq mühitində çətinliklərin, problemlərin, stresslərin öhdəsindən gəlmək daha asan olur, nəinki təkbaşına. 

Həqiqətən, yaşadığımız mühitdə ölmək üçün yetərli qədər səbəb var. Amma bu heç də, xalq arasında deyildiyi kimi, “havayı kəndir tapmışam, özümü asım” anlamına gəlməsin. Məncə, “könüllü ölüm” yalnız böyük ideyalar uğrunda seçildiyi və şəhidlik dərəcəsinə yüksəldiyi halda dəyərlidir. Baxaq, bu ölkədə belə “könüllü ölüm”ə hazır olan neçə nəfərik?